Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÇALIŞIN Kİ, DİNDƏ YALNIZ ÖZ HƏYATINIZI YAŞAYIN VƏ ŞƏXSLƏR İLƏ UĞRAŞMAYIN

95 Baxış

ÇALIŞIN Kİ, DİNDƏ YALNIZ ÖZ HƏYATINIZI YAŞAYIN VƏ ŞƏXSLƏR İLƏ UĞRAŞMAYI

Hər şeyi eşidən, bilən, görən və agah olan Uca Allah-Təala(c.c) Həzrəti Məhəmməd peyğəmbəri(s.a.s) bütün aləmlərə rəhmət olaraq seçdi və kainatı onunla şərəfləndirdi!

O, nəbi seçilərkən, insanlar başıpozuq, dinsiz, əxlaqsız və xüsusilə adamlıqdan uzaq idilər. Müqəddəs İslam dini yer üzərində bərqərar olduqdan sonra, Allahın izni ilə, insanlara ilahi qanunlar anladıldı. Yəni ibadət etmək, zəkat vermək, oruc tutmaq, Həcc ziyarəti etmək, halalı haramdan ayırmaq, məcbur olmayınca yalan danışmamaq, fitnə-fəsad çıxartmamaq, qeybət etməmək, yetimə yaxşı davranmaq və onun haqqını(miras) oğurlamamaq, oğurluq etməmək və s.

İnsanlar şəriəti mənimsəyəndən və dinə əməl edəndən sonra Peyğəmbərin(s.a.s) səhabələri arasında fitnələr çıxdı, qanlı döyüşlər baş verdi. Bu da birmənalı olaraq dinə zərər verdi, gələcək nəsillərin arasında bərqərar olacaq münaqişələr üçün zəmin yaratdı. Səhabələr də insan idi. Onların bizdən fərqi yalnız bunlar idi: təqvalı, imanlı, inamlı, ibadətkar idilər; ruhları və qəlbləri Allaha təslim idi və dini hamıdan çox gözəl bilirdilər. Bu cür yüksək mənəvi keyfiyyətləri ilə seçilirdilər, fəzilətləri çox idi. Peyğəmbərimiz(s.a.s) tərəfindən bir çoxları müqəddəs Cənnət ilə müjdələnnişdilər. Buna baxmayaraq, bəşər övladı idilər. Hətta Rəsulullahın(s.a.s) öz qohum-əqrəbası belə, Allahdan yetərincə qorxur və Peyğəmbərə(s.a.s) olan qohumluqlarının onları Cəhənnəm əzabından xilas edə bilməyəcəyini çox gözəl dərk edir və bilirdilər. Çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günləri müsəlman cəmiyyətimiz sünni-şiə olmaqla iki yerə bölünmüş və bölünməkləri qalsın bir yana, hələ İslam dini ilə əlaqədar şəxsləri əllərində bayraq tutaraq bir-birləri ilə böyük mübahisələr edir, bir-birlərinə lənət oxuyur. Hətta dindarlar ağır təhqirlərə, söyüşlərə keçirlər. Adlarını hörmət ilə andığınız və ya isimlərini lənət ilə xatırladığınız insanlar bir ümmət idilər ki, gəldilər və getdilər. Nə onlar sizdən cavabdeh olmayacaqlar və nə də ki, siz onlardan cavabdeh olmayacaqsınız. Nə onlar sizin günahınızı daşımayacaqlar və nə də ki, siz onların günahını daşımayacaqsınız. Nə onlara görə sizə savab yazılan deyil və nə də ki, sizə görə onlara savab yazılan deyil.

Allah Axirət günü ən əsas əmələ baxacaq və ona qiymət verəcək. Odur ki, əməllərimizi saflaşdıraq, niyyətimizi paklaşdıraq. Allahı və cəmiyyəti razı salacaq işlər görək. Çünki, Mizan tərəzisində yaxşılıqlar ilə günahların ağırlığı məsələsi var. Ona görə də, insan yalnız özünə fikir verməlidir, özü haqqında fikirləşməlidir və əməllərini düzəltməlidir. Kimin xətrinə dəymişdirsə, kimin qəlbini qırmışdırsa, qoy, vaxt ikən, o insanın və ya insanların könlünü alsın, üzr istəsin! Kim birinin haqqını yemişdirsə, qoy, o haqqı həmin adama qaytarsın! Kim günahlı yolda olduğunu anlayıb dərk edirsə, qoy, vaxt ikən, tövbə edib İlahi yola qayıtsın! Kim yalan danışırsa, qeybət edirsə, qoy, yalanı düz etsin və etdiyi qeybəti isə kəssin. Allah dində mübahisəni sevmir, şəxslər ilə uğraşılmağı sevmir. Çünki, bu, artıq fitnəyə, geniş davalara və kinə aparır. Halbuki, pak və müqəddəs Allah müsəlmanlara dində bir olmağı və bölünməməyi buyurur. Çünki, müsəlmanlar arasında tarixi-dini şəxslər naminə çıxan təfriqə, fikir ayrılığı, düşmənçilik artıq birmənalı olaraq həm müqəddəs İslam dininə zərər verir, bölünmələr olur və həm də ki, müsəlmanların birləşməsinə ürəyi partlayan, dinə və ümmətə zərbə vurmaq istəyən düşmənlərə bir daha yenə zərbə endirmək üçün güc verir, onları sevindirir.

Gəlin məzhəb təəssübkeşliyini, şəxsləri kənara qoyaraq din düşmənlərini deyil də, vahid şəkildə birləşərək, gözəl əməllər ilə məşğul olaraq, öz haqqımızda fikirləşərək, dinimizi Peyğəmbərimizin(s.a.s) buyurduğu kimi elm və məhəbbət ilə yaşayaraq Allahı sevindirək! Allahı sevindirək ki, qoy, Allah da bizi sevindirsin! Bizə Axirət günü Cənnəti bəxş etsin! Amin!

İnşallah ki, bu məqalə oxuyan müsəlmanlar, möminlər üçün xeyirli, faydalı və yaxşı olar! Allah bizləri onun iradəsinə qarşı bilərəkdən və ya bilməyərəkdən asi düşəcəyimiz sınaqlar ilə imtahana çəkməsin! Amin!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678