Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaralı dostunu xilas edəndə minaya düşən qazi: “Komandirim elə bildi ki, şəhid olmuşam” – MÜSAHİBƏ + FOTO

110 Baxış

44 günlük İkinci Qarabağ müharibəsinin qazilərindən biri də 2001-ci il təvəllüdlü Lətifov Elvin İlqar oğludur. Şəkidə anadan olan E.Lətifov 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşüb. Ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsinə qatılıb. Komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirən igid qəhrəmanımızın döyüş yolu barədə isə elə öz dilindən eşidək.

Oxu.Az qazi Elvin Lətifov ilə müsahibəni təqdim edir:

– Müharibəyə ilk olaraq hansı istiqamətdən başladınız?

– Həqiqi hərbi xidmətimi Murovda çəkmişəm. Müharibə ilə bağlı məlumat gələndə 40-50 nəfərlik heyətlə irəliyə getmək tapşırığı gəldi. Neytral əraziyə qədər irəlilədik. Qarşı tərəfdən atəş açmağa başlayanda biz öz mövqelərimizi tutduq.

“Düşmən mənimlə yanaşı mövqedə dayanan əsgəri snayperlə vurdu”

– Siz də müharibənin ilk günlərində yaralanan hərbiçilərimizdən olmusunuz?

– Düşmən mövqelərimizi atəşə tutanda bacardığımız qədər hədəfdən yayınmağa çalışdıq. Lakin mənimlə yanaşı mövqedə dayanan əsgər yoldaşım snayperlə boynundan vuruldu. Gördüm ki, yaralanıb yerə yıxıldı. Döyüş yoldaşıma kömək etmək üçün onun yanına getdim. Onu döyüş meydanından çıxardım. Geri qayıdarkən isə özüm ağır yaralandım.

“Komandirim elə bildi ki, mən şəhid olmuşam”

– Yaralandığınız an huşunuz özünüzdə olub? O anı xatırlayırsınızmı?

– Addım atanda bir anlıq nəsə məni göyə tulladı, gözlərim qaraldı. Zərbənin təsirindən özümdən getdim. Gözümü açanda bildim ki, minaya düşmüşəm. Komandirimizin səsini eşitdim ki, o tərəfə getməyin Lətifov Elvin şəhid oldu. Elə bunu eşidəndə özümü toplayıb əsgər yoldaşlarımı çağırdım ki, ölməmişəm, mənə buradan çıxmağa kömək etsinlər.

Komandirim eşidəndə sevindi. Məni ərazidən çıxarmaq üçün gəldi. Məni belinə alıb aparanda düşmən snayperi komandirim baş leytenant Mənsimov Əlfəddini ayağından vurdu. İkimizdə həmin yerdə yıxıldıq. Onda başımdan ağır zərbə aldığım üçün huşumu itirmişəm. Yoldaşlarım üzümə su vurub, məni oyaq saxlamağa çalışıblar, lakin alınmayıb. Yenidən özümə gələndə tibbi briqada tərəfindən xəstəxanaya aparıldığımı başa düşdüm. Nəhayət soruşanda Gəncədə hospitala apardıqlarını dedilər.

 Bəs komandirinizdən xəbər aldınızmı?

 Xəstəxanaya çatanda ilkin yardımdan sonra məni Bakıya Hərbi Hospitala yola saldılar. Sonra özümə gələndə maraqlandım, dedilər ki, komandirimi də Şirvandakı hospitala aparıblar. Vəziyyəti yaxşıdır, müalicəsi hələ də davam edir.

– Minaya düşəndə heç düşündünüzmü ki, bu, sondur?

– Desəm ki, qorxu olmadı, bəlkə də çoxları inanmayacaq. Amma minaya düşəndə tək təəssüfləndiyim postu almamış yaralanmağım idi. Amma döyüş yoldaşlarım sayəsində postu aldıq. Düşmənə yerini bildirdik.

– Heç ailənizlə danışa bilmişdiniz?

– Xeyr, mən ailəmə xəbər verməmişdim. Yaralananda belə həkim telefonu uzatdı ki, ailənlə danış, məlumat ver. Atama dedim ki, yüngül bir qəza olub, narahat olma. Xəstəxanadan evə buraxılanda bir anlıq düşünəndə ki, artıq torpaqlarımız işğaldan azad olunub, qürur hissi keçirdim.

– Ölkə başçısı tərəfindən döyüşdə göstərdiyiniz şüacətə görə təltif olunmusunuz?

-Bəli, müharibədə çox iştirak edə bilmədim. Yaralandığım üçün çox təəssüf edirəm. İkinci Qarabağ müharibəsində iştirakıma görə Ali Baş Komandanımız İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişəm.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678