Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neft bazarında mürəkkəb proseslər: “Qara qızıl”ın qiyməti necə olacaq – TƏHLİL

130 Baxış

Növbəti dövrdə dünya neft bazarında maraqlı və mürəkkəb proseslərə şahid olacağımız istisna deyil. Dünya nisbətən pandemiya fonunda fəaliyyətini davam etdirməyə öyrəşib. Enerjiyə tələbat isə ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu “OPEC Plus” çərçivəsində qəbul edilən qərarda da öz əksini tapdı. Beləliklə neft hasilatının növbəti üç ay ərzində 1,1 milyon barel artırılmasına qərar verildi. Azərbaycan da öz növbəsində hasilatı artıracaq. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a bildirib ki, kvotaların artırılmasına baxmayaraq neftin qiymətləri artıb. Onun sözlərinə görə, bazar nazirlərin görüşünə müsbət reaksiya verib:

“OPEC Plus” görüşündə bir sıra maraqlı məqamlar açıqlandı. Fevral ayının hesabatına əsasən “OPEC Plus” üzvləri kvotalara çox ciddi əməl ediblər. Plana 113 faiz əməl olunub. Bu da o deməkdir ki, nəzərdə tutulduğundan daha çox həcmdə neft hasilatı azaldılıb. İlin əvvəlində neft hasilatının sutkada 500 min barel artırılması nəzərdə tutulurdu. Lakin, fevralın 1-dən mayın 1-nə qədər bu qərar donduruldu və hasilat artırılmadı. Bu isə dünya üzrə anbarlarda yığılan neft ehtiyatlarının azalmasına səbəb oldu. Bununla da bazadakı neft ehtiyyatları son beş ildəki orta göstəricilər səviyyəsinə düşüb”.

Qeyd edək ki, “OPEC Plus” razılaşmasına görə, may və iyun ayında hasilat 350 min barel, iyul ayında isə 440 min barel artırılacaq. Halbuki yanvarda hasilatın hər ay 500 min barel artırılması nəzərdə tutulurdu. 

Ekspertin fikrincə, “OPEC Plus” kvotaları yavaş-yavaş artırmaqla bazarda ani olaraq neft qiymətlərinin düşməsinin qarşısını almağa çalışıb:

“Neftə və enerjiyə olan tələbat ötən ilki limitlər çərçivəsində deyil, əksinə artır. Kvotaların artırılması ilə bazarda qıtlığın yaranmasının və neft qiymətlərinin 70-80 dollara qalxmasının qarşısı alınıb. Bazar üçün bahalı neft də, aşağı qiymətlər də riskdir”.

Martın 27-də Çin və İran arasında imzalanan müqavilə geniş müzakirələrə səbəb oldu. Mövcud sanksiyalar və pandemiya İran kimi qapalı bir ölkəni Çin ilə razılaşmanı imzalamağa sövq etdi. Məsələnin iqtisadi tərəflərindən danışsaq İranın yenidən aktiv şəkildə neft bazarına daxil olmasından söhbət gedir. Çin müqaviləyə əsasən daha ucuz neft ilə təmin ediləcək. Lakin, Çini təkcə İran neftlə təmin etməyəcək. Çin bu gün Səudiyyə Ərəbistanı və Rusiyadan böyük həcmlərdə neft idxal edir. Belə çıxır ki, Səudiyyə Ərəbistanı və Rusiya bazara çıxardığı neft həcmlərini ya azaldacaq, ya da qiymətlərdə endirim edəcək. Bazarın iki nəhəng oyunçusunun qiymətlərdə endirim etməsi sözsüz ki, ümumi bazara təsir edəcək.

İranın isə gündəlik olaraq 1 milyon barel neft ixrac etməsi müzakirə olunur. İlham Şaban əlavə edib ki, İran tankerlərinin naviqasiyası analiz edilərək bu nəticəyə gəlinib, yəni həcmlər dəyişə də bilər. Çin həcmdən asılı olmayaraq ucuz neftdən heç bir halda imtina etməyəcək.

“İranın hər barel üçün 4-6 dollar endirim etməsi gözlənilir. Səudiyyə Ərəbistanı isə müştəriləri üçün 2 və ya 2,5 dollar endirim edir. Yəni, İran 2-3 dəfə daha çox endirim edəcək. İran bazarda mövqeyini möhkəmləndirmək istəyir. Çin isə Amerikanın özünə qarşı ticari müharibəsini səngitmədiyini, əksinə artırdığını görür. O cümlədən, Avropanın da Amerikaya qoşulduğunu hiss edir. Qərblə kimin problemi var: İran və Rusiyanın. Çin bu dövlətlərlə yaxınlaşaraq birgə müdafiə səddi yarada biləcəyini nümayiş etdirir. Ancaq bu özünü nə dərəcədə doğruldacaq onu gələcəkdə görəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2020-ci il ərzində Çinə gündəlik 1,69 milyon barel, Rusiya isə 1,67 milyon barel neft ixrac edib. Bu gün İranın Səudiyyə Ərəbistanı ilə gərgin münasibətləri mövcuddur. 

Bəzi təhlillərin nəticəsinə görə, Çinin İrana sərmayə qoyması ənənəvi iqtisadi strategiyanın bir hissəsidir. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678