Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaricdəki Azərbaycan məktəbləri diaspor siyasətinin mühüm uğurlarından biridir

119 Baxış

Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyllərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək və diasporun potensialından faydalanmaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Azərbaycan  bu məqsədlərə çatmaq üçün  xeyli yol qət edib. Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr  möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə  sarsılmaz bağlar qura bilən ölkələr  beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz  bu hədəfə doğru irəliləyir.

Diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla etibarlı körpülər qurulmasının mühüm həlqələrindan biri də müxtəlif ölkələrdə   Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir.  Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini unutmaması, soydaşlarımız arasında dilimizin yaşaması üçün davamlı işlər görür. 

Bu gün xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir.

Eyni zamanda, dünyanın İsveçrə, İsveç, Polşa, Fransa və s. ölkələrində Qarabağ adlı Azərbaycan məktəbləri fəaliyyət göstərir. Hansı ki, bu məktəblər yalnız dilimizin, mədəniyyətimizin qorunması və təbliği ilə deyil, həm də Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya çatdırmaqla məşğuldur.  

Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur. Komitənin dəstəyi ilə çapdan çıxmış “Azərbaycan dili” kitabı xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək məqsədilə hazırlanıb. 

Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq ərsəyə gəlmiş bu kitab xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında azyaşlı soydaşlarımızın yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurmaq üçün zəruri ehtiyacları nəzərə alınıb. 37 bölmədən ibarət olan kitabın hər bölməsində həm qrammatik, həm də danışıq üçün müxtəlif səpkili tapşırıqlardan təşkil edilib. Kitabın sonunda, artıq müəyyən qədər dil bacarıqları qazanmış şagirdlər üçün əlavə oxu mətnlərinə də yer verilib. Eyni zamanda, müxtəlif sahələrə aid söz və ifadələrin 4 dildə tərcüməsi təqdim olunub. Mövzuların təqdimatında Azərbaycanın milli dəyərlərinə aid materiallara üstünlük verilib və kitabda heç bir yardımçı dildən (xarici dildən) istifadə edilməyib. Kitabı elektron qeydiyyatdan keçməklə Komitənin saytından da yükləmək mümkündür (http://diaspor.gov.az/xeberler2020/x1169.php).

Xaricdə fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin müasir mənzərəsinə gəldikdə, qonşu Türkiyədə Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyinin,  Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil  və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəbləri fəaliyyət göstərir. 

Bununla yanaşı hazırda Qazaxıstanda 7, Özbəkistanda 1, Qırğızıstan da 2 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. ABŞ və bəzi başqa ölkələrə nəzər saldıqda isə,  Floridada 2, Nyu-Yorkda 1, Bruklində 1, Kaliforniyada 1, Torontoda 1, Ottavada 1, Londonda 1 Azərbaycan dilli məktəbi həmvətənlərimizə doğma dilini, tarix və mədəniyyətini öyrədir. Qeyd etməliyik ki, bəzi ölkələrdəki həftəsonu Azərbaycan dili məktəbləri də uğurla işlərini davam etdirir. Danimarka, İsveçrə, Niderland, Fransa, Estoniya, Litva, Niderland Krallığı da Azərbaycan dili məktəblərinin fəaliyyət göstərdiyi ölkələr sırasındadır.  Qonşu Gürcüstanda isə bu məktəblərin sayı daha çoxdur və 80-i ötüb.

Hazırda Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa, Nikolayev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdəki  regional bölməsinin nəzdində də Azərbaycan dili üzrə şənbə-bazar sinifləri fəaliyyət göstərir ki, bu siniflərdə də dilimiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatlar verilir. 

Daha çox sayda azərbaycanlının yaşadığı qonşu Rusiya Federasiyasına gəldikdə isə, ölkədə fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nəzdində həftəsonu məktəbləri var. Moskva, Sankt-Peterburq, Kursk, Krasnoyarsk, Vladivostok, Voronej, Tambov, Tula, Kalininqrad, Çuvaşiya, Perm, Tomsk, Novosibirsk, Çita, Orenburq, Stavropol, İvanovo, Tümen, Arxangelsk, Çelyabinsk, Amur, Murmanskda Azərbaycan dili və mədəniyyətini öyrədən məktəblər vardır.

Ümumilikdə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi, mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir. 

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə  Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. 

Bu istiqamətdə görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə  müvafiq kurslar da var. Davamlı olaraq, fəaliyyət göstərən kurslar Azərbaycan dilinin, mədəniyyətinin incəliklərini nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədir. Kursların, eləcə də məktəblərin məqsədi həm də miqrasiya etmiş soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.

Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, Qarabağla bağlı həqiqi informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir.  

“Vətən uzaqda deyil” devizi ilə fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi  məktəblərin, kursların, təşkilatların sayının daha da çoxaldılmasını təqdir etməklə, hər bir soydaşımızın yanında olmağı hədəf seçib, onların arxasında güclü və müstəqil Azərbaycan dövlətinin dayandığını və ona azərbaycanlı olması ilə qürur duymağı aşılayır. 

Son olaraq bildirək ki, artıq dünyada diaspor anlayışına yeni yanaşma ortaya qoyulur. Modern diasporların son önəmli parametri təşkilati-mobillikdir. Dil birliyi, əməl birliyi mobilliyin mühüm elementidir. Buna nail olmaqla yeni platformalarda irəliləmək mümkündür və Komitənin fəaliyyətinin əsas sütunu olan Strateji Yol Xəritəsinin də mahiyyəti məhz buna xidmət edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678