Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirir

146 Baxış
Koronavirus pandemiyasının və virusun özünün insan psixologiyasına təsirləri barədə bir çox aparıcı ölkələrdə elmi araşdırmalar aparılır, mütəxəssislər virusun beyni zədələdiyini, mərkəzi sinir sisteminə mənfi təsir göstərdiyi, bir çox uzunmüddətli fəsadlara səbəb ola biləcəyini qeyd edirlər. Artıq bir çox ölkələr cəmiyyətdə aqressiyanın artması, cinayətlərin çoxalması ilə koronavirus arasında əlaqəni araşdırırlar. Mütəxəssislər qeyd edirlər ki, pandemiya başlayandan insanların davranış normaları dəyişib, əksəriyyət sanki dava etmək üçün hazır vəziyyətdə gözləyir.

Məsələn, “The Guardian” yazır ki, Böyük Britaniyada pandemiyanın pik vaxtlarında ərzaqla bağlı uzun növbələrdə davalar düşürdüsə, indi əczaçıların dörddə üçü müştərinin zorakı davranışlarının artdığını bildirib. Sosial məsafə gözlənilmir, dərman əldə etmək istəyənlər bəzən əczaçılara hücum edirlər. Aqressivliyi o həddə çatıb ki, bəzi ticarət obyektlərində polis patrulları yerləşdirilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin dosenti, Psixi Sağlamlıq Elmi Mərkəzinin kliniki psixologiya kafedrasının müdiri Sergey Enikolopov isə Rusiya mətbuatına açıqlamasında bildirib ki, mütəxəssislərdən ibarət qrup koronavirusun psixopatoloji simptomlara təsiri ilə bağlı araşdırma aparılır.

“Aqressiyanın nə qədər artdığını hələlik söyləmək mümkün deyil. Amma müşahidələr göstərir ki, koronavirusdan əvvəl cəmiyyətdə fərdlərin aqressiyası indiki kimi yüksək səviyyədə deyildi. Baxmayaraq ki, pandemiyadan əvvəl də müəyyən dərəcədə münaqişələr vardı. Tədqiqatımızda pandemiyanın reaksiyalarından biri kimi aqressiyanın, münaqişələrin artdığını qeyd edəcəyik”, – o bildirib.

Braziliyada koronavirusun qadınlara qarşı zorakılıqların artmasına təsirlərinə dair araşdırmanı əks etdirən infoqrafika

Azərbaycanda da ailədaxili münaqişələr, qadın, uşaq və yaşlılara qarşı zorakılıq halları, eləcə də ağır və xüsusi ağır cinayətlərin sayının narahatlıq doğuracaq ölçülərdə artması müşahidə edilir. Daxili İşlər Nazirliyinin illər üzrə hesabatında göstərilir ki, 2019-cu ildə ümumi cinayətlərin 11 faizi ağır və xüsusi ağır cinayətlərin payına düşübsə, ötən il bu rəqəm 13,3 faizə yüksəlib. 2020-ci ildə 26 min cinayət qeydə alınıb, bu ilin ilk yarısında isə 14 min 928 cinayət törədilib, ümumi cinayətlərin 15,7 faizini ağır və xüsusi ağır cinayətlər təşkil edib.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov hələ ötən il virtualaz.org-a açıqlamasında pandemiyanın hər kəsi çətin psixoloji vəziyyətə saldığını, psixoloji yardım üçün müraciət edənlərin sayının artdığını demişdi. Onun sözlərinə görə, özünütəcrid rejimi insanların gündəlik həyat tərzlərini dəyişib. F.İsmayılov mərkəzə müraciət edənlərdə müxtəlif psixoloji və psixiatrik pozuntuların müşahidə olunduğunu da qeyd etmişdi.

Psixoterapevt-psixoanalitik Elmir Əkbər də pandemiya səbəbindən cəmiyyətdə aqressiyanın artdığını, əksər ölkələrdə elm adamlarının pandemiyanın fəsadları ilə bağlı araşdırma apardığını, lakin Azərbaycanda ciddi araşdırmaların olmadığını deyir.

