Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı və Abşeron yarımadasında ekoloji vəziyyət məyusedicidir

44 Baxış

“Qlobal iqlim dəyişikliyi təbii olaraq, ölkəmizdən də yan keçməyib. Təhlükəli atmosfer hadisələrinin artması, “Tornado”ya oxşar fırtınaların yaranması, ardıcıl​ isti günlərin sayının çoxalması və s. iqlim dəyişmələrinə dəlalət edir”.

Turanmedia.az xəbər verir ki, bunu iqlimşünas Məhərrəm Mehdiyev TNS-in iqlim dəyişiklikləri, onun yaradacağı fəsadlar, içməli suyun və çimərliklərin ekoloji durumu ilə bağlı sualına cavabında deyib.

meherremmehdiyev

Mütəxəssisin fikrincə, Bakı şəhərinin bu mənada daha da pis vəziyyətə düşməsi qaçılmazdır: “Çoxmərtəbəli binaların kiçik ərazilərdə sıx şəkildə tikilməsi, yaşıllıq ərazilərin azalması, yeni tikilən binalarda mərkəzi havalandırma və isitmə sistemləri əvəzinə, hər bir mənzildə​ ayrılıqda həmin sistemlərin quraşdırılması onsuz da artan temperatura əlavə istiliklər verir”.

O bildirib ki, suların çirkləndirilməsi bəzi yerlərdə davam edir: “Su ilə bağlı standartlar təsdiq olunduqdan sonra mənzillərə​ verilən suyun əvvəlkindən nisbətən təmiz gəldiyini müşahidə etmişəm”.

İqlimşünas çimərliklərdə ekoloji problemin əksər halda insan faktorundan qaynaqlandığını vurğulayıb: “Dəniz təbiətən öz suyunu təmizləməyə çalışır. Biz insanlar isə çimərliyə gedərkən bilərək və ya bilməyərək öz hərəkətlərimizlə ətrafımızı çirkləndiririk. Səliqəli insan dincəldikdən sonra tullantıları yığışdırıb, zibil qabına yerləşdirdikdə diqqət etməlidir ki, külək əsəndə ətrafa dağılmasın və gözəl dənizimizi çirkləndirməsin. Ancaq bəzi insanlar nəinki buna diqqət edir, heç tullantıları da yığışdırmır. Bu adamlar xüsusiyyətlərini hamımızın sağlamlığı və ekologiyamız üçün mütləq dəyişməlidirlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli TNS-ə deyib ki, qlobal iqlim dəyişmələri insan yarandığı, təbiətə ziyan vurduğu vaxtdan başlayıb.

qorxmazibrahimli

“Tarixdə dəmirin, tuncun və digər maddələrin kəşfləri ilə sənayeləşmə artdıqca təbiət zərər görüb. Daha çox karboksidlər çoxalmaqdadır. Amma bu proses milyon ildir, başlayıb. Ən azından sənayeləşmə yüz illərdir, davam edir. Xüsusilə, 20-ci əsrdən etibarən dünya alimləri qlobal istiləşməni müşahidə etməyə başladılar. 1990-cı illərdə BMT bu məsələyə ciddi diqqət ayırdı, Kyoto, Paris konvensiyaları qəbul edildi. Bu tədbirlər yalnız qlobal istiləşməni qismən durdura bilər, qarşısını tam almaq mümkün deyil”, – o bildirib.

Birlik sədri qeyd edib ki, bu proses Azərbaycandan da yan keçmir: “Misal olaraq, Çernobıl hadisəsini qeyd edə bilərik. Ukraynada baş verən Çernobıl fəlakəti Azərbaycana da təsir etdi. Yaponiyada nüvə reaktorunun partlaması Avropaya qədər hiss olundu. Təbiətdə – litosferdə, biosferdə və bütün qatlardakı proseslər bir-biri ilə əlaqəlidir. Hazırda dünyada buzlaqların sayı azalmaqdadır. Azərbaycanın da az olan daimi buzlaqlarının sahəsi kiçilir. Ümidvaram ki, insanların ekologiyaya kütləvi şəkildə şüurlu yanaşmasından sonra müsbətə doğru nəticələr olacaq. Lakin hazırda bu, proqnozlaşdırılması mümkün olmayan prosesdir”.

Qorxmaz İbrahimlinin fikrincə, Azərbaycanda vəziyyət fərqlidir: “10 milyon nəfər əhalinin 5 milyona qədəri Bakı və Abşeron yarımadasında məskunlaşıb. Xüsusilə, müstəqilliyin ilk illərindən demoqrafik tarazlıq pozuldu. Bunun da əziyyətini indi dövlət çəkir. Bakı və Abşeron yarımadasında ekoloji vəziyyət olduqca məyusedicidir. Sovet dönəmində Abşeron yarımadası və Sumqayıtda ciddi ekoloji problemlər yaradıldı. Şükürlər olsun ki, həmin ərazilərdə dövlət təmizləmə işləri aparır”.

Ekspert xatırladıb ki, içməli suyun keyfiyyətinə görə ölkəmizdə Su Ehtiyatları Dövlət Agentliyinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məsuliyyət daşıyır. “Təbii ki, əhaliyə verilən içməli su ekoloji cəhətdən yoxlanılır. Amma içməli suyun tərkibindəki mineralların yetərli olub-olmaması xüsusi məsələdir. İstənilən halda insanlar içməli suda diqqətli olmalıdırlar”.

