Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Doğulan kimi satılan, həyatın çətinlikləri ilə üzbəüz qalan 18 yaşlı qızın ürəkdağlayan HEKAYƏSİ + FOTO

165 Baxış

“Mən hələ dünyaya gəlməmişdən anam məni istəməyib. Doğulmağımı gözləyib ki, satsın… Çalışıram bu barədə düşünməyim… Amma ömür boyu ürəyimdə bir yara qalacaq ki, görəsən, öz anam məni nə üçün istəməyib?”…

Bu sözləri eşitmək çox ağırdır. Üstəlik 18 yaşı yenicə tamam olmuş bir qız uşağından… Həyata bir addım geridə başladığını düşünən bir qız düşünün.

Onu ilk dəfə görəndə gözlərindəki parıltı məni valeh elədi. O qədər gözəl, məsum çöhrəsi var ki, saatlarla oturub izləsən, yorulmazsan.

Təəssüf ki, həyat sənin yoluna çox körpə vaxtlarında maneələr çıxardı, gözəl qız… Səni sığınacaqda deyil, o mərhəmətli qəlbinə layiq, gözəl, mehriban ailədə görmək istərdim.

Bu dəfə sizə sığınacaqda yaşayan həyatın ən ağır zərbələrinə təkbaşına davam gətirən 18 yaşlı Ülviyyə (ad şərtidir) ilə tanış edəcəm.

Oxu.Az ailəsi tərəfindən satılan qızın həyat hekayəsini təqdim edir:

Sığınacaqda belə bir qızın olduğunu eşidəndə çox üzüldüm. Çox istərdim ki, bu doğru olmasın, amma təəssüf ki, baş verənləri elə Ülviyyənin öz dilindən eşitdik.

O deyir ki, anası onu qonşuluqda yaşayan qadına satıb:

“Bunu çox sonra məni böyüdən anam məktub olaraq yazmışdı. Daha sonra qohumlarım özü də bu hadisələri mənə danışıblar. Mənim doğma ailəmlə məni övladlığa götürənlər qonşuluqda yaşayıblar. Onların yaxınlığında bizim qohumlarımız da qalırdı. Bir dəfə anam mənə hamilə qalanda qohumumuza deyib ki, “mən bu uşağı istəmirəm, atacam”. O da deyib ki, atma, tanıdığım ailə var, övladları olmur, istəmirsənsə, onlara verərsən. Həmin qadının anası, yəni mənim nənəm bildiyim qadın gəlib doğma anamla danışıb. Ona deyib ki, hamiləlik dövründə, doğum xərclərinə qədər sənin hər bir xərcini qarşılayacam. Amma uşağa yaxşı bax, dünyaya gətirəndən sonra verərsən mənim qızıma. Ailələr razılığa gəlib və mən doğulana qədər öz anamdan fərqli olaraq həmin ailə mənim gəlişimi səbirsizliklə gözləyib…”.

Ülviyyənin bu son cümləsi məni bir az daha sarsıltdı. Bu cümlə onun qəlbində 18 ildir sönməyən yaranın, boğduğu, heç kimə söyləyə bilmədiyi dərdinin üsyanı idi.

Ülviyyə deyir ki, o doğulanda anası övlad yerinə, külli miqdarda pul və qızılları üstün tutub…

“Anamın sancıları başlayıb, aparıblar xəstəxanaya. Məni satacağı ailə də xəstəxanaya gəlib. Mənə deyilənə görə, mən dünyaya gələndə doğma atama deyiblər ki, övladınız ölü doğulub. Atam da deyib ki, necə ola bilər? Əgər ölübsə, meyitini verin. Necəsə onu razı salıblar və məni dəfn etdiklərini deyiblər. Bu zaman həmin qadın məni xəstəxanadan götürərək, öz qızına övlad kimi aparıb”.

Onu övladlığa götürən ailədə heç vaxt ögey münasibət hiss etmədiyini deyən Ülviyyə deyir ki, onu qayğı, sevgi və məhəbbətlə böyüdən qadını, sözün əsl mənasında anasını 13 yaşında itirib..

Məni övladlığa götürən ailə 8 yaşım olanda ayrılmışdı:

“Nənəmlə anam məni özləri böyüdüb. Amma mənim övladlıq olduğumu heç vaxt hiss etdirməyib. Bu barədə heç vaxt danışan da olmayıb. Lakin, anam 13 yaşım olanda rəhmətə getdi. Ürəyində problemləri var idi. Məni yanına çağırdı, lakin mən həkim çağırmağa qaçdım. Bəlkə də son nəfəsində mənə hər şeyi deyəcəkdi. Hər şey anamın gedişi ilə darmadağın oldu. Dünyaya gözümü açandan böyük bir yalanın içərisində olmuşam. Amma kaş bu yuxudan heç oyanmazdım, çünki bundan sonra yaşadıqlarım ömür boyu məni incidəcək…”

Ülviyyənin həqiqətləri öyrənməsi anasının ölümündən sonra tapdığı kiçik kağız parçası ilə başlayıb. Bir balaca kağız və içərisində yazılan bir cümlə: “Mən öz arzu və istəyimlə, heç bir təzyiqlərə məruz qalmadan bu uşağı övladlığa verirəm…”

Bu kağızı görəndən sonra Ülviyyə özü barədə həqiqətləri öyrənməyə can atıb. İlk olaraq da ata bildiyi ögey atasına zəng edib:

“Mən əminəm ki, anam mənə hər şeyi deyəcəkdi. Amma nəfəsi çatmadı. Çünki bu yaşıma qədər mən o kağızı heç vaxt görməmişdim. Demək ki, anam bilərəkdən o kağızı ortalıqda qoyub ki, mən görüm. Həmişə televizorda analarını axtaran uşaqlar görəndə anam ağlayırdı. Mənə deyirdi ki, birdən kimsə çıxıb desə ki, sənin ananam, məni atıb gedərsən? Mən isə deyirdim ki, heç vaxt səni atmaram. Amma ağlıma gəlməzdi ki, bu söhbətlərin altında həqiqət yatır. O kağızı anamın çantasından tapandan sonra ilk atam yadıma düşdü.

