Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdamda mina axtaranların vacib və təhlükəli işi – REPORTAJ + FOTO

116 Baxış

İyulun 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Ağdama səfəri baş tutdu.

Səfərin məqsədi ərazilərin minalardan təmizləmə prosesini izləmək, istehkamçıların qarşılaşdığı çətinliklər barədə məlumatlar almaqdan ibarət idi.

Ünvanımız Ağdamda, Xaçınçay üzərində yerləşən su anbarının ətrafıdır.  

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabitləri ilə söhbətimizdə aydın olur ki, ərazidə partlmamış sursatlar və minalar çoxdur.

Azərbaycan dövləti Xaçınçay su anbarının bərpası üçün işlər görür, bunun üçün də ərazinin minalardan təmizlənməsi əsas şərtlərdən biridir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə Çevik Qrupunun heyət nəfəri Sərxan Abdurəhimov Oxu.Az-a bildirib ki, istehkamçı peşəsi çətin və risklidir.  

Onun sözlərinə görə, istehkamçılar fiziki yorğunluqlarla yanaşı, mənəvi-psixoloji yorğunluqlar da yaşayır.

“İşin keyfiyyətinə və sürətinə təsir etmədən bu yorğunluqları aradan qaldırmaq üçün şəxsi heyət istirahətlərlə təmin olunur”, – deyə S.Abdurəhimov əlavə edib.

Qeyd edib ki, hava şəraiti, relyef mina axtarışları zamanı çətinliklər yaradır.

İstehkamçı mina təhlükəsi və partlamamış sursatların yaratdığı təhlükələr barədə əhaliyə müraciət də edib.

“Əhaliyə çağırış edərək bildirmək istəyirik ki, nəzarət postlarından yayınaraq işğaldan azad olunmuş ərazilərə keçid etməsinlər. Burada hazırda böyük yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işlərinə cəlb olunmuş tikinti şirkətlərinin əməkdaşlarına da müraciətimiz var. Onlar təyin olunmuş iş zonalarından kənara çıxmasınlar, hər hansı partlamış sursat, ərazinin xüsusiyyətinə xas olmayan əşya görərsə, onlara kənar fiziki təsir göstərmədən “112” zəng mərkəzinə məlumat versinlər”.

Əhali bu çağırışlara məhəl qoymalıdır, əks təqdirdə faciəvi tale ilə üzləşəcəklər.

Ərazidə tibb xidməti də təşkil olunub, əgər hadisə baş verərsə, yaralıların təxliyəsi üçün lazımi tədbirlər görüləcək.

Eyni zamanda şəxsi heyətə təlimlər də keçirilir ki, hər hansı hadisə zamanı onlar operativ və çevik reaksiya verə bilsinlər.

Aqşin Kərimov

FOTO: Firidun Səlimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678