Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“PEYĞƏMBƏRLƏR ATASI” SAYILAN VƏ “XƏLİLULLAH” – “ALLAHIN DOSTU” ADLANAN HƏZRƏTİ İBRAHİM PEYĞƏMBƏR(Ə.S)

128 Baxış

“PEYĞƏMBƏRLƏR ATASI” SAYILAN VƏ “XƏLİLULLAH” – “ALLAHIN DOSTU” ADLANAN HƏZRƏTİ İBRAHİM PEYĞƏMBƏR(Ə.S)

 

Həzrəti İbrahim peyğəmbər(ə.s) peyğəmbərlər atası idi. Çünki, bəşəriyyətin tanıdığı, iman gətirdiyi və adlarını qəlblərdə, xatirələrdə yaşatdığı bir çox məşhur nəbilər məhz sırf Həzrəti İbrahim Xəlilullahın(ə.s) mübarək nəsli-şərifindən idilər. Həzrəti İbrahim peyğəmbərin(ə.s) gələcəkdə Allahın elçisi olacaq iki müqəddəs övladı var idi: Həzrəti İsmayıl(ə.s) və Həzrəti İshaq(ə.s). Müsəlmanların peyğəmbəri olan Həzrəti Məhəmməd Mustafa(s.a.s) Həzrəti İsmayıl peyğəmbərin(ə.s) şərəfli soyundan idi.

 

Həzrəti İbrahim peyğəmbərin(ə.s) doğulduğu Mesopotamiyanın Babil, Şumer, Akkad və Assuriya adlanan dörd böyük şəhəri var idi. Mesopotamiya yaxın şərqdə sivilizasiyanın və mədəniyyətin ən başlıca mərkəzi idi. Əslində, qədim Mesopotamiya indiki İraq ərazisidir. Həzrəti İbrahimin(ə.s) vətəni isə Mesopotamiyanın Babil şəhəri idi. Qədim Babil şəhərində Nəmrud adlı bir kral var idi ki, əstəğfürullah, o, özünü Tanrı elan etmişdi. Falçılar ona bir uşağın doğulacağını və həmin uşağın onun səltənətini başına uçuracağını bildirmişdilər. Bundan qəzəblənən allahsız Nəmrud Babil şəhərində yeni doğulan bütün günahsız uşaqların qətlinə birmənalı olaraq fərman verdi. Əslində, falçıların xəbər verdiyi həmin uşaq Həzrəti İbrahim peyğəmbər(ə.s) idi. Bundan xəbər tutan atası Azər İbrahimi və anasını şəhərdən uzaq bir mağaraya apardı. Həzrəti İbrahim(ə.s) orada doğuldu, ağıl-kamal sahibi oldu. Əlbəttə ki, onu yeri-göyü yaradan Allah seçmiş və uşaq ikən, artıq onu fərqləndirmiş və mükafatlandırmışdı.

Həzrəti İbrahim(ə.s) böyüdü, gənclik mərhələsinə çatdı. Doğulduğu Babil şəhərinə gələrək azğın, bütpərəst camaatı bir olan Allaha inanmağa, cansız daş parçalarına səcdə etmək ilə alçalmaqdan əl çəkməyə dəvət etdi. Təbii ki, bütün peyğəmbərlərin rastlaşdığı itaətsizlik ilə o da rastlaşdı. Onu “Sehrbaz”, “Dəli”, “Yalançı” adlandırdılar. Eynilə müxtəlif ümmətlərin öz zəmanələrində yaşayan peyğəmbərləri bu cür adlandırdıqları kimi. Bunu deyim ki, Həzrəti İbrahim peyğəmbər(ə.s) peyğəmbərlər içərisində ilk dəfə bütləri qıran, heykəlləri dağıdan bir nəbi idi. Allahın ona salamı olsun! O, qudurğan kral olan Nəmrud ilə üz-üzə gəldi, ona Allahı başa salmağa çalışdı. Amma Nəmrud onu dinləmədi, həbsinə və daha sonra isə oda atılmasına fərman verdi. Əlbəttə ki, Allahın qoruduğu kimsəni heç kim öldürə və Allahın himayə etmədiyi kimsəni isə heç kim qoruya bilməz. Babil şəhərinin tam ortasına böyük bir od qalandı. Babil xalqının gözü qarşısında Həzrəti İbrahim peyğəmbəri(ə.s) mancanaq vasitəsilə həmin odun içərisinə atdılar. Bu an Uca Allah-Təala(c.c) insanları vahimələndirərək alovlanan oda buyurdu: “Ey od! İbrahimə qarşı sərin və zərərsiz ol!” Bu müqəddəs söz “Ənbiya” surəsinin 69-cu ayəsində öz əksini tapmışdır. Beləliklə, Allahın müqəddəs izni və istəyi ilə, o od, həqiqətən də, Allahın elçisinə qarşı sərin və zərərsiz oldu. İnsanlar, xüsusilə kənardan hadisəni izləyən Nəmrud buna çaşıb qaldılar. Amma nə yazıq ki, Allahın bu möcüzəsi də onların qəlbini şirkdən, qaranlıqdan aydınlığa, işığa çıxartmadı. Həzrəti İbrahim peyğəmbər(ə.s), həyat yoldaşı Sara və qardaşıoğlu Həzrəti Lut peyğəmbər(ə.s) Allahın əmri ilə hicrət edərək Babil şəhərini tərk edərək oradan əbədiyyən uzaqlaşırlar. Onlar Fələstin torpaqlarına üz tutdular.

