Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya xəstəxanasının həkimi: “Xəstənin gördüyü son insan olmaq istəmirəm” – MÜSAHİBƏ

169 Baxış

Bu gün Azərbaycanda COVID-19-a yoluxanların və ölənlərin sayına dair gündəlik anti-rekordlar, demək olar ki, hər gün yenilənir. Buna baxmayaraq, Azərbaycanda koronavirus pandemiyasının pik həddə çatdığını hələ deyə bilmərik.

Pandemiya xəstəxanasının həkimi Murad Məmmədli həkimlərin indi çalışması lazım olan çətin şərtlər və ağır xəstələrin sayının niyə artması barədə Media.Az-la söhbətləşib.

– Son vaxtlar pandemiya xəstəxanalarında yer olmadığına dair şikayətlərlə getdikcə daha çox qarşılaşırıq…

– Həqiqətən də, bu gün bir çox pandemiya tibb müəssisəsində boş çarpayı yoxdur. Təəssüf ki, insanlarımız karantin qaydalarına riayət etməyi öyrənməyiblər. Bir çox insan qoruyucu maskalardan düzgün istifadə etmir: maskanı çənələrinə taxır, burunlarını açıq qoyurlar və heç kim sosial məsafəni qorumur.

Vətən Müharibəsində zəfəri qeyd edərkən, şəhid qəhrəmanlarımızın dəfn mərasimi zamanı vətəndaşların əksəriyyəti ehtiyat tədbirlərinə əməl etmədilər. Şəhidlərimizin xatirəsi, əlbəttə ki, müqəddəsdir, ancaq pandemiyanı unutmaq olmaz. Məhz bu səbəbdən bu gün xəstələrin sayında belə kəskin artım var.

– Həkimlərin çiyinlərinə ikiqat yük düşdü: bir tərəfdən yaralı hərbçilər, digər tərəfdən koronavirus xəstələri…

– Həkimlərin necə işlədiyini xatırlatmağa belə dəyməz. Bunu, yəqin ki, başa düşürlər. Ölkəmizdəki xəstələrin sayı azalmağa başlamazsa, hansı vəziyyətdə olacağımızı düşünmək qorxuncdur. İnsanlar, sadəcə, öləcəklər, çünki həkimlərin onlara lazımi köməyi göstərməyə vaxtları olmayacaq. İnsanların necə əziyyət çəkdiyini gördükdə, bəzən, düzü, ağlamaq istəyirəm.

– Yeganə çıxış yolu peyvənddir?

– Bəli, amma indiyə qədər kütləvi dövriyyəyə girməyib. Xatırlatmaq istəyirəm ki, koronavirusa qarşı peyvənd sağlam insanlar üçündür. O, artıq xəstə olanlara kömək edə bilməyəcək. COVID-19 peyvəndi kütləvi dövriyyəyə buraxıldıqda, ilk növbədə, risk altında olan həkimlər və vətəndaşlar peyvənd ediləcəklər.

Söhbət diabet, ürək-damar və digər xroniki xəstəliklərdən əziyyət çəkənlərdən, yaşlılardan gedir və yalnız bundan sonra hamını peyvənd etməyə başlayacaqlar.

– Əvvəldən həkimlər xəstələrin 80 faizinin xəstəliyi yüngül keçirdiyini deyirdilər. Bəs onda xəstəxanalarda niyə sıxlıqdır?

– Bəli, elədir. Yoluxanların 80 faizi bu xəstəliyi yüngül, yalnız 5 faizi ağır formada keçirir. İnsanlar vaxtında müalicə almadıqları və ya özlərini müalicə etdikləri üçün xəstəxanalar doludur. Ətrafda hər kəs həkim olub, yoluxanlara necə gəldi məsləhət verirlər…

Nəticədə, immunitet zəifləyir, orqanizm istənilən terapiyaya cavab vermir və insan ölür. Bu gün məsləhət verən insanlara qarşı qəzəbimi təsvir etmək üçün söz tapa bilmirəm. Bir müalicə protokolu var, bundan əlavə, koronavirus atipik viral infeksiyadır və hər kəsdə müxtəlif formada inkişaf edir…

İnsanlar apteklərdəki satıcıların, tibb bacılarının, xəstə olan qonşularının, tanışların tövsiyələri ilə dərman almağa başlayırlar… Və daha da betəri “YouTube” videolarına baxıb müalicə olunmaqdır. Belə olmaz! Bu, adamı ölümə aparar!

Bir həkim resepti olmadan, xüsusən də koronavirusa yoluxduqda güclü dərmanlar qəbul edə bilməzsiniz. Xahiş edirəm bunu xatırlayın, həkimlərin işini çətinləşdirməyin, sağlamlığınızı pisləşdirməyin. Mən bir xəstənin reanimasiyada gördüyü son insan olmaq istəmirəm.

– Bəlkə, insanlar sadəcə ölməkdən qorxurlar və təşvişə düşərək hər şeyi qəbul etməyə başlayırlar…

– Əlbətdə ki, COVID-19-a yoluxmuş bir çox insan xüsusilə çox sayda mənfi xəbər fonunda təşvişə düşür. Ancaq başa düşmək lazımdır ki, təşviş əhval-ruhiyyəsi vəziyyəti daha da pisləşdirir və immunitetin azalmasına səbəb olur.