“Pandemiya və pandemiyanın qarşısını almaq üçün görülən tədbirlər insanların psixosferasına ağır təsir göstərib. Bütün dünyada ən böyük cəza azadlıqdan məhrum edilməkdir və infeksiyanın yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantinə görə insanların azadlıqları məhdudlaşdı. Qapalı şərait, evdən çıxmamaq insan təbiətinə ziddir, nəticədə sərt karantin dövrü insanların psixoloji durumuna təsir göstərdi”, – E.Əkbər virtualaz.org-a deyib.

Müsahibimizin sözlərinə görə, karantin səbəbindən boşanmaların və intiharların da sayı artıb, depressiyalar dərinləşib. Hazırda dünya əhalisi depressiyadadır.

“Müxtəlif digər psixoloji, nevroloji problemlər, təşviş, həyəcan, panik-atak da yüksək həddə çatıb. Koronavirusun sonrakı dalğasında vəfat edənlərin arasında orta yaşlılar və cavanlar da var. Bir tərəfdən, koronavirus, digər tərəfdən, panik atak, təşviş oksigen problemi yaradır”, – o, deyib.

Psixoterapevt qeyd edib ki, koronavirus insanın beyninə də müəyyən zərbələr vurur. Xəstələrlə işləyən nevropsixoloqlar təsdiqləyirlər ki, koronavirus infeksiyasına yoluxmuş insanların beyinlərində müəyyən dəyişikliklər yaranır ki, bu da insanlarda ciddi aqressiya, təşviş pozuntusu və digər pozuntular yaradır: “Ən çox maskalanmış depressiya” yaranıb. Yəni, insanlar heç bilmirlər depressiyadadırlar, amma dərin depressiyadan əziyyət çəkirlər. Bunun da nəticəsində şəxsi həyatlarında, iş mühitində ciddi problemlər yaşayırlar. Yəni “maskalanmış depressiya” hazırda çox geniş yayılıb”.

Elmir Əkbər deyib ki, cəmiyyəti bu vəziyyətdən çıxarmaq üçün güclü hazırlanmış həkim psixoterapevt və klinik tibbi psixoloq ordusu olmalıdır. “Bizdə isə bu sahədə mütəxəssis yoxdur, çünki təhsil almaq üçün mütləq xaricə getmək lazımdır. Bu elə sahədir ki, onilliklərlə tarixi olan institutlarda kitab oxumaqla öyrənmək mümkün deyil, ustadlardan dərs almaq lazımdır”.

E.Əkbər deyib ki, idman, açıq havada gəzinti, yaxınlarla maksimum vaxt keçirməklə depressiyadan uzaqlaşmağı məsləhət görür.

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov isə deyib ki, koronavirus daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələsə də, həm də bütün orqanizmdə müəyyən dəyişikliklər yaradır: “Müşahidələrimizə əsasən deyə bilərik ki, xəstəliklə bağlı insanlarda qorxu, fobiya yaranıb, davranış qaydaları dəyişib. Yəni pandemiya bir növ dünyanın düzənini dəyişib”.

R.Bayramov əlavə edib ki, pandemiyanın iki ilə yaxındır davam etməsinə baxmayaraq koronavirusun orqanizmə təsiri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır: “Pandemiya insanlarda müəyyən psixoloji gərginliklər yaradır. Məsələn, ağciyərlərdə buzlu şüşə görüntüsü insanlarda psixoloji gərginlik yaradanlardan biridir. Halbuki buzlu şüşə sindromu illərlə var, yalnız koronaviruslu xəstələrdə olmur”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə, pandemiya əhalinin böyük bir hissəsində, xüsusən də həssas qruplara aid olan insanlarda qorxu, narahatlıq və gərginlik yaradır. Pandemiyanın əsas psixoloji təsiri stress və ya təşvişin, aqressiyanın yüksəlməsidir. Pandemiyanın isə hələlik sonu görünmür… //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678