Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Distant təhsil infeksiyanın yayılmasının qarşısını alır, amma ..

25 Baxış

“Hazırda ölkədə 4432 orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır”.

Turanmedia.az xəbər verir ki,  bunu TNS-ə təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, şagirdlərin çoxu məktəbə gedib-gələrkən ictimai nəqliyyatdan istifadə edir, insanlarla bu və ya digər formada ünsiyyətdə olurlar: “Bu isə hansısa hansısa xəstəliyə yoluxmuş şəxsdən virusların başqasına keçmək ehtimalını artırır. Hesab edirəm ki, həm mövsümi xəstəliklərin çoxaldığını, həm də koronavirus pandemiyasının başa çatmadığını nəzərə alaraq, tədris prosesində məsafəyə ehtiyac yaranıb. 1,6 milyon şagird orta, 187 min tələbə ali məktəblərdə təhsil alır. 220 min nəfərə yaxın müəllim kollektivimiz var. Yəni hər gün iki milyon insan tədris prosesində iştirak edir. Bu da o deməkdir ki, hansısa bir yoluxma faktı sürətli yayılmaya şərait yarada bilər”.

Ekspert hazırda mövsümi xəstəliklərlə yanaşı, vaksinasiya olunmamış uşaqlar arasında qızılca, suçiçəyi, malyariya və s. xəstəliklərin də müşahidə edildiyini diqqətə çatdırıb.

“Burada 2 məsələ var. Birincisi orta ümumtəhsil məktəblərdə tibbi xidmətin göstərilməsində olan problemlər, ikincisi məktəblərə gedən şagirdlərin hər hansı müayinəyə cəlb edilməməsi. Bu amillər də təbii ki, yoluxma sayına təsirini göstərir. Artıq bir məktəbdə ibtidai siniflər distant təhsilə keçib. Yəni, bunun əsas səbəblərindən biri ehtimal olunan yoluxmanın əhatə dairəsini daraltmaqdır”, – deyə, ekspert əlavə edib.

O, təkcə paytaxtda 320 məktəbdə 487 min şagirdin təhsil aldığını xatırladıb: “Yoluxma sayının artdığı məktəblərdə ən az 14 gün dərslər onlayn rejimdə olmalıdır. Dərs prosesinin ənənəvi formada davam etməsi yoluxma sayına təsir göstərə bilər”.

 

Ekspert məktəblərdə tibbi xidmətin göstərilməsində də problemlərin olduğunu deyib.

Psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı isə TNS-ə bildirib ki, distant təhsil müddətində uşaqlar dərsdə aktiv iştirak etmir.

“Pandemiya zamanı sağlamlığa təhlükə olduğundan qapanmaya gedildi. Amma artıq psixoloji vəziyyətin ağırlaşmasına, problemin daha çox qabarmasına yol verməməliyik. Ən əsası da uşaqların psixoloji cəhətdən sarsılmaması üçün tədbirlər həyata keçirilməlidir.

Qızılca xəstəliyi ilə bağlı vəziyyət distant təhsilə qayıtmaq məsələsini aktuallaşdırır. Amma bu, şagirdlərin psixologiyasında yenidən pozulmalara gətirib çıxara bilər. Nə qədər distant təhsilin faydalı olduğunu desək də, bunun mənfi tərəfi də çoxdur. Sosial münasibətlər sistemi aradan qalxa, uşaqların smartfon telefonlardan, kompüterlərdən asılılığı daha da arta bilər. Bu problemlərin yaranmaması üçün maksimum dərəcədə distant təhsildən uzaq durmaq, uşaqarın bu yaş dövrünü nəzərə alaraq daha doğru seçim etmək məqsədə uyğundur. Çünki uşaq psixologiyasının inkişafında sosial və iqtisadi münasibətlərin ciddi rolu var. Pandemiya dönəmində bunun ciddi fəsadlarını gördük. Uşaqlarda diqqət əksikliyinin yaranması, davranış pozuntusunun əmələ gəlməsi, motivasiyasının aşağı düşməsi, dərs oxuma problemlərinin artması və s. Təhsildən yayınmalar, məktəbə getməmək üçün bəhanələr, qeyri-adekvat reaksiyaların artması, müəllim- şagird münasibətlərinin kəsilməsi, hətta müəllim-şagird-valideyn münasibətlərinin pozulması ciddi şəkildə şəxsiyyətin formalaşmasına da mənfi təsirlərini göstərir”, – deyə o fikrini yekunlaşdırıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678