Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə qiymətli kağızlar bazarına böyük maraq müşahidə olunub

120 Baxış

Pandemiyanın iqtisadiyyata neqativ təsirləri fonunda qiymətli kağızlar bazarının ümumi ticarət dövriyyəsi 14,1 milyard manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, təkrar bazar əqdlərində və repo əməliyyatlarında ciddi artım müşahidə edilib.

2020-ci ildə 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb və 11 emissiya prospekti təsdiq edilib.

İl ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcmi 37 faiz artaraq 583 milyon manat təşkil edib. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarında əməliyyatların həcmi 2 milyard 773 milyon manat təşkil edib.

Hesabat dövründə “AzerGold” QSC-nin 20 milyon ABŞ dolları, İpoteka və Kredit Zəmanət Fondunun 251 milyon manat məbləğində istiqrazları fond birjasında yerləşdirilərək listinqə daxil olub.

Dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8,6 milyard manat təşkil edib. Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 46 hərrac keçirilib, 22 notlarla təkrar bazar əqdlərinin həcmi isə 30 faiz artaraq 491 milyon manata yüksəlib.

Hesabat dövründə dövlət istiqrazları ilə əməliyyatların ümumi həcmi 42 faiz artaraq 1,7 milyard manat təşkil edib. İlkin bazar əqdlərinin həcmi əvvəlki illə müqayisədə 77 faiz artaraq 1,2 milyard manat təşkil edib.

Dövlət istiqrazlarının təkrar bazarı 521 milyon manat olub. Eyni zamanda, 2020-ci ildə ilk dəfə olaraq, mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq dövlət istiqrazlarının hərracının keçirilməsi zamanı tələbin təklifi üstələməsi halında emitent tərəfindən təklifin artırılması imkanı yaradılıb. Bu, dövlət istiqrazlarına olan tələbin çevik ödənməsi imkanlarını artırmaqla yanaşı bazardan maliyyələşmə imkanlarını genişləndirib.

2020-ci il ərzində repo əməliyyatlarının həcmi əvvəlki illə müqayisədə 92 faiz (1 milyard 28 milyon manat) artaraq 2 milyard 150 milyon manata yüksəlib. Repo əməliyyatlarının 90 faizi dövlət istiqrazları ilə aparılıb. 2020-ci ildə ilk dəfə olaraq səhmlərlə repo əqdləri (0,5 milyon  manat) qeydə alınıb.

2020-ci il ərzində 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib. Bunun 1 milyard 291 milyon manatı (11 faiz) 41 korporativ istiqrazların buraxılışının, 766 milyon manatı (6 faiz) 119 səhm buraxılışının, 10 milyard 115 milyon manatı (83 faiz) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.

Dövlət qiymətli kağızlarının 7 milyard 190 milyon manatı Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışının, 2 milyard 925 milyon manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678