Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yalan xəbərləri necə inanmayaq və yaxud Niquşları necə Nigar etməli? – İkinci yazı

120 Baxış

Qan Turalı yazır…

İlk məqaləni media savadlılığının ümumi prinsipləri haqqında ayrıca bir yazı yazmaq vədi ilə bitirmişdim. Qısaca bir xatırlatma eləyək. Media savadlılığı müasir dövr üçün ən əhəmiyyətli vərdişlərdən biridir. Tarixin heç bir dövründə olmadığı qədər çox informasiyaya məruz qaldığımız üçün hər bir şəxs mediada yayılan xəbərləri düzgün anlamalı, saxta xəbərləri, eləcə də təbliğatı ya da şişirtmələri bir-birindən ayırmağı bacarmalıdır. Bu, ancaq media ilə peşəkar məşğul olan insanların işi deyil. Misal üçün, COVID-19 vaksinlərini götürək. Milyonlarla insan bu barədə yayılan yalan xəbərlərə etibar edir və müxtəlif məqsədlər üçün yayılan bu xəbərlərə həqiqət kimi baxır. Göründüyü kimi, məsələ heç də bizə uzaq, mücərrəd bir mövzudan yox, bizim həyatımızla, sağlamlığımızla bağlıdır. Bu yalan xəbərlərə inanan insan peyvənd vurdurmayaraq xəstəliyə yoluxsa və yoluxma onun ölümü ilə nəticələnsə, necə? Məhz bunun üçün saxta xəbərləri gerçək xəbərlərdən ayırmağı bacarmaq lazımdır. 

Malkolm İks bu məqamı çox gözəl ifadə edir: “Diqqətli olmasanız, media pis adamları sizə sevdirəcək, yaxşı adamlara isə nifrət etdirəcək”. 

Diqqətli olmaq isə ilk növbədə xəbərin mənbəyini öyrənməkdir. Misal üçün, peyvənd əleyhinə olan bir şəxsin açıqlamalarını görürsünüz. Bu şəxsin adını internetdə axtarmaq bir saniyəlik işdir. Hətta xarici dil bilməsəniz belə, tərcümə proqramları ilə bu şəxsin nə qədər etibarlı olub-olmadığı üzə çıxır. 

Öz təcrübəmi deyəcəm. Pandemiyanın ilk günlərində özünü həkim kimi təqdim edən bir şəxs bu virusun bizə heç nə edə bilməyəcəyini deyərək, bunun səbəbini isə ana və bacılarımızın evi səliqəli saxladığı ilə izah etməyə çalışırdı. Elə iddiaların yayıldığı “Facebook” şəbəkəsində həmin şəxsin həkim yox, əczaçı olduğu görünürdü. Üstəlik, hava yolu ilə başqa şəxslərdən bizə yoluxan bir virusun təmiz evə nə aidiyyəti var? 

Bu mənada istənilən xəbərə tənqidi gözlə baxmaq faydalıdır. Elə yenə də pandemiyanın ilk günlərində məşhur Canan Karatay “kəllə-paça” ilə virusdan müalicə haqda danışırdı. Halbuki iki dəqiqəlik bir araşdırmada Karatayın infeksionist olmadığını və eləcə də Türkiyə Həkimlər Birliyi tərəfindən bir neçə dəfə cəzalandırıldığını və həkimlik fəaliyyətindən uzaqlaşdırıldığını oxuya bilərsiniz. Hətta maraqlı bir başqa xəbər də görəcəksiniz. Karataya zəng vuran fırıldaqçılar “bank hesabınıza terroristlər girib” adı ilə onu aldadaraq pulunu mənimsəmişdilər. Bu xəbərlərdən sonra “kəllə-paça” söhbətinə inamınız qalacaqmı?  

Saxta xəbərlərin bir neçə növü var, bunlardan biri isə uydurmadır. Bunun üçün xəbərin mənbəyinə baxmaq kifayət edir. Misal üçün, hansısa bir dövlət rəhbərinin adından yayılan açıqlama sizi şübhələndirirsə, onun şəxsi saytına, ya da sosial şəbəkə hesablarına baxa bilərsiniz. 

Burada üzr istəyərək, daha bir şəxsi təcrübəmi paylaşmaq istəyirəm. İnternetdə bir xəbər dolaşırdı, həmin xəbərdə ÜST-ün səlahiyyətli şəxsi olan tibb professorunun mətbuat konfransında karantin rejiminin iqtisadiyyata ziyan vurduğunu əsas gətirərək ləğv edilməli olduğunu elan edirdi. Axı hansı həkim minlərlə şəxsin həyatı bahasına başa gələn bir fikri ölkə iqtisadiyyatı naminə elan edə bilərdi? Həkim niyə iqtisadiyyatı düşünməlidir ki? Bu həkimlik peşəsinin mahiyyətinə ziddir. ÜST-ün saytına nəzər yetirdikdə isə professorun həmin fikirlərin tamamilə əksini dediyi üzə çıxdı. Bu mənada ilkin mənbəyə baxmaq həmişə faydalıdır. 