Çimərliklərdəki vəziyyətə gəlincə, ekspert bildirib ki, çimərliklərdə suyun təmizliyi normal deyil: “Bir çox çimərlik ödənişlidir. Halbuki çimərliklər birmənalı şəkildə ödənişsiz olmalıdır. Yalnız xidmət ödənişli ola bilər. Çimərliklərə gediş-gəlişlə bağlı nəqliyyat problemləri var. Həmçinin əhalinin müəyyən hissəsi çimərlikləri ekoloji cəhətdən çox bərbad hala salır”.

O qeyd edib ki, fəsillərin necə keçəcəyini öncədən proqnozlaşdırmaq çətindir: “Qışın sərt keçəcəyini indidən söyləmək çox çətindir. Ölkəmizdə fəsillər stabil formada davam edir. Nəzərə almaq lazımdır ki, Bakı yarımsəhra şəhəridir. Buna görə də qışın sərt olacağına inanmıram. Əhalimizin buna görə təlaşlanmasına səbəb yoxdur. Lakin təbii ki, qışda Bakıda bir neçə həftə qar yağması çox faydalı ola bilər. Bu, Bakının ekoloji durumuna müsbət təsir edər. Arzu edək ki, payızda və qışda yağıntıların miqdarı çox olsun ki, torpağın da nəmliyi lazımı səviyyəyə çatsın”.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev isə TNS-ə bildirib ki, qlobal iqlim dəyişmələri özünü son 30 ildə daha kəskin büruzə verir: “Bu, qlobal səviyyədə orta temperaturların 1 dərəcədən çox artması, quraq ölkələrdə yağıntıların azalması, təhlükəli hidrometeoloji hadisələrin kəskinlik dərəcələrinin artması ilə müşahidə edilir. Son dövrlərdə güclü küləklərin çoxalması, intensiv yağışlar, dolu yağması və çayların tez-tez daşması kimi təbiət hadisələri Azərbaycanda da baş verməkdədir. Müntəzəm olaraq, ölkəmizdə orta illik temperaturun 1,4 dərəcə artması, yağıntıların 10-15 faizədək azalması müşahidə olunur”.

rafiqverdiyev

Rafiq Verdiyev qeyd edib ki, iqlim dəyişikliyinin əsas səbəbi sənaye ölkələrində parnik qazlarının, xüsusilə karbon və metal qazlarının atmosferə buraxılmasıdır.

“Problemin qlobal miqyas alması da bununla bağlıdır. Quraq ölkələrdə temperatur daha da yüksəlir. Şimal ölkələrdə isə buzlaqların əriməsi ilə ərazilər su altında qalır. Bu amilləri nəzərə alaraq, hələ ötən əsrdə Kyoto protokolu imzalanmışdı. Daha sonra 2016-cı ildə Paris, ən yaxın keçmişdə Qlazqo razılaşması reallaşıb. Burada əsas sənaye ölkələri olan ABŞ , Çin, Rusiya və Yaponiya tərəfindən zərərli qazlarla bağlı öhdəliklərin yerinə yetirilməsi və nəticədə temperatur artımını maksimum 1,5 dərəcədə saxlamaq məcburiyyəti var. Bu, mümkün olmadıqda isə artımın maksimum 2 dərəcəyə qədər saxlanması nəzərdə tutulub. Bu kimi tələblər sənaye ölkələrinin qarşısında vəzifə kimi dayanır”.

Nazirlik rəsmisi deyib ki, ərazisində ekologiyaya ziyan vuran qazların az miqdarda olmasına baxmayaraq, Azərbaycan həmin qazların miqdarının tənzimlənməsinə dair öhdəlik götürüb: “Biz həmin qazların 30 faizə qədər azalmasını qarşıya qoymuşduq. Bu zaman xüsusilə enerji istehsalında mazut əvəzinə, təbii qazdan istifadə etməklə müəyyən irəliləyişlərə nail olmuşuq. Eyni zamanda ölkədə bərpa olunan enerji mənbələrindən istifadəyə geniş yer verilib. Bu kimi digər tədbirlərlə öhdəliklərimizi lazımınca yerinə yetiririk. Qlazqodakı razılaşmada bildirmişdik ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə zərərli qazların hətta 40 faizə qədər azaldılmasına nail ola bilərik.

Bu prosesdə uyğunlaşma tədbirləri də var. Azərbaycan BMT-nin Ətraf mühit və inkişaf proqramı ilə əməkdaşlıq edərək, milli iqlim dəyişmələrinə aid plan hazırlayır. Bu plan bir çox sahəni əhatə edir. Azərbaycanda İqlim dəyişmələri ilə əlaqədar olaraq komissiya fəaliyyət göstərir. Suvarma-damcılama metodlarından istifadə etməklə, kənd təsərrüfatında iqlimə uyğun məhsullar yetişdirməklə və digər tədbirlərlə su itkilərinin qarşını almaq istiqamətində işlər görülür. Başlıca məqsədimiz odur ki, iqlim dəyişmələri ilə bağlı gələcəkdə ölkəmizdə vəziyyət mümkün qədər stabil olsun. Həmçinin, Xəzər dənizində suyun səviyyəsinin azalması sahilyanı ərazilərə mənfi təsir göstərir. Həm neft, həm də böyük sənaye ölkələri ekoloji öhdəliklərini vaxtında icra etməlidir. Bununla yanaşı, uyğunlaşma tədbirləri bütün ölkələrdə aparılmalıdır”.

Bünyamin Bünyadzadə

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678