Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı keçirilib – FOTO

123 Baxış

Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimat mərasimi keçirilib.
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq abidələr gününə həsr olunmuş Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimat mərasimi keçirilib.

Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəsmi saytında məlumat yerləşdirilib. 

Təqdimatda Təhsil Nazirliyindən, Milli Məclisdən, Azərbaycan Memarlar İttifaqından, ali təhsil müssisələrindən qonaqlar iştirak edib. Belə ki, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkillərindən Hicran Hüseynova, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, ADMİU-nun rektoru Ceyran Mahmudova iştirakçılar sırasında olublar.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova layihənin hazırlanmasında əsas məqsədin Azərbaycanın tarixi şəhəri olan Şuşa şəhərinin nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarət olduğunu vurğulayıb. Eyni zamanda o, tezliklə işğaldan azad olunan, erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərində tələbələrimizin təqdim etdiyi şəhərsalma strukturuna dair yeni inkişaf layihələri ilə əlverişli, müasir tələblərə uyğun yaşayışın bərpa olunacağına inamını ifadə edib.

Təxminən 1 il çəkən bu layihənin hazırlanması üçün tələbələr Şuşanın abidələri, infrastrukturu haqda tarixi məlumatlar toplayıblar, arxivlərdə işləyiblər, mövcud arxiv sənədləri ilə tanış olublar.

İki istiqamətdə hazırlanan layihələrin şəhərsalma strukturunun inkişafı üzərində işləyən tələbələrə AzMİU-nun dosenti, Əməkdar memar Yeganə Hacıyeva, abidələrin bərpası istiqaməti üzrə işləyən tələbələrə isə AzMİU-nun professoru, memarlıq doktoru Səbinə Hacıyeva rəhbərlik edib. Daha sonra layihə mərasim iştirakçılarına təqdim olunub.

Layihədə şəhərsalma strukturunun inkişafı istiqaməti üzrə tələbələrə rəhbərlik edən Y.Hacıyeva Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layihəsi barədə danışıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Məlum olub ki, birinci mərhələdə əsasən ictimai, yaşayış və qeyri-yaşayış zonaları, sənaye, istirahət və yaşıllıq əraziləri üzrə işlər görülüb. Sonrakı mərhələdə yeni yaşayış zonaları təklif olunub, şəhərin mövcud ərazisinin 2040-cı ilə qədər yeni sərhədləri ilə bərabər təyini, Şuşa üçün ekoturizm marşrutunun, ümümi yaşıllıq sahəsinin rekreasiya zonasının yenilənməsi, yeni tikililər üçün ərazilərin ayrılması, küçələrin şəhər ətrafı kateqoriyalarının bölünməsi, ayrılması, piyada turist marşrutlarının təyini və s. həyata keçirilib.

Səbinə Hacıyeva memarlıq irsinin bərpası istiqaməti üzrə məlumat verərkən qeyd edib ki, ümumilikdə, Şuşada 165 tarixi abidə var, amma tələbələr təbii ki, onların hamısı deyil, bir qismi üzərində iş aparıblar:

“Biz layihəyə başlayanda Şuşa şəhəri işğal altında idi, biz ora gedə bilmirdik. Tələbələr yalnız arxivlərdən əldə etdikləri məlumatlar, eskizlər əsasında işləyiblər. Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsi ilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib”.

Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Həsən bəy Vəzirovun və başqalarının ev muzeyləri, hamam, karvansaray və bulaqların bərpa eskiz layihələrini təqdim ediblər. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678