 

Bundan sonra, Allahın ağır qəzəbi, İlahi bəla Babil şəhərinin və xalqının üzərinə zühur edir. Şəhəri xəstəlik öz ağuşuna alır. Bir vaxt əyləncədən, səs-küysən cuşa gələn şəhər indi səssizliyə, qəmə və fəryada qərq olmuşdu. Milçəklər şəhərə hücum etmişdi. Onlar hər evə daxil olurdular. Balaca bir milçək kral Nəmrudun sarayına daxil oldu, Nəmrudun üzərinə hücum etdi və onu dəli etməyə başladı. Kral nə qədər çalışdısa da, onu özündən uzaqlaşdıra bilmədi. Saray mühafizəçilərinin üzərinə qışqırırdı ki, bu milçəyi ondan uzaqlaşdırsınlar, lakin Nəmrud kimi mühafizəçilər də Allahın göndərdiyi o milçəyin qarşısında aciz və zəlil qalmışdılar. Nəhayət ki, Allahın əmri ilə milçək Nəmrudun burnuna daxil oldu və burnundan isə beyninə yeriyərək onu öldürdü. Allahlıq iddiasında olan adamın son halına bir baxın! Sarayın ortasında sahibsiz şəkildə sərilib qalmışdı, gözləri açıq idi. Milçək də vəzifəsini görərək onun burnundan çıxıb getdi. Bəli, Allahın elçisinə lağ edən, onu məsxərəyə qoyan xalqın sonu belə gəldi. O da Babil ümməti idi, onların da hekayəsi həm əvvəlki və həm də ki, sonrakı ümmətlərin taleyi ilə oxşar idi.

 

Əcdadımız olan Həzrəti Adəmi(ə.s) xəlq edən, millətlər atası olan Həzrəti Nuh(ə.s) vasitəsilə bütün bəşəriyyəti xilas edib onlara yeni dünya bəxş edən, Həzrəti İbrahimi(ə.s) oddan qurtaran, Həzrəti İsmayılın(ə.s) qurban kəsilməsini haram edərək göydən bir qoç endirən, Həzrəti Eyyuba(ə.s) səbr bəxş edən, Həzrəti Yunisi(ə.s) nəhəng balığın qarnından sağ-salamat çıxardaraq xilas edən, Həzrəti Yusifi(ə.s) quyudan çıxardan, Həzrəti İsanın(ə.s) vasitəsilə ölüləri dirildən, Həzrəti Musanın(ə.s) vasitəsilə kafir fironu yerlə-yeksan edən və Həzrəti Məhəmməd Mustafanı(s.a.s) bütün aləmlərə rəhmət olaraq göndərən; pak və müqəddəs; şanı hər şeydən uca olan Allah-Təala(c.c) bizləri bu dünyadan imansız, dilimizdə mübarək “La İlahə İllallah” kəlməsi olmadan və onu tanımadan aparmasın! Bizlərin imanını kamil, qəlbini saf və halalı haramdan ayıran qılsın! Allah ölkəmizi, xalqımızı hifz etsin! Xalq olaraq ruzi-bərəkətimiz, uğurlarımız, nailiyyətlərimiz, müvəffəqiyyətlərimiz bol və tükənməz olsun! Kədərlərimiz, acılarımız geridə qalsın! Ailə səadəti, bəxtəvərlik, firavanlıq və xoşbəxtçilik üzümüzdən əskik olmasın! Amin!

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678