Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MÜQƏDDƏS İSLAM DİNİNƏ YALNIZ VƏ YALNIZ İLAHİNİN BUYURDUĞU KİMİ ƏMƏL ETMƏK LAZIMDIR!

82 Baxış

Aləmlərin Rəbbi olan Uca Allah-Təala(c.c) müqəddəs İslam dinini pak göylərdə elm və məhəbbət ilə yoğuraraq tər-təmiz şəkildə yerə endirib onu mübarək bəndəsi Həzrəti Məhəmməd peyğəmbərə(s.a.s) bəxş etdi və onu da bütün aləmlərə rəhmət olaraq seçib əmr etdi ki, bu cür bir İlahi gözəlliyi bəşəriyyətə yaysın. Müqəddəs Qurani-Kərim əvvəlki səmavi kitabların, İslam dini əvvəlki dinlərin və Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) isə özündən daha əvvəlki peyğəmbərlərin sonuncusudur. Demək olar ki, İslam dini, Qurani-Kərim və Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) yekun göndərilənlərdirlər. Onlar bizləri yeganə Allahın varlığından, onun heç bir şərikinin olmadığından; Cənnətin və Cəhənnəmin var olmasından; Qiyamət baş verəcəyindən və Axirət üçün hazırlıqlı olmağımızın vacib olmasından; gözəl əməllərimizə görə Allahın mükafatından müjdələyən və günahlarımıza görə isə Allahın əzabından xəbərdar edənlərdirlər!

İslam dininin 5 əsas şərti vardır: Namaz qılmaq, Oruc tutmaq, Həccə getmək, Zəkat vermək və Kəlimeyi-şəhadəti bilmək. Namaz insanın Allaha olan tam ibadətidir. Namazın əsas bir önəmi də ondan ibarətdir ki, hər əzan vaxtı namaz Allahı insana xatırladır. Namaz insanı saflaşdırır, həm mənəviyyatca və həm də ki, xaricən insanı gözəlləşdirir. Oruc da insanı həm mənəviyyatca və həm də ki, xaricən rahat edir. İnsan çox yeməkdən uzaqlaşır, vücudu gözəl bir hala düşür. Peyğəmbərimizin(s.a.s) Cənnətlik səhabəsi olan Həzrəti Ömər(r.a) buyurmuşdur: “Çox yemək qəlbi daşlaşdırar və şəhvəti artırar”. Oruc olarkən, həm də ac insanların çəkdiyi daxili hissin nə olduğunu çox yaxşı dərk edirsən. Bundan əlavə, Peyğəmbərimiz(s.a.s) evlənməyə imkanı olmayan gənclərin oruc tutmasını tövsiyə etmişdir. Çünki, oruc insanı bir çirkin əməllərdən uzaqlaşdırır. Həcc ziyarəti də vacibdir. Müqəddəs Kəbə evini iki xeyirli peyğəmbər olan Həzrəti İbrahim(ə.s) və oğlu Həzrəti İsmayıl(ə.s) inşa etmiş və gözəl duaları ilə o evi daha da zinətləndirmişdirlər. Kəbə evi bütün dünya müsəlmanlarının qibləgahı sayılır. Önəmi və ziyarətinin savabı daha böyükdür. Zəkat daha çox varlılara məxsusdur. Çünki, müsəlman olan imkanlı bir kəs qazandığının dörddə birini Allah yolunda və onun adına kasıb əhaliyə paylamalıdır ki, Allah ona yenə də bəxş etsin. Çünki, sərvət Allahındır və onu yalnız dilədiyinə verər. Kəlimeyi-şəhadət isə müsəlman olmanın simvoludur. Yəni insan tez-tez bu müqəddəs kəlməni xatırlayaraq onu dilinə gətirib müsəlman olduğunu unutmur.

Bundan əlavə, əsil İslam dini necədir?! Baxın, həqiqi İslam dini belədir: Allaha inanasan, ona şərik qoşmayasan, onun varlığına iman gətirəsən; pis əməllər ilə məşğul olmayasan, faiz verməyəsən və faiz almayasan; yalan danışmayasan; qeybət etməyəsən, onun-bunun arasını vurmayasan, söz aparıb-gətirməyəsən; xainlik, paxıllıq, ikiüzlülük etməyəsən; simic, acgöz olmayasan; çörəyini paylaşmağı, ailəyə yaxşılıq etməyi, qohumluq bağlarını qoruyub saxlamağı, qonşun ilə Allaha xatir yaxşı davranmağı, dost-tanışına vəfalı olmağı, yaxşı günlərdə şükür etməyi və pis günlərdə isə səbrli olaraq asi olmamağı bacarmalısan; qumardan, zinadan, mərcdən, içki içməkdən, falçılıqdan və fala baxmaqdan uzaq olasan; vücuda əziyyət verməyəsən, artıq yeməkdən çəkinəsən! Həqiqi İslam dini budur və bunları da tələb edir. Allah bunlara riayət etmənin qarşılığında isə qiymətli bir mükafat olaraq müqəddəs Cənnəti müjdələyir.

Yoxsa, bu günümüzdə İslam dinini yuxarıdakı kimi deyil də, tamamilə əksinə olaraq tanıtdırırlar. İki cür İslam dini formalaşdırıblar: radikallıq ilə dolu İslam dini və xurafat, mövhumat ilə dolu olan İslam dini. Allaha çatmaq, Cənnətə daxil olmaq üçün kimisə öldürmək, haranısa partlatmaq olmaz, yaxud daşa-divara söykənib ağlamaq, ağaca yaylıq bağlamaq, özünü döymək lazım deyil. Bunlar Allahdan, dindən, Cənnətdən uzaq və Allahın lənətlədiyi əməllərdəndir. Bir daha qeyd etmək istəyirəm ki, Allahın dini elm, sülh və məhəbbət dinidir. Radikallıqdan, xurafat və mövhumatdan birmənalı olaraq uzaqdır.

Allah bizləri bu dünyada imanlı, inamlı etsin! Allah bizləri onu qəzəbləndirən əməllərdən çəkindirsin və bizi ona səbirsizlik edərək istəmədən asi düşəcəyimiz sınaqlara çəkməsin! Ulu Allahdan vətənimizə və millətimizə uğur, nailiyyət, müvəffəqiyyət, ruzi-bərəkət, əmniyyət, ailə səadəti, xoşbəxtçilik və firavanlıq arzulayıram!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678