Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

12 il narkotik istifadəçisi olan qadın: “Onu içirdib cibindəki 4 min manatı götürdüm və … ” – REPORTAJ

133 Baxış

“Patı” çəkən qadın körpəsinin dilini qopardı…

Aralarında qadınların da olduğu “patı” satanlar saxlanıldı…

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə Lənkəranda “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb…

Təəssüf ki, buna bənzər başlıqlı xəbərlərin sayını artırmaq olar. Bu, sadəcə onların bir qismidir. Cəmiyyətin üz-üzə qaldığı “ağ ölüm” ilə vətəndaşlar, aidiyyəti qurumla birlikdə mübarizə aparır.

Bəzən cəmiyyəti statistik məlumatlar və tövsiyələr yorur. Hətta bəlkə də inandırıcı gəlmir. Cəmiyyətdə maarifləndirmə tədbirlərinə dəstək olmaq məqsədilə Oxu.Az-ın əməkdaşları narkotik bəlası səbəbindən həyatları məhv olmuş insanlarla həmsöhbət olub.

Belə ki, yolumuz 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsinədir. Həmsöhbətimiz isə 12 il narkotik istifadəçisi olmuş 35 yaşlı Kristina Dobromıslovadır.

Ailəsinin maddi durumu yaxşı olmadığı üçün təhsilini yarıda qoyan Kristina, işləməyə başlayıb. Anasına və özündən kiçik iki qardaşına baxmaq üçün işləyən Kristinanı həyatın uçurumuna aşiq olduğu adam gətirib:

“İşlədiyim yerdə sevdiyim oğlan var idi. Onunla birlikdə tanışlarla tez-tez yığışırdıq. Həmin görüşlərin birində heroin və kokain çəkdik. Sadəcə təklif etdilər və mən bir dəfə dadına baxmaq istədim. Belə-belə bir də oyandım ki, aludəçisi olmuşam. Gənc olanda insanın belə pis vərdişlərə marağı olur. İçki, siqaret və narkotikin dadını bilməyə çalışırsan. Hər yerdə narkotik axtarmağa başladım.

Həmin oğlan uzun illər mübarizədən sonra canını bu bəladan qurtara bildi. Mən isə geriyə dönə bilmədim. İndi oyanmışam ki, 35 yaşım var və 4 il 4 aydır ki, həbsxana həyatı yaşayıram”.

Kristina deyir ki, zamanında çox insan onu bu yoldan döndərmək üçün əllərindən gələni edib, o isə…

“Mən anamın, sevdiklərimin, məni istəyən dostlarımın xətrinə çox dəymişəm. Onlara qarşı çox kobud olmuşam. Mənə kömək əli uzadanların mərhəmətindən belə sui-istifadə edib, narkotik üçün pul almışam. Özümü məhv etməkdən başqa heç nə etməmişəm. Narkotik tapmaq üçün oğurluq da etmişəm, quldurluq da etmişəm. Narkotik çəkəndə real həyatdan qopursan, hər şey sənə asan gəlir. Amma bir neçə saat sonra özünə gələndə peşmançılıq fayda vermir”.

Kişilər, gecə görüşləri və pul…

Kristina deyir ki, narkotik üçün pul tapmayanda müxtəlif işlər görməyə başlayıb:

“Artıq insanlarla tanış olmağa başlayırdım. Onlarla restorana gedirdik, ya da haradasa başqa bir ictimai yerdə görüşürdük. Bir az səmimiyyət yaranandan, içki içdikdən sonra xoş hal olurdular. Fikirləri dağılandan sonra ciblərinə girmək rahat olurdu. Nə qədər pul olsa, götürürdüm. Bir dəfə çox imkanlı biri ilə tanış oldum. O zaman narkotikə dəhşət ehtiyacım var idi. O an tək çarəm onu içirdib, cibindən 4 min manatı oğurlamaq idi. Elə də etdim. Kriminal xəbərlərdə gördüyünüz oğurluq, cibgirlik, evlərə girmək, quldurluq etmək və s. kimi əməllərin çoxunu etmişəm.

