Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Broyler demokratiya”: Sözü və fikri olmayanın söz və fikir azadlığı

116 Baxış

Aqşin Yenisey yazır…

“Neoliberalizmin karnavalı, şou cəmiyyəti” yazımızı belə bir cümlə ilə bitirmişdik: “neoliberalizm kapitalın barbarlığıdır!” Bütün həyat imkanlarının kapitaldan asılı vəziyyətə salındığı günümüzdə içində eşələndiyimiz şou cəmiyyətinin oxşarına tarixdə yalnız “tamaşa və çörək” istəyən Afina və Roma quldarlığında rast gəlindiyini göstərməklə kapital hegemonluğunun bizi öz gücümüz hesabına modern quldarlıq çağına apardığını şərh etməyə çalışmışdıq. Bu yazımızda neoliberal bazarın, təhsili puldan asılı vəziyyətə salmaqla, vətəndaşları sadəcə “homoeconomicus” kimi görməklə gələcəyin necə böyük fəlakətlərinin əsasını qoyduğunu göstərməyə çalışacağıq.

Tarixin bütün dövrlərində intellektual zəka mədəniyyətin təməlini təşkil edib, hətta ibtidai ovçuluq dönəmində də uğurlu ov əvvəlcə ov heyvanının şəklini yerə çəkib ərtafında keçirilən psixoloji hazırlıq mərasimi ilə başlayırdı. Mədəniyyət ov ovlamağın özü deyildi, ovun şəklini yerə çəkə bilmək idi ki, bunu da çox güman əcdadlarımızın arasında nisbətən “savadlı” olanlar bacarırdı.  

Modern çağda isə təhsil bütün insan haqlarının başında gələn sosial bir haqq və zərurətdir. Bu gün təhsilin, təhsil haqqın yoxdursa, digər insan haqların xirtdəyəcən də olsa, bir əhəmiyyət kəsb etməz. Uzaqbaşı, tanrının yetimə göstərdiyi qayğını, bu gün neoliberal kapitalizm sənə göstərəcək. Onun insan haqları “ayələri” sənin insanlığını deyil, yetimliyini, kasıblığını bəsləyəcək. Ona görə də, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 26-cı maddəsində yazılır ki, hər bir şəxsin pulsuz təhsil almaq hüququ vardır və ibtidai təhsil məcburidir. Bu ümumdünya qanunu şirkətlərin deyil, dövlətlərin üzərinə düşən məsuliyyəti müəyyən edir. Hər bir dövlət öz vətəndaşına, ən azı, pulsuz ibtidai təhsil verməyə borcludur.

Neoliberal kapitalizmin bazara çevirdiyi ilk sahələrin başında isə təhsil gəlir. Ümumiyyətlə, bütün ideologiyalar həmişə birinci təhsili ələ keçirməyə can atıblar. Çünki təhsil yolu ilə korlanan fərdi sonradan heç bir yolla düzəltmək mümkün olmur. Neoliberal kapitalizm təhsil sahəsini özəlləşdirib bazarlaşdırmaqla gələcəyin dərin sosial uçrumunu yaradır. Çünki ödənişli təhsil hər bir vətəndaşın əldə edə biləcəyi bir haqq deyil. Kimin pulu varsa, oxuyacaq, pulu olmayan isə bu haqdan məhrum olacaq. Təhsilə tətbiq olunan bu sosial Darvinizm bizi ən yaxşı halda yalnız saraydakıların oxuyub-yaza bildiyi feodailzmə, ən pis halda isə təhsilin zənginlərin oxuduğu xüsusi məktəblərlə məhdudlaşdırılıdığı qədim Roma, yaxud Yunan quldarlığına aparacaq.

Neoliberal iqtsidaçılar (Milton Fridman, Adam Smit, David Rikardo və s.) iddia edirlər ki, dövlət vətəndaşın həyatına nə qədər az müdaxilə etsə, vətəndaşın həyatı bir o qədər yaxşılaşar. Ona görə də dövlətin nəzarətində olan sosial sektorlar ayrı-ayrı təşəbbüskar insanların, təşkilat və şirkətlətin nəzarətinə verilməlidir. Yəni dövlət istəsə belə “sosial dövlət” ola bilməz. Sosial sahələr özəlləşdirilməli və dövlət nəzarətindən çıxarılmalıdır. Yalnız bundan sonra “ucuz və keyfiyyətli” təhsildən, səhiyyədən, kommunal xidmətdən danışmaq olar. Bu, neoliberalların iddiasıdır.

Ancaq praktika ayrı şeylər deyir. Məsələn, İngiltərədəki özəlləşdirmədən sonra suyun qiyməti təxminən 50%, Boliviyada 100% artıb. Sığorta sahəsindəki özəlləşdirmə nəticəsində ABŞ əhalisinin 16% -i bu gün tibbi sığortadan məhrumdur. Dünyanın bir çox ölkəsində (o cümlədən Azərbaycanda da) təhsil sektorunda həyata keçirilən özəlləşdirmələr nəticəsində təhsilin ümumi mənzərəsində nəzərəçarpacaq irəliləyişin olmaması bir yana, üstəgəl, təhsil haqqını ödəyə bilməyən uşaqlar da məktəblərdən qovulur. Səhiyyə özəlləşdikcə, xalqın həkimə nifrəti artır, təhsil özəlləşdikcə xalq savadsızlaşır. Halbuki neoliberalist iddialara görə, tam əksinə olmalıydı. 

