Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu barədə danışmaq istəməsək də…

125 Baxış

Kubra Məhərrəmova yazır…

Nə məsələdirsə, bu barədə danışmaq istəmirik. Elə bil ki, nəsə çox pis işdir bu. 

Kim danışsa da, cəmiyyət ona pis baxır. Bəziləri hətta qınaq edir.

Söhbət peyvənd vurmaqdan gedir. Peyvənd etdirənlər də bunu pıçıltı ilə deyir. “Sən canı, heç kimə demə. Biz də dünən kişiylə getdik vaksin vurdurduq axı koronaya görə, indi camaat deyəcək ki, koronaya inanmırdı, indi vaksin vurdurur”. Deməli əsas utanılası məqam budur.

İnanmayanların bu gün COVID-19-a inanması.

Əgər bir il əvvəl koronavirusa inanmayan insanlar bu gün ətrafda baş verənləri görüb məntiqli nəticə çıxarırsa, buna həm özləri, həm də cəmiyyət sevinməlidir. Vaksinlə bağlı miflərə, əfsanələrə inanmaqdansa, vaksin olunmuş insanlardan geridönüş almaq daha məntiqli deyilmi?

Məncə əksinə bu barədə daha çox bir-birimizə məlumat verməliyik. Vaksindən sonra hansı halların yaşanması haqqında nə qədər çox danışsaq, vaksin etməyənlər də daha çox məlumatlı olar. Onsuz da cəmiyyət olaraq qonşu üçün yazılan reseptə daha çox inanan adamlarıq. Bir həkimin resepti ilə bir məhəlləni müalicə edən qonşularıq.

Nə də olsa, qonşunun təzyiq dərmanının bizim həkimin yazdığından daha yaxşı olduğunu deyən adamlarıq.

İndi də qonşularımız daha ürəkli olub etdikləri peyvəndin haqqında danışsalar, Allaha da xoş olar, bəndəyə də. Aydın məsələdir ki, bu, yeni virusdur, yeni vaksindir. Adam istər-istəməz şübhələnə bilər. Amma bir balaca məntiqlə yanaşsaq, hər şey aydın olacaq.

Mən özüm peyvənd olunmasam da,anamın peyvənd olunması barədə açıq, utanmadan və yeri gəlmişkən qürurla danışmaq istəyirəm.

İlk növbədə onu deyim ki, anamın yüksək təzyiqi, ürəyində müəyyən problemləri, üstəlik yaşla əlaqədar olaraq səhhətində müəyyən problemləri var. Bütün bunları nəzərə alan anam özü qərar verdi ki, peyvənd olunsun. Virusa yoluxsa belə, özünü ağırlaşmadan sığortalasın. Çox ümid edirəm ki, bu günə kimi yoluxmayan anam bundan sonra da virusa yoluxmaz.

Anam ilk vaksin dozasını martın 3-ü qəbul edib. Bu gün isə martın 31-i ikinci dozanı aldı.

Birinci dozanı alan gün heç bir fövqəladə hallar yaşanmadı. Sadəcə anam tədbirli davranıb təzyiq dərmanını əvvəlcədən qəbul etmişdi. Evə qayıdanda təzyiqi bir qədər yüksəlmişdi.

Təkrarən dərmanı qəbul etdi, normaya düşdü. Allergik hal yaşanmadı. 

Bugünkü vaksin qəbulundan sonra vəziyyəti stabildir. Heç bir yan təsir müşahidə olunmur.

İndi deyəcəksiniz ki, peyvənd adamı COVID-19-dan qorumur. Peyvəndin işləmə mexanizmi də elə budur ki, yoluxma zamanı xəstəlik daha yüngül keçsin. Bu, yaşlı, yan xəstəlikləri olan adamlar üçün çox vacibdir.

Təbii ki, COVID-19-a qarşı yaradılan bu vaksin bizi tamamən maska və digər qorunma vasitələrindən imtina etməyə imkan vermir. Sadəcə yaşda böyük, immum sistemi zəif olan, yan xəstəlikləri olan insanları ağırlaşmadan sığortalayır. Ağırlaşmanın fəsadlarını isə heç olmasa bir dostunuz, ya da tanışınızda müşahidə etmisiniz. 

Bizim bu gün başlıca vəzifəmiz protokola uyğun peyvəndləməni həyata keçirməkdir. Və peyvənd edən hər bir kəs bunun qorxulu olmaması, əgər hansısa yan təsirlər yaşanıbsa, bu barədə açıq məlumat verməsidir.

Peyvəndlə bağlı ikinci vacib məsələ yenə də “WhatsApp Niquşlarının” yaydığı məlumatdır. Son vaxtlar ikinci doza üçün ölkədə vaksinin olmaması barədə yayılan şayiələrin əsassız olduğuna bu gün özüm şahid oldum. Peyvənd Çinin istehsalı olan “CoronaVac” peyvəndidir. Preparatın üstündə isə türk dilində məlumat yazılıb. Bir daha qeyd edirəm ki, pasiyentə hər iki doza “CoronaVac” preparatı vurulub. Eyni preparat.

Bu gün anamla poliklinikada olanda müəyyən yaş qrupu ilə yanaşı, daha cavan adamların olduğunu da gördüm. Hətta bir nəfər müraciət etdi ki, yaşı 39-dur. Peyvəndlənmək istəyir, mümkündürmü? Ona hansı cavabın verilməsini açığı bilmədim. Amma vətəndaşın könüllü peyvənd almaq istəməsi mənə görə xoş məqamdır. Deməli nağıllardan çıxmağa başlamışıq.

COVID-19 üçbaşlı əjdaha olsa da, geci-tezi ona qalib gəlmək üçün gücümüz yetəcək. Silahımız da bəlli, tibbi maska, sosial məsafə, vaksin və əllərin təmiz olması. 

Dünya tarixində dəfələrlə belə pandemiyalar olub və inanın ki, yenə də olacaq. Hər bir pandemiyanın əvvəli olduğu kimi, sonu da var. Sadəcə çalışaq ki, bundan ən az itki ilə çıxaq. Sağ olun, sağlam olun. Əllərinizi spirtləməyi unutmayın.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678