Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Haram mömin üçün nədirsə, eqo da peşəkar üçün odur

136 Baxış

Aqşin Yenisey yazır…

Tənqid bəzən başqalarının səhvini üzə çıxarmaq istəyindən deyil, öz “səhvsizliyini” gözə soxmaq xudbinliyindən yaranır. Bəzən, sadəcə, psixoloji gərginlik (böhran) tənqid şəklində püskürür ətrafa. Hərdən intellektual “evdə qalmışlıq” da öz ömrünü tənqidçiliklə (ictimai deyingənlik) keçirir. Sağlam düşüncəni əks etdirməyən bütün bu cür hallarda tənqidin hədəfi əyrini düzəltmək deyil, onu daha da əymək olur. 

Tənqid lap siftə şeytani əməl idi. İlk tənqidçi də şeytan idi, tanrının müxalifi. Bir üzünə baxanda haqsız da deyildi; zatı od olan zatı palçıq olana nəyə əsasən itaət etməlidir, sualına tutarlı cavab istəyirdi. Cavab isə dalına dəyən təpik oldu. Dini düşüncə bu gün də tənqidi qəbul etmir, ilk fürsətdə onu cəzalandırmağa cəhd edir.

Şeytana dəyən bu təpik yaşadığımız sivilizasiyanı yaratdı. Eyni zamanda müxalif mövqeyi şeytanı sakral kimliyindən məhrum etsə də, ona sosial kimlik bəxş etdi.    

Bu gün tənqidçiliyin populyarlaşdığı, kütləviləşdiyi sosial şəbəkələr çağında asan və tezbazar yolla sosial kimlik qazanmaq, şappadan şəxsiyyətə çevrilmək, bir növ, dadaist olmaq kimi bir şeydir. Xatırlayırsınızsa, dadaistlər “dadaist olmaq üçün nə etmək lazımdır” sualına “əgər bir adama mən dadaistəm deyirsə, artıq dadaistdir” kimi cüvəllağı bir cavab vermişdilər.
Günümüzdə şəxsiyyətin dəyərini daha çox seçdiyi markalar müəyyən edir. Hər bir məşhur marka öz şöhrətini alıcısı ilə bölüşür. Modern mədəniyyət hər kəsi əşyalaşdırır. Məşhur bir markaya sahib olan insan özünü dünyaca məşhur olan həmin markanın əkiztayı kimi görür. Xoşbəxtlik hissi əşyadan insana ötürülür. İnsan markalaşır. Dünyamızda markalar, brendlər bazarını yaradan və ölümsüzlük səltənətinə çevirən sosial səbəb beynəlxalq şəxsiyyət qıtlığıdır.

Şəxsiyyətini şalvar qayışı, gün eynəyi, telefon qulaqcığı markaları ilə eyniləşdirən və nümayiş etdirən, bu sosial, mənəvi, daha çox psixoloji kompleksdən özünü vitrinə oxşadaraq çıxmağa çalışan nə qədər insan var gündəmimizdə. Hətta anadangəlmə şəxsiyyət problemi olan xanəndələrimizdən biri bir dəfə intellektual vəziyyətin dözülməz sancısı ilə qarşılaşınca evindəki içi dolu soyuducusunu vermişdi çəlimsiz şəxsiyyətinin qabağına. 

Şəxsiyyət, kimlik boşluğunun yerini dolduran təkcə maddi markalar deyil, eyni boşluğu tarix boyu əxlaqi, dini, siyasi markalarla da doldurub insanlar; siyasi partiya, dini təriqət, mentalitet fəalı olmaqla dərhal şəxsiyyətə çevrildiyini, siyasi, dini, əxlaqi kimlik qazandığını düşünənlər həmişə öz kütlələrini yaradıblar. Fanatiklər həmişə fanatı olduqlarının şöhrətinə göz dikiblər, onun məşhurluğuna əl açıblar. 