Bu yaxınlarda sosial şəbəkədə Ağdamda hərbi ehtiyaclar üçün yüzlərlə aşbaz, ofisiant, qabyuyan tələb edildiyi barədə bir elan yayılmışdı. Elanda iki nəfərin telefon nömrəsindən başqa heç bir məlumat yox idi. Bu elanı hətta jurnalistlər də həvəslə paylaşmışdı. Halbuki Müdafiə Nazirliyinin saytında belə bir elan yox idi. İstər sözügedən, istərsə də digər nazirliklər vakansiyalar barədə məlumatı öz saytlarına yerləşdirirlər. Çünki söhbət dövlət qulluğundan gedir, “İsinin moykası”ndan yox.  Ancaq bunun fərqinə varmadan paylaşmaqla siz bir fırıldaq əməlinə özünüz də bilmədən yardımçı olursunuz. 

Xəbərləri nüfuzlu mətbu orqanlardan oxumaq əslində ən optimal yoldur. Sosial şəbəkələrdə isə adətən bunun fərqinə varmayan istifadəçilər qarşılarına çıxan ilk linkə basaraq aldıqları məlumatı həqiqətin son instansiyası sayırlar. Dezinformasiya yayan saytlarda isə əksər hallarda orqanın baş redaktoru, ünvanı, telefon nömrəsi kimi qanuni tələblər belə gözlənilmir. Bunun fərqində olmayan istifadəçi isə bəzən yerli və xarici nüfuzlu orqanlarla qara mətbuatın fərqini anlamayaraq asanlıqla yalanın toruna düşür. 

Bu məsələdə ən vacib məqamlardan biri də xəbəri təqdim edən mətbu orqanın və dolayısı ilə xəbərin kim tərəfindən maliyyələşdirilməsini bilməkdir. Aydın məsələdir ki, mətbu orqan təsisçisinin maraqlarını qoruyur. Bu mənada məşhur düstur işə düşür: “Məhsul pulsuzdursa, demək məhsul sizsiniz”. Pulsuz “Facebook”un istifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə, reklamverənlərə və ya ABŞ təcrübəsində olduğu kimi siyasi manipulyatorlara verdiyi üzə çıxmışdı. Ölkəmiz üçün bu gün xarakterik olmasa da, mətbu orqanın oxucular tərəfindən maliyyələşdirilməsi, insanların haqqını ödədiyi xəbəri oxuması və dolayısı ilə də mətbu orqanın oxucu qarşısında məsuliyyət daşıması media savadlılığının mühüm şərtlərindən biridir. Qırx dörd günlük müharibə günlərində Böyük Britaniyanın “The Times” qəzetinin “Ermənilərin müharibəsi qızışır, Tarix Consonu səsləyir” adlı məqaləni çap etməsindən iki gün sonra “panarmenian” saytı ingilis versiyasında “Türk quldur dəstələri Boris Consonun ulu babasını öldürmüşdü” başlıqlı məqalə yerləşdirilməsi hər iki medianın öz təsisçilərinin sifarişlərini yerinə yetirərək aşkar manipulyasiya ilə məşğul olduqlarını nümayiş etdirirdi. 

Kimyada lakmus kağızından istifadə edirlər. Bu kağızın üstünə sizə naməlum maddəni tökəndə qırmızı rəng yaranırsa, maddənin turşu, göy rəngdə isə qələvi olduğu məlum olur. Həyat isə elə də asan deyil. Eləcə yalan xəbər də. Ancaq düzgün mülahizə yürütməklə, şübhə etməklə və araşdırma aparmaqla siz gerçəyi müəyyən edə biləcəksiniz. Bunun daha rahat və zəhmətsiz yolu isə nüfuzlu mətbu orqanları təqib etməkdir. 

Və bir də…  İnsan xarakteri elədir ki, bəzən özü könüllü şəkildə yalana inanmaq istəyir. Çox tanış mənzərə deyilmi ki, dostunuz sizdən gerçəyi yox, ona lazım olanı eşitmək istəyir. Bu çox insani bir mənzərədir. Qırx dörd günlük müharibə dövründə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana dəstəyini ifadə edən şübhəli və diplomatik etiketləri nəzərə almayan açıqlaması yayılmış və bir sayt da bu açıqlamanın uydurma olduğunu sübut etmişdi. İnsanlar yalana yox, yalanı aşkarlayan sayta üsyan edirdilər. İsrail ilə Azərbaycan arasında çox güclü hərbi-siyasi əməkdaşlıq mövcuddur və əməkdaşlığın saxta xəbərə ehtiyacı da yoxdur.

Və…  İstər şəxsi, istərsə də ictimai həyatda bizi ancaq həqiqətin xilas edəcəyi tarix ərzində min dəfə təsdiq edilmiş bir həqiqətdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678