Atama zəng edib, kimin övladı olduğumu soruşdum. Atam isə mənə həqiqətləri demək istəmədi. Çox israr etdikdən sonra etiraf etdi ki, mənim doğma atam içki alüdəçisi olub, anama zülm verib və s. Mən qərar verdim ki, doğma anamı tapım. Mən öz doğma anamı televiziyalardan birinə çıxaraq tapdım. O mənə təklif etdi ki, gəl gedək. Mən ondan yenidən məni satıb-satmayacağını soruşdum, o isə cavab olaraq dedi ki, “istəyirsən gəl, istəmirsən gəlmə”…

Ülviyyə deyir ki, doğma atası da onu tapıb və bir il doğma atasının yeni ailəsi ilə birgə yaşayıb. Lakin atasının həyat yoldaşı onu istəmədiyi üçün tez-tez mübahisələr olub. Nəticədə atası ilə aralarında yaranan söz-söhbətlərdən yorulan Ülviyyə bir ildən sonra doğma atasının yanında qala bilməyib rəhmətə gedən ögey anasının iş yoldaşıgilə gedib.

Həyat elə gətirib ki, 15 yaşında Ülviyyə işləməyə başlayıb. Rəhmətlik anasının rəfiqəsi ona sadəcə yatmaq üçün bir yer verib, bütün xərclərini uşaq yaşında özü qarşılmalı olub. Bir ili də belə geridə qoyan Ülviyyə həmin qadınla da qala bilməyib.

Tək çarəni polisə müraciət etməkdə görən Ülviyyə 15 yaşında yaşadığı ərazi üzrə polis idarəsinə gedərək, başına gələnləri danışıb. Polis əməkdaşları isə onun təhlükəsizliyini təmin etmək məqsədilə onu paytaxtdakı sığınacaqlardan birinə yerləşdirib.

Ögey anası Ülviyyəni canından çox sevsə də, qadın vəfat edəndən sonra onun ailəsi uşağa yiyə durmayıb:

“Ortada mülk məsələsi oldu. Anamın evdən payı olduğu üçün anamın ailəsi məni uzaqlaşdırdı. İtirib axtarmadılar. Heç mənim bu dəqiqə harada olduğumu bilmirlər”.

Doğma xalasının sözlərinə görə, Ülviyyə doğulanda onun bacısının 5 yaşı olub:

“Mənim o biri bacı-qardaşlarım da övladlığa verilib. Onlar məni, mən də onları heç vaxt axtarmamışam. Bildiyim qədər məndən sonra olan bacım və qardaşım da zülm çəkiblər. Doğma atamla-anam ayrılıb. Onlar ayrıldıqdan sonra atam uşaqları doğma əmimgilə qoyub. Atam işdə olanda anam gedib dava-dalaşla uşaqları oradan götürüb. Anam məndən başqa bir qardaşımı da satıb, o biri qardaşımla-bacımı isə uşaq evinə verib”.

Ülviyyə nə qədər möhkəm görünməyə çalışsa da, gözlərindəki kədəri gizlədə bilmirdi. 18 yaşlı qızın çiyinlərindəki yükün, ürəyindəki ağrının qabağında bəlkə də mindəbir insan tab gətirə bilərdi. Amma Ülviyyə bu gün qarşısına bir məqsəd qoyub.

Deyir ki, həyatda özünə elə bir yer tutacaq ki, ailəsi ondan imtina etdiyi üçün peşman olsun:

“Mən onsuz da onları geri istəmirəm. Amma əlimdən gələni edəcəm ki, öz ayaqlarım üstündə dayanım. Heç kimə möhtac olmayım. Hazırda peşə təhsili alıram. Dövlət mənim bir peşəyə yiyələnməyim üçün çox kömək olur. Gələcəkdə aşpaz olmaq istəyirəm. Öz restoranımı açacam. Öz dünyamda çox xoşbəxt olacam. Həyat məni və mənim kimi digər insanları tez yaşda sınağa çəkdi. Lakin mənim həyatımı oxuyandan sonra öz hekayəsinə bənzədənlər olsa, onlara sözüm budur ki, zəiflik etməsinlər. Bizim həyatımız hələ qarşıdadır. Biz çox xoşbəxt insanlar olacağıq. Ən əsası mən gələcəkdə övladıma elə ana olacam ki, heç vaxt başqa uşaqlara baxıb “anam məni sevir?” sualını ağlına belə gətirməsin…”

Onunla sağollaşanda hələ də son bir kəlmə deməli olduğumu düşünürdüm. Mənə elə gəlirdi ki, ona dəstək olacaq cümlə tapa biləcəm, amma tapa bilmədim. Ümid edirəm ki, həyat bundan sona Ülviyyənin arzularındakı kimi olacaq.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678