Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qonşu ölkələrdə milli valyutalar dollarla sınağa çəkilib: Manat üçün həyəcan təbili çalınır? – ŞƏRH

120 Baxış

Dünya praktikasında qonşu ölkələrdə iqtisadi stabilliyin olması ölkə iqtisadiyyatı üçün əsas amillərdən biri hesab olunur. Əksər dövlətlərin ticarət dövriyyəsində qonşu ölkələrin əhəmiyyətli rolu var. Azərbaycanın ümumi ticarət dövriyyəsində də həmçinin Türkiyə, Rusiya, Gürcüstan və İran kimi qonşu dövlətlərin payı kifayət qədər böyükdür. 

Oxu.Az-ın məlumatına görə, son bir-neçə ay ərzində bu ölkələrin dollarla nisbətdə milli valyutalarına qarşı təzyiq daha da artıb.

Üzən valyuta rejiminin tətbiq olunduğu Rusiya və Gürcüstanda milli valyutanın məzənnəsində bir qədər fərqli dinamika hiss olunur. Gürcüstanda dolların dəyəri ilin əvvəlindən mart ayına qədər nisbətən sabit irəliləsə də, aprel ayında dolların mütəmadi bahalaşması pik səviyyələrdə müşahidə olundu. May ayının 26-da ilin əvvəlindən ilk dəfə Gürcüstan larisi dollara nəzərən bahalaşsa da bu gün milli valyuta yenidən dəyərini itirib.

Rusiyada milli valyuta ilin əvvəli ilə müqayisədə cüzi dəyər qazansa da son aylar ərzində məzənnədə kəskin dəyişkən dinamika müşahidə olunub. Hazırda Rusiya və İranda siyasi proseslər fonunda milli valyutanın təzyiq altında qalmaqda davam etdiyi bildirilir. İranın Mərkəzi Bankın sədri düşünür ki, sanksiyaların aradan qaldırılması ölkənin maliyyə bazarındakı vəziyyətə də böyük təsir göstərə bilər.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyevin fikrincə, hazırda siyasi proseslərin ölkələrin milli valyutasına təsir etmək imkanları güclüdür, hətta bəzi ölkələr üçün sanksiyalar ölkə iqtisadiyyatı üçün kritik nəticələrə gətirib çıxarır:

“Üzən valyutanın tətbiq olunduğu Türkiyədə lirənin məzənnəsinin dollara münasibətdə tez-tez dəyişdiyinin şahidi oluruq. Dollarla münasibətdə lirəyə müəyyən təzyiq hiss olunur. Türkiyə ilə yanaşı Rusiya və Gürcüstanda da üzən valyuta sistemi qəbul edilib. İranda isə məzənnə dövlət tərəfindən tənzimlənir. Beynəlxalq miqyasda İran valyutası ilə dollar arasında qiymətləndirmə fərqli aparılsa da İran daxilində milli valyutanın dollarla mübadiləsində daxili qiymətləndirmədən istifadə edilir. Hazırda Rusiya və İranın Qərbin tətbiq etdiyi sanksiyalardan dolayı iqtisadi çətinliklərlə qarşılaşdığı heç də sirr deyil.

Bildiyimiz kimi Azərbaycanda milli valyuta tənzimlənəndir. Qonşu ölkələrdə baş verən proseslər Azərbaycan milli valyutasına təzyiqləri ya artırır, ya da azaldır. Təzyiqlər artırsa dövlətin tənzimləmə yükü artır. Təzyiq azalırsa dövlətin yükü azalır. Bütün hallarda dövlət çalışır ki, məzənnədə dəyişiklik baş verməsin. Əks halda, biz hər dəfə dalğalanmanı hiss edərdik.

Hazırda isə Azərbaycanda milli valyutasına təzyiq var. Keçən ilin eyni dövrü ilə müqayisədə bu təzyiq azalsa da, hələ də qalır. Bütün bunlara baxmayaraq, dövlət özünün ehtiyatları hesabına daxili bazarda məzənnəni qoruyub saxlamağa çalışır”.

Qeyd edək ki, 2021-ci ilin ilik dörd ayı ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 1 milyard 594,5 milyon dollar, Rusiya ilə 839,7 milyon dollar, Gürcüstan ilə 335,5 milyon dollar, İran ilə 134,1 milyon dollar olub. Xüsusilə Türkiyə, Rusiya və Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr arasındadır. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678