Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kamran Əliyev: “Qanunlar zamanın tələblərinə cavab verməlidir”

257 Baxış

Həyat dinamikadır, o dəyişdikcə, qanunlar da həyata uyğunlaşmalı və yeni dəyişikliklərə, zamanın tələblərinə cavab verməlidir.

Oxu.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, ictimai münasibətlər inkişaf etdikcə qanunlarda dəyişikliklər edilməsi, onların təkmilləşdirilməsi, o cümlədən yeni yaranan ictimai münasibətləri tənzimləmək üçün yeni qanunların qəbulu zəruri olur:

“Buna özümüzün də yaşadığımız çox yaxın tarixi misal göstərmək olar. Belə ki, koronavirus pandemiyası ilə mübarizə sahəsində qanunvericiliyə edilən dəyişikliklər mövcud şəraitdə yaranan zərurətdən irəli gəlib. Lakin qanunların dəyişdirilməsi prosesində hesab edirəm ki, diqqətli olmaq lazımdır. Qanuna edilən dəyişiklik, habelə yeni qəbul edilən qanun mövcud reallığa uyğun olmalı, qəbul olunma məqsədinə xidmət etməklə ictimai münasibətləri düzgün tənzimləməlidir, bir sözlə, qanun işlək olmalıdır. 

Prokurorluğun, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyəti ilə əlaqədar qanunvericilik aktlarına müəyyən dəyişikliklər edilsə də, bu sahədə görüləsi işlər mövcuddur. Yuxarıda qeyd etdiyim Milli Fəaliyyət Planında da qanunvericilik sahəsində müəyyən tədbirlərin görülməsi, qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur”.

“Belə ki, cinayət işləri üzrə dəymiş ziyanın bərpa edilməsində mühüm rol oynayan və bir sıra inkişaf etmiş dövlətlərdə tətbiq edilən “Məhkumluq olmadan əmlak müsadirəsi” institutunun, korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sazişi” institutunun tətbiqinə dair qanunvericiliyə dəyişikliklərin edilməsi, cinayət yolu ilə əldə olunmuş və xüsusi müsadirə obyekti olan əmlakların qiymətləndirilməsi və idarə edilməsi  sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və Milli Fəaliyyət Planında nəzərdə tutulan başqa bu kimi tədbirlər həm prokurorluq, həm də digər hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin, cinayətkarlığa qarşı mübarizənin səviyyəsinin yüksəldilməsinə xidmət göstərəcəkdir”, – deyə K.Əliyev qeyd edib.

Baş Prokuror prokurorluq orqanlarının, eləcə də digər hüquq mühafizə orqanlarının fəaliyyətinin, habelə məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi üçün zərurət yarandığı halda Baş prokuror kimi qanunvericilik təşəbbüsü hüququndan istifadə etməyi nəzərdə tutduğunu da qeyd edib:

“Burada da əsas məqsəd qeyd edilən sahələrin fəaliyyətini daim inkişaf edən dövlətimizin tələblərinə uyğunlaşdırmaqla xalqa xidməti yeni müstəviyə yüksəltməkdir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678