Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənilər tarixi yaddaşımızı silmək üçün bizə böyük faciələr yaşadıblar” – VİDEO

42 Baxış

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı olub.

O, doğulub boya-başa çatdığı Amasiya rayonunun Qaraçanta kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanın hər bir dilbər guşəsi kimi Amasiya rayonu da əzizdir, doğma el-obadır:

“Bizim rayonumuz Türkiyə ilə sərhəd idi. Kəndimizdəki yüksəkliklərdən baxanda Türkiyənin Qars bölgəsinin yaşayış məntəqələri aydın görünürdü. Kəndimizin adı əvvəl Qaraçanta olub. Lakin sonradan bu ad dəyişdirilib, Əzizbəyov adlandırılıb. Kəndimizin təbiətini, özünəməxsus soyuq iqlimini, insanlarımızı, adət-ənənələrimizi indi də ruhumda yaşadır, xoş hisslərlə xatırlayıram. Əsasən uşaqlıq illərimin keçdiyi o el-oba, evimiz, yurd yerimiz hər zaman mənim üçün doğmadır, əzizdir”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən söhbət açan T.Rüstəmxanlı deyib ki, ata babası Cəfər kişi türk qızı ilə evləndiyi üçün o dövrdə daim təzyiqlərlə üzləşib, həbs edilərək sürgünə göndərilib:

“Ata nənəm Şahnisə xanım türk qızı idi. Onun bütün ailəsi, valideynləri Qarsda yaşayırdılar. Babam Cəfər kişi Şahnisə xanımla evlənəndən sonra daim təqib olunub, təzyiqlərlə üz-üzə qalıb. Bir müddət sonra ona şər atıblar ki, guya Türkiyədəki qohumlarımızdan biri gecə ilə kəndimizə gəlib, orada yanğın törədib, kolxozun mülkünə ziyan vurub, sonra da geri qayıdıb. Bu cür saxta, heç bir dəlil-sübutu olmayan ittihamla Cəfər babamı həbs edib sürgünə göndəriblər, orada da öldürüblər. Babamın sürgünündən sonra Şahnisə nənəm böyük məşəqqətlərə məruz qalıb. Ana babam Əlibəy də İrəvanın sayılıb-seçilən insanlarından olub. Onu da 1937-ci ilin repressiya illərində həbs edərək öldürüblər, həyat yoldaşını – nənəmi sürgün ediblər. Anamı öz anasından ayıranda onun cəmi yeddi yaşı olub. Deyirdi ki, anam məndən ayrılmaq istəmirdi, əlləri ilə əllərimi möhkəm sıxdığından dırnaqları ovcumun içinə batmış, iz qoymuşdu. Sonralar anam öz anasını hər dəfə xatırlayanda əllərini ovuşdurur, sanki, o səhnələri yenidən yaşayır, ağrı-acını daim ürəyində hiss edirdi. O vaxt anamı və bacı-qardaşlarının hərəsini bir uşaq evinə veriblər. Sonradan böyük xalam ailənin qalan üzvlərini ətrafına toplayıb, onlara sahib çıxıb. Şahnisə nənəmin sağlığında çox çalışdıq ki, onu Türkiyədə yaşayan bacı-qardaşları ilə görüşdürək. Lakin 1970-ci illərdə bu, çox çətin idi. Aidiyyəti dövlət qurumlarına müraciət etdik, icazə sənədi almaq üçün illərlə gözlədik. Şahnisə nənəmi bacı-qardaşının həsrəti öldürdü. Nənəmin vəfatının yeddinci günündə icazə sənədini bizə təqdim etdilər. Nənəmə qismət olmadı doğmalarını görmək, amma atamı yolladıq gedib qohumlarımızla görüşdü”.

T.Rüstəmxanlı deyib ki, ermənilər tarixi yaddaşımızı silmək üçün Qərbi Azərbaycan türklərinə böyük faciələr yaşadıblar:
“Nənəm danışırdı ki, qulağıkəsik Andranikin quldur dəstələri Amasiyada kəndlərimizi talan edib, insanlığa qarşı böyük vəhşiliklər törədiblər. Biz bu vəhşiliyin nümunəsini 1992-ci ildə Xocalı soyqırımında gördük. Ermənilər Xocalıda azərbaycanlılara qarşı hansı vəhşilikləri etmişdilərsə, 1918-ci ildə də onun eynisini ediblər. 1988-ci il hadisələrində azərbaycanlı uşaqları dəmir borulara salıb ağzını qaynaqlayıb qətlə yetiriblər. Dinc insanlarımıza çoxsaylı işgəncələr veriblər, onları öz el-obasından didərgin salıblar”.

T.Rüstəmxanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətindən, Qərbi Azərbaycan İcmasının və onun Amasiya rayon icmasının fəaliyyətindən də söhbət açıb. Mənəvi gücün və dayağın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev Qərbi azərbaycanlıların Vətənə qayıtmaq ümidini artırıb. T.Rüstəmxanlı deportasiya olunmuş qadınların hüquqlarına dair Avropada konfrans keçirəcəklərini də dilə gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678