Ümumiyyətlə, fanatiklik şöhrət dilənçiliyidir; istər Tanrının fanatı ol, istər Tarkanın!  
Bu gün özü-özünə demokrat, neoliberal, nə bilim, feminist, ruhani deyən və bununla da dadaist sürətlə dərhal demokrat, neoliberal, feminist, ruhani dəyərlərin yaratdığı şəxsiyyətə çevrildiyini zənn edən və cəmiyyətlə də bir demokrat, neoliberal, feminist, ruhani şəxsiyyət kimi davranan kütləvi qəhrəmanların mühasirəsindəyik. Özünü yarada bilməyib, özünü qondaranların “dəli yığıncağında”. Adətən, ictimai tənqidin kütləviləşməsi, dağınıqlaşması, “stress atmaq” vərdişinə çevrilməsi də bu cür ictimai sərgərdanların hesabına baş verir. Çünki onlar şəxsiyyətin formalaşma dövründə eqonun itirilməsi, ondan imtina edilməsi, eqonun yerinə intellektin, peşə vərdişlərinin keçməsi prosesinə məruz qalmayıblar. 

(Sözsüz ki, bizim burada “şəxsiyyət” dediyimiz fərd, Freydə görə, 5-6 yaşlı uşaqlarda formalaşan supereqo deyil. “Eqo” dediyimiz isə daha çox Freydin “İd” (identification) dediyi, şəxsiyyətin yetkinləşməmiş, xam haldır.)

Şəxsiyyətin supereqo mərhələsində ilişib qalan bu tiplər, sadəcə, təbiətdən gələn, mədəniyyət rəndəsi ilə yonulmamış anadangəlmə eqolarının əyninə onun bəyəndiyi siyasi, dini, ideoloji bir markanın libasını geyindiriblər, vəssalam! Onlar, ümumiyyətlə, şəxsiyyət və eqonun fərqini, eqonun təbiətdən, şəxsiyyətin mədəniyyətdən gəldiyini, eqonun təbiətin heyvana verdiyi özünüqoruma instinkti olduğunu, insanın, sadəcə, bu əcdadı instinktə sosial, psixoloji aksesurlar artıraraq özü üçün tayı-bərabəri olmayan bir “mən” düzəltdiyini bilmirlər: bu cəhalət, ümumilikdə, Azərbaycan insanının ən böyük problemidir. Ona elə gəlir ki, şəxsiyyəti onun eqosudur və eqosuna qarşı müqavimət göstərən bütün vəziyyətlər onun şəxsiyyətini təhdid edir.
Bizim insan buna görə iştirakçısı olduğu bütün proseslərə eqosu ilə müdaxilə edir və elə düşünür ki, ortaya qoyduğu şey onun şəxsiyyətidir. Şəxsiyyət instinktlərindən məhrum olan bu eqoya bir də ideoloji, siyasi, dini kimliklər əlavə olunduqda adam dönüb olur Bağdadda kor xəlifə. Artıq oturduğu yerdə ictimai, ideoloji bir markaya çevrilmiş eqosu ona hamıya yuxarıdan-aşağı baxmaq imtiyazı verir. O, artıq sosial bir dequstatordur, dəyərləndirən, qiymətləndirəndir.

Mənimsədiyi ideoloji, siyasi, dini marka ona hamını, hər şeyi saf-çürük etmək səlahiyyəti verir. Yəni bir “Ferrari” bir gədəyə hansı sosial imtiyazlar verirsə, bir siyasi, ideoloji, dini kimlik də bir eqoistə o üstünlükləri tanıyır. Beləliklə, havayı, əlimyandıda sosial bir kimlik əldə etməklə eqo dönüb olur göydəndüşmə şəxsiyyət və başlayır “dünyanı düzəltməyə”. 

Fikir verdinizsə, “dünyanı dəyişdirmək” yazmadım, “dünyanı düzəltmək” yazdım. Çünki dünyanı dəyişdirmək üçün intellekt, heç olmasa, fitri istedad lazımdır. Eqosundan şəxsiyyət düzəldənlər isə belə keyfiyyətlərə sahib olmadıqlarını əllərinin içi kimi bilirlər. Bunu bildikləri üçün onlar ideyalardan, bilgi mənbələrindən, nəzəri əsaslardan uzaq gəzirlər, onların hədəfi hadisələr və şəxslərdir. Onlara balıq lazımdır, balıq tutmaq yox. Onlar hamıdan yaxşı bilirlər ki, dünyanı dəyişdirmək gücünə sahib deyillər, odur ki, “dünyanı düzəltmək” işinə girişirlər və başlayırlar onda (düzəldiləcək) səhvlər axtarmağa. 