Amma mən o dərəcədə narkotiklərdən istifadə etmirdim ki, ağlımı aparsın kimisə öldürüm, kiməsə bıçaq çəkim. İndiki narkotiklər sintetikdir və insanın ağlını təmiz əlindən alır”.

Kristina müalicəyə başladığını və xəstə kimi qeydiyyata düşdüyünü də deyir:

“Mən narkoloji dispanserdə qeydiyyatda olduğum üçün müalicəvi dərmanlar alırdım. Narkotik tapmırdım, dərmanlar ağrıları azaldırdı. Onları həkim təyin edirdi. Amma bu müalicəni davam etdirmədim, yenə narkotik istifadəsinə qayıtdım”.

12 il istifadən sonra narkokuryerlik edərkən saxlanılır…

Kristina İrana narkotik almağa gedib. Geri qayıdan zaman isə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb:

“Narkotik satışı ilə məşğul olmamışam. Sadəcə kuryer kimi narkotiki bir nəfərdən alıb, o biri adama verməli idim. Mən bunu sağlam insanlar istifadə etsin deyə etmədim. 90 faiz hallarda narkomaniyanın müalicəsi yoxdur, bunu insan özü istəməlidir. Mən bu yoldan heç cür qayıda bilmədim. Bu yolda hər şeyimi itirdim. Nəhayət yolum həbsxanaya çatdı. 35 yaşım var və bir də gözümü açdım ki, dörd divar arasındayam. 35 ildə isə öz ətrafımda narkomaniyadan sağalan yalnız sevgilimi tanıyıram. Qalanları 4 il, 5 il uzaqlaşıb yenidən narkotikə qayıdır. Gec olmadan bunu başa düşmək lazımdır. İndi gənclər sintetik narkotiklərdən istifadə edir. Metamfetamin istifadə edənlər çox qısa zamanda özünüidarəni itirirlər. Həyatımın 12 ilini zibilliyə atdım.

Həbs olundum, bir il ərzində hər gün düşünürdüm ki, buradan tez çıxım, gedim narkotik tapım. Artıq 4 il 4 aydır ki, buradayam. Bilirəm ki, mənim danışdıqlarımı oxuyan narkotik istifadəçiləri sadəcə gülüb keçəcək. “Bu nə danışır? Heç bu həzdən əl çəkmək olar?” kimi sözlər deyəcəklər. Mən də belə olmuşam. O vaxt dərk etməmişəm və sonunu düşünməmişəm. Amma istərdim ki, onlar mənim kimi etməsin. Çətindir, dərk etmirlər, başa düşmürlər. Mənim səhvlərimdən, düşdüyüm vəziyyətdən hansısa məqam kiminsə diqqətini cəlb edəcəksə, dayansın! Həyat gözəldir. Narkotikin sonu yoxdur. Ya ölümdür, ya da mənim kimi məhkum həyatı. Bunu oxusalar, məni tanıyanlar da deyəcək ki, “gör bu sözləri kim deyir?”. Dünənə qədər narkotik üçün hər şey edən Kristina.

Narkomanların bu yoldan çəkinməsi üçün onlara inanmaq, dəstək olmaq lazımdır. “Səndən adam olmaz, sən daha geri dönməzsən”, – deyib itələmək yox. Mən və mənim kimi insanlar sadəcə aludəçi olub uçuruma getmişik. Amma elə insanlar var ki, bu, onların həyatıdır. Həyat seçimidir. Narkomaniyanın kökünü kəsmək mümkün deyil. Məhbus həyatımın 2 il 2 ayı qalıb. Həbsdən çıxandan sonra bir daha nə narkotikə, nə də bura ilə yollarımın kəsişməsini istəmirəm”.

Könül Cəfərli
FOTO: Firudin Səlimov 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678