Valideynlərinin pulu olmadığı üçün məktəbdən qovulan, indidən üzərində kasıblığın, yoxsulluğun damğasını, travmasını gəzdirən bir uşaq gələcəyin ya Stalini olacaq, ya da Robun Qudu. Bu gün bütün dünyada kasıblıq ucbatından bu cür təhsildən məhrum edilən uşaqların sayı sürətlə artır. Hətta artıq sosial dövlətin sıxışdırılması, həyatın kapitaldan asılı vəziyyətə gətirlməsi ilə kasıblar və varlılar arasında sosial fərqin böyüməsi nəticəsində gələcəkdə sinfi münasibətlərin gərginləşərək faciələrə yol açacağından narahat olan filosoflar, elm adamları da həyəcan təbili döyəcləyirlər. Məsələn, məşhur alman sosioloqu, filosof Habermas neoliberal iqtisadi siyasətin həyata keçirilməsi ilə “sosial dövlət” tərəfindən yaradılan sosial təbəqələr arasındakı tarazlığın pozulacağını və bununla da çoxdan səngidilmiş sinfi qarşıdurmaların yenidən gündəmə gələcəyini müjdələyir. Çünki pulu olmadığı üçün anadangəlmə təhsil haqqı olmayan, yaxud məktəbdən qovularaq bu haqdan məhrum edilən kasıblar gələcəyin cahil kütlələrini formalaşdırcaqlar və heç kim zəmanət verə bilməz ki, bu kütlələr də özlərinin Leninini, Maosunu, nə bilim, Puqaçovunu yaratmayacaqlar.

Nəzərə alanda ki, təhsil sayəsində dünyanın kasıb ailələrindən nə qədər dahi insanlar çıxıb, bu gün belə ailələrin övladlarını təhsilə buraxmamaq bəşəri potensialın yarısını məhv etmək deməkdir.

Bundan başqa təhsilin yalnız şirkətlər üçün bazar rəqabətinə uyğun mütəxəssislər yetişdirməklə məhdudlaşdırılması intellektin, zəkanın bəşəri öhdəliklərini yox edir. Bunu Mişel Fuko belə izah edir ki, neoliberalizmin təhsil siyasəti sayəsində elm ticarət halına gəldikcə “bəşəri” intellektualın önünə keçən “spesifik” intellektual da tarixi səhnədəki rolunu itirir. Fukoya görə, kapitalın və dövlətin təzyiq riçaqları nəticəsində əməkçi sinifin yanında olmalı olan “spesfik”  intellektual ideoloji olaraq mövcud olan siyasətdə, ya da onun yanında yer alır. Bu da onu əmrə tabe intellektual bürokrata çevirir.

Neoliberalizmin təsir dairəsində olan qrupların dilində iki əsas tələb var: “azad seçki”, “söz və fikir azadlığı”. Məsələn, “pulsuz təhsil”, “pulsuz səhiyyə” deyə qlobal bir siyasi platforma yoxdur. Heyvan hüquqları təhsil hüquqlarından daha yaxşı qorunur dünyada. Çünki “azad seçki” də, “söz və fikir azadlığı” da vətəndaşlardan çox neoliberal güclərə lazımdır; “söz və fikir azadlığı” ilə onlara əngəl olanları hoydu-hoyduya götürüb çıxdaş etmək, “azad seçki” yolu ilə öz nökərlərini hakimiyyətə gətirmək üçün. Məsələn, Soros fondu inkişaf etməkdə olan ölkələrdə siyasi inqilablara milyonlar xərcləyir, halbuki bu ölkələrdə pul xərclənəsi bir sahə varsa, o da təhsildir. Onsuz da, təhsil səviyyəsi aşağı olan ölkələrə inqilabi yolla gətirilən “broyler demokratiya”nın heç bir işə yaramadığı dəfələrlə sübut olunub. Ancaq bundan nəticə çıxaran varmı? Buna heç baxan da yoxdur, çünki məqsəd hər hansı bir ölkənin inkişafı deyil, o ölkənin sərvətlərini inqilabı yolla tezbazar qlobal bazara soxmaqdır. Bundan ötrü ən uyğun qüvvə isə ölkədəki savadsız gənclikdir. Pullu təhsil neoliberaltlərə yaratmaq üçün peşəkar uzmanlar verdiyi kimi, dağıtmaq üçün də cahil kütlələr verir. Ona görə də “broyler demokratiya” müəllifləri nəinki ölkə gəncliyinin təhsilli olmasının tərəfdarıdır, tam əksinə, onlara daha da cahil, öz adını yazanda hərf səhvi buraxan “demokrat sürüləri” lazımdır. Bu, neoliberal siyasətin inqilabi özəlliyidir: XX əsrdə kapitalistlər inqilabları savadlı gənclərə etdirirdilər, XXI əsrin neoliberalistləri isə bu işi savadsız gənclərə həvalə ediblər. “Azad seçki”dən, “söz və fikir azadlığından” ən çox pay uman da haqqı çatmayan bu savadsız, cahil kütlələridir. Avropada üç əsrə yetişən bir demokratın bu gün inkişaf etməkdə olan ölkələrdə yelpənək kimi bir necə gündə yetişdirilməsini isə isbat etməyə ehtiyac yoxdur; kor-kor, gör-gör.   