Unutmayın ki, xəstələrin 80 faizi düzgün müalicə ilə sağalır. Buna görə simptomlar olan kimi klinikaya müraciət edin, sizdən test götürmələrini tələb edin. Koronavirusun təsdiqlənməsi halında sahə həkiminizlə əlaqə saxlayın, müalicəyə başlayın.

Qan təzyiqi və oksigen doymasını mütəmadi olaraq ölçün. Onun azalması və nəfəs darlığı olması halında, xəstəxanaya yerləşdirilmək üçün təcili yardım çağırın.

Təkrar bakterial infeksiya olmadıqca heç vaxt güclü antibiotik qəbul etməyin. Antibiotiklər koronavirusu məhv etmir! Müalicə simptomatik olmalıdır, hər şeyi qəbul edib sağalmağa ümid edə bilməzsən. Dərman vasitələrinin nəzarətsiz istifadəsi gənc və sağlam xəstələrdə də ölümə səbəb olur.

– Vəziyyət payız-qış fəslində daha da mürəkkəbləşir…

– Əlbəttə, indi respirator virus xəstəlikləri və mövsümi soyuqdəymə dövrüdür. Təəssüf ki, bu dövrdə insanın immuniteti zəifləyir və müxtəlif xəstəliklərə yoluxur. Təəssüf ki, bu gün insanların yalnız koronavirusa deyil, həm də mövsümi SARS-a yoluxduğu qarışıq infeksiya halları da var.

– İndi ən çox xəstələr hansı yaş kateqoriyasındadır?

– Bilirsiniz, indi xüsusi bir dərəcə yoxdur. 12 yaşdan yuxarı xəstələr xəstəxanalardadır. Yoluxanların əksəriyyəti 20 yaşdan yuxarı olanlardır.

– Bəs ölüm halları necədir?

– Onlar, əsasən, 65 yaşdan yuxarı yaşlılardır.

– Asimptomatik xəstələr və koronavirus testi müsbət olub yüngül simptomları olanlar necə müalicə edilməlidir?

– Bu cür xəstələrə vitamin qəbul etməyi və mümkün qədər çox maye içməyi məsləhət görərdim. Antibiotiklər, antiviruslar, antikoagulyantlar və ya digər dərmanlar qəbul etməyin. Xəstənin vəziyyəti pisləşməyə başlasa, sahə həkiminə müraciət etmək və onun tövsiyələrini yerinə yetirmək vacibdir.

Profilaktika üçün aşağıdakı resepti sınamağınızı məsləhət görərdim: bir stəkana qaynar su tökün, üzərinə yarım çay qaşığı doğranmış zəncəfil, iki çay qaşığı sarıkök əlavə edin.

Dəmlənsin, sonra bir qaşıq bal və iki dilim limon əlavə edin. Yuxarıda göstərilən komponentlərə qarşı əks göstərişiniz yoxdursa, bunu hər səhər içməlisiniz.

Temperaturunuz olsa da (38,5 dərəcədən aşağı), güclü bir zəiflik var, nəfəs darlığı yoxdursa və kompüter tomoqrafiyasının nəticələri ağciyər zədələnməsinin 15 faizdən az olduğu “buzlu şüşə” effektinin olduğunu göstərirsə, dərhal antibiotik, deksametazon və ya sistem qəbul etməməlisiniz. Bununla vəziyyətinizi yalnız pisləşdirə bilərsiniz. Həkiminizlə əlaqə saxlamaq və onun tövsiyələrini yerinə yetirmək daha yaxşıdır.

Temperaturunuz 38,5 dərəcədən yüksək deyilsə, baş ağrısı və əzələ ağrıları, boğaz ağrısı, burunda qıcıqlanma, yüngül zəiflik və öskürək, qoxu və dadbilməni itirmisinizsə, bunlar xəstəliyin yüngül əlamətləridir, təşvişə səbəb yoxdur. Bu cür simptomlar olduqda və xroniki xəstəliklər olmadıqda, simptomatik müalicəyə riayət etməklə, çox tez sağala bilərsiniz.

– Bəs nə vaxt həyəcan təbili çalmağa başlanılır?

– Təbil çalmaq lazım deyil, vəziyyətinizi nəzarətdə saxlamalısınız. İstiliyiniz 38,5 dərəcədən yuxarı qalxarsa, boğulma və nəfəs darlığı müşahidə edilirsə və kompüter tomoqrafiyasının nəticələrinə görə “buzlu şüşə” effekti ağciyərlərə 20 faiz və ya daha çox təsir göstəribsə, o zaman özünüzü müalicə etməyin.

Üstəlik, şəkərli diabet və ya müşayiət olunan digər ciddi xəstəlikləriniz varsa. Dərhal təcili yardım çağırın və ya pandemiya xəstəxanasında çalışan və COVID-1 xəstələrini müalicə edən həkimlə əlaqə saxlayın.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678