Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəblərdən gələn xoşagəlməz xəbərlər – nə baş verir?

21 Baxış

DİN məsələyə qarışdı, məlumatların bəziləri təsdiqini tapdı, bəziləri isə…
Son bir neçə gündür ölkənin müxtəlif yerlərində məktəblilərin döyülməsi faktları müzakirələrə səbəb olub. Belə ki, bir gün öncə sosial şəbəkələrdə şagirdin məktəbdə ağır xəsarət alması ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva məsələ ilə bağlı TV-lərə açıqlamasında çox pis olduğunu, övladının müalicə aldığını bildirib: “Hazırda övladım müalicə altındadır. 7 noyabrdan məlum məsələyə görə övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu bizim insanlıq borcumuzdur. Deyirlər, uşaqlar toqquşub. Kamera görüntüsü tələb etmişdim. Müstəntiqlə məktəbə baxarkən, akt zalında kameranın olmadığını gördük”.

Daha bir insident isə Xaçmazda baş verib. Belə ki, şəhərin 4 saylı tam orta məktəbində bir neçə gün öncə şagirdin regional təhsil idarəsinin müdiri tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb. Qeyd edilir ki, məktəbin 7-ci sinif şagirdi Nizam Mirzəyev Quba-Xaçmaz Regional elm və təhsil idarəsinin müdiri Rüfət Hacıyev tərəfindən döyülüb. Məlumata görə, hadisə Rüfət Hacıyev məktəbə yoxlamaya gələrkən baş verib. Regional idarənin Xaçmaz sektorunun müdiri İnqilab Musayev mediaya açıqlamasında bunun böhtan olduğunu bildirib: “Regional idarənin rəisi məktəbdə uşaq döyəndir?! Tam böhtandır. İndi uşağı məktəbdə nizam-intizama çəkmək, tənbeh etmək döymək sayılmalıdır?” Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.

Sabunçu rayonunda isə 7-ci sinif şagirdi həmyaşıdına küt alətlə xəsarət yetirib. Hadisə paytaxtın 75 nömrəli tam orta məktəbində qeydə alınıb. 7-ci sinifdə təhsil alan 2 şagird arasında tənəffüs vaxtı mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nahiyəsini cızıb. DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub: “Məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə araşdırma aparılır”.

Baş Prokurorluq da Bakıda 2-ci sinif şagirdinin məktəbdə aldığı xəsarətlə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır: “Hadisənin səbəbi və başvermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək”.

422708

Günel Səfərova

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova apardığı ilkin kiçik araşdırmanın nəticəsini Sfera.az-la bölüşüb. G.Səfərovanın sözlərinə görə, müəllim ciddi bir problem olmadığını düşünərək təcili tibbi yardıma müraciət etməyib:

“Bu gün adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik. Hadisə baş verən sinfin rəhbəri müəllimə Südabə Şükürova xanım hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır:

“Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib”.

Sədr bildirib ki, müəllimə qarşı inzibati tədbir görülüb və ona töhmət verilib: “Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən, onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olub. Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib.

Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personala bildirməli idi.

Məktəb rəhbəri nzibati tədbir görərək müəllimə töhmət verib.

İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.

G.Səfərova sonda media nümayəndələri və sosial şəbəkə istfadəçilərinə məsələyə həssas yanaşmaları üçün müraciət edib: “Dəyərli media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri, Sizin məsələyə həssas yanaşmanız təqdirəlayiqdir və əminəm ki, məlumatların verilməsində uşaq mənafeyini əsas tutacaqsınız. Nəzərə almalıyıq ki, bu məsələdə yanaşmamız problemin həlli olmalıdır və internet resurslarından istifadə edərkən uşaqlara gələcəkdə yarana biləcək travma və narahatlığa yol açan məqamlardan imtina etməliyik”.

Göründüyü kimi, son bir həftə ərzində orta məktəblərdən neqativ yüklü xəbərlər alırıq. Təhsil ocaqları az qala kriminal məkana çevrilib. Məktəblərdə niyə nəzarət yoxdur?

422710

Vaqif Qarayev

Tanınmış pediatr Vaqif Qarayev də öz sosial media hesabından məsələyə münasibətini bildirib: “Bakı məktəblərinin birində şagird gözündən zədə alıb. Rəsmi münasibət belədir ki, iki uşaq toqquşub və birinin gözü zədələnib. Ola bilərmi? Ola bilər! Amma xalqımız bu vesiyaya inanmır. Xaçmazda isə təhsil idarəsinin müdirinin şagirdi döydüyü bildirilir, özü də iki dəfə. Bu, qəbulolunmazdır! Məktəbdə uşağa fiziki zorakılıq göstərmək olmaz! Bilirəm, elə uşaqlar var ki, döyülməyi bəlkə də haqq edir, çünki sözlə anlamır. Amma məktəbdə düzgün deyil, valideynlərlə söhbət aparılmalıdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678