Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sakinləri “Pilot Residence” MTK-nı məhkəməyə verib

42 Baxış

Turanmedia.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən ciddi narazılıqlarını ifadə edirlər. Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq “Pilot Residence” MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib:

“5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər. Yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə və “Pilot Residence” MTK arasında müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir”.

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: “Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Onlar iddia edirlər ki, onlar üçün nəzərdə tutulmuş bu binanın blokundan keçərək mənzillərinə gedə bilmirlər. Buradan mənzil alan vətəndaşların sözlərinə görə, onlara təqdim olunan layihədə yeni tikilən obyektdən bəhs edilməyib. Yəni bu hissə layihədən çıxarılaraq böyük mağazalardan birinə satılıb.

Bəziləri pulunu ödədikləri qarajlardan da məhrum olduqlarını deyirlər. Vətəndaşlar hesab edirlər ki, onların qarajları anbar yeri üçün adıçəkilən mağazaya satılıb.

Sakinlər adıçəkilən binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşdıqlarını təəccüblə bildirir: “Sizinlə misli görünməmiş faktları bölüşmək istəyirik. Siz və ya biriniz bloklardan birində yeni tikilmiş 12 mərtəbəli binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşmısınız? İndi dünyada seysmik vəziyyət dəyişib, o cümlədən bu yaxınlarda zəlzələ baş verdi. Hər kəs bilir ki, cüzi seysmik təhlükə olsa belə, liftdən istifadə etmək qəti qadağandır. Nə etməliyik, mənzillərdən tullanmaq, yoxsa orada qorxmuş uşaqlar və qocalarla ölmək lazımdır? Mən nə etməliyəm? Şikayətlərimiz çoxdur – həyətdə qanunsuz inşa olunmuş ticarət obyekti, 3-cü blokun hörülməsi və restoran obyektinə satılması, kütləvi “kvadratura oğurluğu” – müqavilə ilə çıxarış arasında 10-25 m2 fərq və sair. Düşünürəm ki, dünyanın heç bir şəhərində belə sensasiyalı bina yoxdur. “Pilot Residence” rəhbərliyi yalan danışmaqla fəaliyyət göstərir və ölkə qanunvericiliyinə riayət etmirlər. İnanıram ki, problem həll olunacaq, MTK rəhbərliyi layiqli cəzasını alacaq. Amma heç xoş deyil ki, belələrinin “fəaliyyəti” əhalidə ədalətə inamsızlıq, dövlət xidmətlərinin işindən narazılıq yaradır, qanunsuz əməlləri ilə uğurlarımızı puça çıxarır”.

“Pilot Residence” mənzil-tikinti kooperativindən bildirilib ki, layihədə təkcə orada deyil, həm də binanın həyətində 3300 kv.m sahədə obyekt nəzərdə tutulub. Maraqlıdır ki, müvafiq strukturlar onun tikintisinə tam icazə verməyib. “Qaraja gəlincə, sakinlərə onun əvəzinə başqa torpaq sahəsi təklif olunur. Lakin problem hələ də həllini tapmayıb. Çünki vətəndaşlar məhz müvafiq sənədlərdə göstərilən yerlərlə təmin olunmaq istəyirlər”, – deyə tikinti şirkətindən bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə “Pilot Residence” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib. Şirkəti məhkəməyə verən şəxslər isə Qurbanov Samir Natiq oğlu və Yəhyəzadə Elşən Rufət oğludur. Onlar məhkəmədə şirkət rəhbərliyi barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələr” iddia qaldırıblar.

Bununla belə, Yəhyəzadə Elşən Rufət oğlu və Baqiyeva Aliyə Nəriman qızı da məhkəmədə şirkət rəhbərliyi barəsində “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – Sair işlər” iddia qaldırıblar. Hər iki işə ayrı-ayrılıqda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678