Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub – FOTO

141 Baxış

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2021-cı il tarixindəki müvafiq sərəncamları ilə SOCAR-ın vitse-prezidentləri təyin olunmuş Kənan Nəcəfovu və Zaur Qurbanovu kollektivə təqdim edib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, yeni təyin olunmuş vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən Rövnəq Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli olduqlarını söyləyib.

O qeyd edib ki, Kənan Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrində uğurla çalışıb və yaxşı təcrübə qazanıb.

Zaur Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyini və 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulayıb.

R. Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışıb, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulayıb, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə edib.

Daha sonra SOCAR-ın vitse-prezidentləri K. Nəcəfov və Z. Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləyiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678