Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ALEKSEY OSİPOVİÇ ÇERNYAYEVSKİ: YADELLİ OLMASINA BAXMAYARAQ, QƏLBİ AZƏRBAYCANIN VƏ XALQIMIZIN EŞQİ İLƏ DÖYÜNƏN BÖYÜK İNSAN VƏ MAARİFÇİ 

131 Baxış

ALEKSEY OSİPOVİÇ ÇERNYAYEVSKİ: YADELLİ OLMASINA BAXMAYARAQ, QƏLBİ AZƏRBAYCANIN VƏ XALQIMIZIN EŞQİ İLƏ DÖYÜNƏN BÖYÜK İNSAN VƏ MAARİFÇİ

Aleksey Osipoviç Çernyayevski milliyyətcə rus idi, lakin Azərbaycanı və Azərbaycan xalqını bəlkə də özündən qat-qat çox sevirdi. Nə də olsa, Azərbaycanımızda anadan olmuşdu. Bu torpağın havası, suyu və çörəyi Çernyayevskini xalqımız ilə mənəviyyatca doğma etmişdi. O, bir ömür boyu Azərbaycan üçün çalışmış, xalqımızın maariflənməsi, yeniyetmələrin və gənclərin təhsil alaraq savadlanması üçün bacardığını əsla əsirgəməmişdir. O, Azərbaycanın suyuna və çörəyinə sadiq qalan, millətimizin milli heysiyyatına böyük hörmət və izzət ilə yanaşan çox alicənab bir ziyalı idi. Başqa bir millətin yaxşılığı üçün çalışan bu cür insanpərvər adamlar az-az tapılar. Xoş o insanın halına ki, gözəl əməlləri və atdığı addımları ilə bu gün də Azərbaycan xalqının yaddaşından silinməz bir iz buraxmağa müvəffəq olmuşdur. Mənəvi böyüklüyü, pedoqoji savadı, qayğıkeşliyi və mehribanlığı ilə xalqımızın gənclərinə böyük xeyirlər verməyi bacarmışdır. Gəlin bu ali şəxsiyyətin tərcümeyi-halına qısaca bir nəzər salaraq onun əziz ruhunu yad edək!

Aleksey Osipoviç Çernyayevski 1840-cı ildə Azərbaycanımızın qədim şəhəri olan Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir.

Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər. Burada o, səkkiz il çalışır. 1879-cu ildə Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi yaradıldığı zaman həmin şöbənin müfəttişi vəzifəsinə dəvət alır. Demək olar ki, ömrünün ən yetkin çağını, on dörd il (1879–1893) həmin vəzifədə çalışır.

Bunu da yaddan çıxartmayaq ki, Aleksey Osipoviç Çernyayevski 160-170 yaşı olan ilk və iki hissəli “Vətən dili” adlı dərsliyin də müəllifidir.

1893-cü ildə Azərbaycan şöbəsinin ikinci sinif şagirdi Səfərəli bəy Vəlibəyovun bacısı oğlu Süleyman Axundov tapança ilə özünü öldürmək istəmiş, lakin sağ qalmışdı. Bu qalmaqal ilə bağlı Çernyayevskini çox əziyyətə salır, məhz sırf onu təqsirli görürdülər.

Müxtəlif Polis idarələrinə izahat və arayışlar yazmalı olan Çernyayevski yaxşı başa düşürdi ki, əsas məsələ seminariya direktorunun onun vəzifəsindən getməsi arzusudur. Beləliklə, 1893-cü ildə yorğunluğunu səbəb gətirərək o, istefa ərizəsi yazır və Tiflisə köçür. Bir ildən sonra isə 1894-cü ilin 14 dekabr tarixində 55 yaşında ikən, vəfat edir.

Hətta Çernyayevski ölümünə az qalmış günlərdə Azərbaycan xalqına son xidmətini də etmək niyyəti ilə qəzet çap etdirmək məqsədi ilə Qafqaz Mətbuat İdarəsindən icazə istəmiş, amma ona məyusedici cavab verərək arzusunu qəlbində qoyub imtina etmişdilər.

Allahdan dini dinimizdən və mənsubiyyəti millətimizdən olmayan, ancaq, buna baxmayaraq, ürəyi Azərbaycan ilə döyünən bu fədakar maarifçiyə – Aleksey Osipoviç Çernyayevskiyə xalqımız adından qəni-qəni rəhmət diləyirəm!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678