Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahların ov etdiyi məkandan REPORTAJ – FOTO

131 Baxış

Küləkli Bakının təxminən 70 kilometrlik məsafəsi…

Bura özünəməxsus təbiəti olan bir aləm – Abşeron yarımadasının cənub-şərqi – Şah Dili ərazisində yerləşən Abşeron Milli Parkıdır.

Xəzər dənizinin şəffaf suyu üzərində üzən quşların səsi…

Milli Park Azərbaycan Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə yaradılıb. Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşir və 783 hektar sahəni əhatə edir.

“Qartalın dimdiyi” deyilən yer…

Əraziyə daxil oluruq. İlk olaraq park daxilində riayət olunması vacib qaydalarla tanış oluruq. 
Milli park ərazisində flora və fauna ilə bağlı məlumatlar yerləşdirilib.

Belə bir fikir var ki, Xəzər dənizi uzun illər əvvəl Abşeron torpaqlarını suya qərq etməyə çalışıb, amma bu, baş tutmayıb. 

Abşeron yarmadasının tarixi də həmin zamanlardan başlayıb.
Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” də deyirlər.

Rəvayətə görə, vaxtı ilə burada şahlar ov edərlərmiş. Elə buna görə də ətrafda yaşayan əhali buranı Şah Dili adlandırırlar.

Parkda müxtəlif quş və heyvan, eyni zamanda, bitki növü mövcuddur. Sultan toyuğu, ceyran, qu quşu, qutan, flaminqo burada qışlayır.

Nazlı flaminqolar

Hazırda parka baş çəksəniz flaminqoları izləyə bilərsiniz.

Onlar Xəzərin sahilindən xeyli uzaqda dayanmışdılar. Öyrənirik ki, uca bir səs onları hürküdə bilər. Onları seyr edərkən son dərəcə səssiz olmaq lazımdır.

Elə biz də qeyri-adi rəngləri olan, zərif flaminqoları səssizcə izlədik… 

Onları görmək üçün bəlkə də saatlarla gözləməli olacaqsınız, amma buna dəyər. 
Flaminqolar noyabr ayının sonlarından park ərazisinə gəlir, mart ayının sonunda şimala uçurlar.

Park ərazisində tülkünü, ceyranı daha yaxından görməsək də, ayaq izlərini görmək mümkün oldu. 

Həmin heyvanlar Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib.

Paytaxtın ən son nöqtəsi…

Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Milli Parkın yaranmasında məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir:

“Mart ayının sonuna kimi turistlər parka gələrək, flaminqoları görə bilərlər”.

O qeyd edib ki, bu il Milli Park ərazisinə 200-dən çox flaminqo gəlib.

A.Səmədova əlavə edib ki, Abşeron Milli Parkı Azərbaycanın ən kiçik milli parkıdır: 
“Buranın özəlliyi odur ki, xəritədə Bakı şəhərinin ən son nöqtəsi qartal burnu kimi təsəvvür yaradır. Park ərazisi kiçik olsa da, zəngin heyvanat aləmi, bitki örtüyü var”.

Abşeron Milli Parkında dörd turist marşrutu var. Ən böyük marşrut səkkiz kilometrdir. 
Milli parklarda turistlərin dincəlməsi, piknik etməsi üçün yerlər ayrılıb. 

“Ginnes”in rekordlar kitabına düşən ən kiçik suiti

ETSN-nin yarandığı gündən orada çalışan Sədaqət Məmmədova deyib ki, parkların yaranmasında yaxından iştirak edib:

“Abşeron Milli Parkının dənizə yaxın ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir. Bu suiti əsasən may-avqust aylarında müşahidə olunur. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. Hər kəsi parka gəlib, nadir heyvan növlərini seyr etməyə dəvət edirik”.

“Sevgi qapısı”, əyləncə guşəsi 

Milli Park ərazisində “Sevgi qapısı” adlanan məkan da yaradılıb.

Buraya xüsusi yola daxil olanlar tutduqları arzunun tezliklə reallaşacağına inanırlar. 

Parka giriş üçün biletin qiyməti yerli və xarici turstlər üçün iki manatdır. Məktəblilərə və 6 yaşlı uşaqlar üçün giriş pulsuzdur. Həmçinin parkda uşaqlar üçün kiçik əyləncə guşəsi də var.

Siz də Bakıya ən yaxın təbiət aləminə səfər edib, “Qartalın dimdiyi” deyilən yerdə bir müddət dincələ və gözəllikdən zövq ala bilərsiz. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678