Onlara elə gəlir ki, səbəb səhvin özüdür. Səhvin özü (sahibi) düzəlsə, səbəb də aradan qalxacaq. Yəni vulkanı su töküb söndürsək, bir daha püskürüb tozanaq qoparmayacaq. Səbəblə maraqlanmamaq onları həm “oğru dunyası”nın fanatına, həm də “oğurlama” deyən dinin aşiqinə çevirir. 

“Dünyanı düzəltmək” istəyi onları öz aləmlərində müqəddəsləşdirir; onları hər şeydə, hər kəsdə səhv tapırlar, hamını günahlandıra bilirlər, özlərində hər kəsi qınağa, tənqidə, linçə məruz qoymaq haqqı tanıyırlar. Sürüləşmənin gücü onları sosial jandarmaya çevirir. Eqo tələb edir: “Bizdən olmayanları cəzalandırmaq lazımdır”. İctimai tənqid onların əlində şallağa dönür. Sosial şəbəkə münbitliyində bu cür ictimai şallaqlıların sayı  da çoxalır və onlar cəmiyyəti tamamilə ələ keçirmək, öz eqolarının “azad zonalarına” çevirmək üçün tək-tük şəxsiyyətlərə də sürü halında hücum edirlər. Onları ən güclü yerlərindən parçalamağa çalışırlar: şəxsiyyətlərinə ağız atırlar. Tənqidin quduzlaşması bu təkləmə zamanı baş verir. Müəllif tənqidi yoxa çıxır, tənqid folklorlaşır, xəlqiləşir və praktik funksionallığını itirir. Ağız deyəni qulaq eşitmir, ictimai fikir yanıltmaclaşır, dolaşır, dil oyunlarının güdazına gedir. Tənqidi sərgərdanlıq, mız qoymaq düşkünlüyü şiddətlənir. Nihilizim və sinizmə aludəçilik özünütəsdiq vasitəsinə çevrilir.     

Həqiqi şəxsiyyətlər formalaşma dövründə eqonun şəxsiyyətin yaranmasına mane olduğunu görüb ondan imtina etdikləri üçün, adətən, belə sürü hücumlarına çox tez məğlub olurlar. Çünki eqo ilə, yəni heyvani bir instinktlə döyüşə hazır deyillər. Onlar intellektlə, faktla, fikirlə, yəni mədəniyyətin silahları ilə döyüşməyi öyrəniblər, amma dişlə, dırnaqla, şıllaqla üz-üzə gəliblər. Şəxsiyyətin tənhalığı bu məğlubiyyətin nəticəsidir. Tənhalıq insanın deyil, şəxsiyyətin taleyidir. 
İnsanlıq eqonu əvəzləmək üçün tarixin bütün dövrlərində baş sındırıb. Məsələn, sufilər, buddistlər eqonun yerinə insan iradəsini təklif edirdilər. İbrani dinlər eqonu Allah iradəsi ilə əvəzləməkdə israrlıdırlar. Modern çağ isə eqonu intellekt və peşəkarlıq vərdişləri ilə yox etməyi düşünür. Bu gün bütün peşəkar mühitlərdə (peşəkar ordu, peşəkar səhiyyə, peşəkar sənət) ən başda gələn prinsip eqonun bir daha oyanmayacaq şəkildə “axtalanmasıdır”. Bəli, düz oxudunuz, bir peşəkar eqosu axtalanmış adamdır. O, yalnız ağlının, peşə vərdişlərinin, cüzi miqdarda da iradəsinin gücünə güvənməlidir. Haram mömin üçün nədirsə, eqo da peşəkar üçün odur.        

Peşəkarlar isə çox nadir hallarda eqoist və şəxsiyyətsiz olurlar. 
        


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678