Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülh istəyirsənsə, müharibəyə hazır ol

129 Baxış

Kubra Məhərrəmova yazır…

Dünyanın özü qədər qədim olan ifadə latın dilində tarixə düşüb – “Si vis pacem, para bellum”, yəni “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu ifadənin müəllifi isə qədim Roma tarixçisi Korneliy Nepotdur. 

Hələ eramızdan əvvəl bilirdilər ki, sülh ancaq bu halda mümkündür. Təbii ki, hər bir sivil, ağlı başında olan adam kimi mən də sülh tərəfdarıyam. Amma bu o demək deyil ki, qonşu gəlib mənim başımı yaracaq, mən də ona “mavi” Avropa dəyərlərindən dəm vurub, “humanistlik” göstərəcəyəm. Yox qardaşlar, mən özümü, ailəmi, evimi müdafiə edəcəyəm. Elə ağlı başında olan hər kəs.

Necə olur ki, Avropada xırda bir qanun pozuntusuna görə bir-birini məhkəməyə verə bilirlər, amma 30 ildir bizim namusumuzu ayaq altına atan düşmənlə mübarizə apara bilmərik? Niyə elə bu gün belə bizi susdurmağa çalışırlar? Niyə biz torpaqlarımız ermənilər tərəfindən işğal olunub deyən kimi, Avropa üzünü-gözünü cırmağa başlayır? Niyə bu gün haqq davasından qalib çıxan Azərbaycan xalqı və dövləti dünya birliyi tərəfindən alçaldılır, alçaldılmağa cəhd göstərilir?
Kimi gic yerinə qoyublar?

Hünəri var Rusiya və ya Çin eslakasiya eləsin Avropada. Bir hay-haray düşər ki, gəl görəsən. 

Deməli belə çıxır ki, Xocalıda, Kəlbəcərdə türkü erməni qətlə yetirə bilər, amma kimsə Berlində, ya da Lüksemburqda Qabriel, Danieli öldürə bilməz.

Əgər olmazsa, əgər insan hüquqları varsa, bu hamı üçün eyni olmalıdır. Yoxdursa biz də işimizi bilək. Əslində Allaha şükür ki, işimizi bilirik. Və bizə ağıl öyrədənlər də özlərini yormasın. 30 il bizi inandırmağa çalışdılar ki, biz məğlubuq və bununla barışmalıyıq. Bütün Avropanın siyasi institutları 30 il ərzində de-fakto Qarabağı Ermənistanın bir hissəsi kimi qəbul etmişdi. BMT-nin dörd qətnaməsi isə “quş” üçün qəbul olunmuşdu sanki. Yəni “ay əqri viz yu”, amma fakt budur, barışın.

Amma bütün bu Avropa, dünya siyasi elitası balaca bir məqamı unutdu. Unutdu ki, nə ölkə rəhbərliyi, nə də xalq bununla barışmayacaq. Ali Baş Komandan yüksək kürsülərdən dəfələrlə danışıqlar yolu ilə bu məsələnin həll olunmayacağı barədə fikirlər deyirdi. Təbii ki, Avropa bizim, ölkənin, dövlətin bu məsələdə necə prinsipial olduğunu anlamırdı. Bu torpaqlar bizdən olan hər kəs üçün namus məsələsi idi.

Avropa unutdu ki, bir gün evini-yurdunu ayaqyalın tərk edən körpələr, 30 il sonra öz evlərinə tank belində qayıdacaqlar. Döyüşə-döyüşə. Dünya unutdu ki, bizim xəmirimiz qanla yoğrulub, su ilə deyil.

Əslində biz bu 30 il ərzində ancaq döyüşdə, səngərdə döyüşərək şəhid olan həmvətənlərimizin ölümünü deyil, minlərlə dinc sakinimizin erməni tərəfindən qətlə yetirilməsinin əvəzini tələb edirik.

2020-ci ildə Gəncə, Tərtər, Bərdəyə atılan raketlərin nəticəsində öldürülən körpələrimizin ölümünü tələb edirik. Hanı bəs humanitar təşkilatlar, zir-zibillər? Yoxdurlar, çünki ola da bilməzlər. Onlar üçün Gəncədə məhv olunan körpələr vacib deyil. Amma Aşotun burnu qanasaydı Azərbaycan XXI əsrdə erməni soyqrımını həyata keçirən ölkə kimi tarixə düşəcəkdi. Bizi haqlı davamızda günahkar çıxarmaq istəyənlər o qədər çoxdur ki?

İllər ərzində dəfn etdiyimiz əzizlərimizin ruhuna and olsun ki, bu gün bu qalibiyyəti yaşamağa haqqımız var. Bu gün əldə olunan qələbə haqqında hər küncdən qışqırmağa haqqımız var. Bu qələbəni Azərbaycan qazandı. Ən böyük müttəfiqi, ən böyük dayağı olan Türkiyə ilə birlikdə. 
Azərbaycanın qalibiyyətini həzm edə bilməyənlər, mənə yox, xarici ekspertlərə qulaq assın. Heç nə yox, Rusiya Federasiyanın prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionovun Vətən müharibəsinin qalibi kimdir sualına verdiyi təhlili dinləsin. Başa düşməsə əlli dəfə qulaq assın. İllarionov qısa və dəqiq bildirir ki, bu müharibəni Azərbaycan və onun Ali Baş Komandanı udub. Bunu qəbul etsələr də, etməsələr də, bu belədir. İllarionov bildirir ki, bu illər ərzində Azərbaycan dayanmadan silahlanaraq orduda böyük inkişafa nail olub. Daim təlimlər keçirib, ordunu tam döyüş vəziyyətinə gətirib, lazım olan məqamda isə var gücünü ortaya qoyaraq qələbə qazanıb. Bəli, Azərbaycan qalib, Ermənistan isə məğlub ölkədir. 

O zaman qalib ölkə niyə qalibiyyətini qeyd etməsin ki? Niyə dünya bizi elə məzlum və məğlub görmək istəyir ki? Dünya düzəni dəyişir, güc balansı da həmçinin. Artıq qarın üstündə ayaqyalın qaçan Azərbaycan yoxdur, tank üstündə olan Azərbaycan var. Hələ “Bayraqdar”ı, “Harop”u, “Lora”nı demirəm.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. Bu kimlərinsə yuxusunu ərşə çəkdi, bəzilərinin ürəyi tutdu. Olsun, biz buna ancaq sevinirik.

Bu parkın olması niyə zəruri idi?

Çünki biz ordumuzun hansı qalibiyyəti əldə etməsindən xəbərdar olmalıyıq. Biz ordumuzun düşmənin hərbi texnikasını konserv qutusuna necə çevirdiyini görməliyik. Göz yaddaşı fövqəladə bir şeydi. Göz insanın inandığı ən birinci varlıqdır.

Bu parkın olması ilk növbədə gələcək nəslin özünü düzgün identifikasiya etməsi deməkdir. Bu ona qalib xalqın nümayəndəsi olduğunu hər dəfə təlqin edəcək. Milli kimlik, milli ideyanın nə olmasını anladacaq. Biz gələcək nəsli düzgün tərbiyə etməliyik.

Nə də olmasa unutqanlıq kimi müstəsna xüsusiyyətimiz var. Başımıza gələn bütün müsibətlərin səbəbi də elə budur. Bu dəfə isə unutmaq olmaz. Nə Xocalını, nə Kəlbəcəri, nə Gəncəni, nə Tərtəri, nə Bərdəni, nə də bu torpaqlar uğrunda canını fəda edən minlərlə şəhidimizi.

Unutmağa haqqımız yoxdur!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678