Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşanın Mamay məhəlləsindəki məscid və bulaq erməni vandalizminə məruz qalıb – FOTO

144 Baxış

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

AZƏRTAC xəbər verir ki, qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Digər qədim məhəllələrdə olduğu kimi, Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb.

Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər.

Qeyd edək ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal altında saxladığı ərazilərdə də bu mülkiyyətin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə köçürülməsinin, oğurlanmasının yolverilməz olduğu qeyd olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678