Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş prokuror korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq tədbirdə çıxış etdi – FOTO

110 Baxış

Azərbaycan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə dair xüsusi sessiyasında iştirak edib.

Cari ilin 2 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev təmsil edir. 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın açılış nitqi ilə başlanmış tədbirdə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yolları, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının daha effektiv tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Daha sonra, BMT-nın Baş Assambleyasının 17 dekabr 2018-ci il tarixli 73/191 nömrəli qətnaməsi əsasında yaradılmış korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yollarına, həmin Konvensiyasının müddəalarının tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmlərinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək, Tərəf Dövlətlərinin birgə səyləri ilə hazırlanıb və korrupsiyaya qarşı mübarizədə kollektiv tədbirlərə yönəlmiş Siyasi Bəyannamə qəbul edilib.

Daha sonra, BMT-nin nümayəndələrinin, Konvensiyaya tərəf olan ölkələrin dövlət və hökumət başçıları, o cümlədən digər yüksək vəzifəli şəxsləri ilə yanaşı video formatda çıxış edən Baş prokuror Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barəsində geniş məlumat verərək, iştirakçılara bu sahədə effektiv mübarizə siyasətinin tərkib hissəsi kimi həyata keçirilmiş islahatlardan, ölkədə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin və eləcə də hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətindən bəhs edib, o cümlədən qəbul edilmiş Siyasi Bəyannamənin növbəti bir universal sənəd kimi Tərəf Dövlətlərin səylərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

Həmçinin, xüsusi sessiyaya əlavə olaraq Azərbaycan tərəfinin təşəbbüsü ilə dünyada qeyri-kommersiya təşkilatlarında baş verən korrupsiya hüquqpozmaları ilə bağlı məsələlərin müzakirəsi üzrə müvafiq görüş keçiriləcəkdir.

BMT BA-nın xüsusi sessiyası öz işini cari ilin 4 iyun tarixinədək davam etdirəcəkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678