Təhsili olmayan bir cəmiyyət “azad seçki” yolu ilə səs verdiyi adamın adını necə oxuyacaq o “sehrli qutu”nun önündə (Türkiyə praktikasında yaşanan problemdir), yaxud təhsili olmayanın nə sözü və fikri olacaq ki, onun azadlığının dərdini çəksin?

Elə anlaşılmasın ki, biz “azad seçki”, “söz və fikir azadlığı” kimi bəşəri dəyərlərin düşməniyik. Əsla, sadəcə, çatdırmaq istədiyimiz fikir budur ki, təhsilsiz, elmsiz xalqı, cəmiyyəti heç bir azad seçki, heç bir söz və fikir azadlığı xilas edə, inkişafa  apara bilməz.

Bəzən fəxrlə deyirik ki, 1918-ci ildə ADR bir çox Avropa ölkəsindən daha tez qadınlara seçmək hüququ verdi. Birincisi, yüz ilə yaxın (1848-1944) mübarizə aparan fransız feministləri, 1909-cu ildən 1971-ci ilə kimi səsvermə hüququ tələb edən İsveçrə qadınları, Viktoriya dövründən ta 1928-ci ilə kimi dirənən ingilis sufrajistləri ilə müqayisdə müsəlman qadınlar hansı mübarizənin müəllifi idilər, ikincisi, öz ərini belə seçmək ixtiyarı olmayan qadına səsvermə hüququ vermək Roma Papasından daha çox katolik olmaq deyildimi?

1923-cü ildə parlament respublikası kimi qurulan Türkiyə qadınlara yalnız 1934-cü ildə səsvermə hüququ verdi, çoxpartiyalı sistemə isə 1946-cı ildə keçdi. Halbuki bu ikisi olmadan özünü parlament respublikası adlandırmaq cəfəngiyyat sayılmalıydı.

1918-ci ildə ingilisdən, fransızdan, isveçrəlidən hansı mədəni, tarixi, intellektual, sosial üstünlüyümüz vardı ki, onları həm də siyasi prosesdə qabaqlamaq fikrinə düşmüşdük? Bu səsvermə hüququnun arxasında hansı milli, regional təcrübə, istək, fəlsəfə dayanmışdı?

Sözümün canı odur ki, o biri əsrin başında liberalizmi bizə kor-koranə soxuşdurduqları kimi, bu əsrin başında da neoliberalizmi kor-koranə bizə təbliğ edirlər. Və bunu müqəddəsləşdirmək üçün həm pullu, həm pulsuz təhsilimizin “yetişdirdiyi” cahil kütlələrimizin qul əməyindən istifadə olunur. 

İngiltərənin keçmiş baş naziri, neoliberalizmi yeni müstəmləkəçilik siyasəti kimi görən Marqaret Tetçer deyirdi: “Cəmiyyət deyə bir şey yoxdur, fərd var, insanlar əvvəlcə öz başlarının çarəsinə baxmalıdırlar”.  Bu, bizim dilimizdəki “başlı başını saxlasın”, yaxud “bacarana can qurban” kimi ictimai əxlaqı korlayan sosial Darvinizmin təməl prinsipidir.

Neoliberal kapitalın əsas məqsədi bütün dünyada öz hakimiyyətini yaratmaqdır, bundan ötrü isə ilk növbədə xalqların uzunmüddətli sosial hədəflər yaratmaq istəyini aradan qaldırmalıdır. ABŞ-ın keçmiş prezidenti Reyqan kimi Tetçer də qlobal bazarı yaratmağın və qlobal hakimiyyəti bazar vasitəsilə ələ keçirməyin yolunu millətlərin milli maraqlarından uzaqlaşdırılmasında görürdü. Buna görə hər iki lider gündəlik ehtiyacların içində itib-batan fərdi uzaq hədəfləri olan milli birliyə qarşı qoyurdular.

Bu gün cəmiyyətlə bağları qoparılmış fərd dünyanın hər yerində neoliberal kapitalizm sayəsində selin ortasında köməksiz qalan Nepal inəyi kimi böyürür, amma heç bir Marqaret onun səsini eşitmir, eşitmək istəmir…

Neoliberalizmin artıq gizli olmayan məqsədini belə ifadə etmək olar: “Tamaşa və çörək” ver, “Parçala, hökm sür!”   


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678