Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir görüntünün dünya ictimaiyyətinə təsir gücü Qarabağın azadlıq mübarizəsində aydın şəkildə göründü – Fəxrəddin Altun

120 Baxış

Bəşəriyyət öz tarixinin çətin bir dönəmini yaşayır, o zaman dezinformasiya və yalan asanlıqla həqiqəti əvəz edə bilər. Bu vəziyyətdə bir sıra ölkələr, o cümlədən Türkiyə həm informasiya, həm də iqtisadi və siyasi sahədə xüsusilə irimiqyaslı və çoxsəviyyəli təhlükələrlə üzləşir.

Turanmedia.az xəbər verir ki, bunu Ankarada keçirilən 25-ci Zoom Beynəlxalq Foto və Video Xəbər Yarışmasının mükafatlandırma mərasimində çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Onun sözlərinə görə, foto və video məzmun sayəsində xəbərlər daha mənalı və başa düşülən olur, ictimaiyyətdə müəyyən proseslər və hadisələr haqqında dolğun anlayışın formalaşmasına töhfə verir.

Türkiyə lideri administrasiyasının nümayəndəsi media işçilərinə qarşı psixoloji təzyiq və fiziki zorakılıq faktlarına diqqət çəkib.

“Böhran və münaqişə zonalarında hadisələri işıqlandıran müxbir və operatorların hər biri qəhrəmandır. Bu, Yunanıstan hərbçilərinin beynəlxalq qanunlara zidd olaraq qaçqın və miqrantlara qarşı güc tətbiq etdiyi, qayıqlarını Türkiyə sahillərinə doğru itələdiyi Egey dənizindəki faciəli hadisələri işıqlandıran jurnalistlərə də aiddir. Qanunsuzluğu qeydə alan jurnalistlər cinayətkarları geri addım atmağa məcbur edirlər”, – deyə Fəxrəddin Altun bildirib.

İdarə rəhbəri Yunanıstan tərəfinin Egey və Aralıq dənizlərindəki qanunsuzluqları, eləcə də Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinin (“Frontex”) hazırkı vəziyyətdə mənfi rolu barədə mətbuatda yayılan məlumatları xatırladıb.

Altun qeyd edib ki, qlobal proseslər Qərbdə mərkəzləşmiş 200 illik dünya nizamı sisteminin məhvinə gətirib çıxarıb. “Birqütblü dünya geridə qalıb. ABŞ artıq dünyaya hakim deyil. İnsan inkişafının çoxqütblü vektoru var. Hazırkı xaotik vəziyyətdə ölkəmiz özünü effektiv regional qüvvə, eləcə də böhranların həllinə töhfə verən əsas beynəlxalq oyunçu kimi təsdiq edir”, – deyə o bildirib.

Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Ankaranın beynəlxalq ictimaiyyətə təsir imkanlarını açıq şəkildə nümayiş etdirdiyi Qarabağda 44 günlük müharibə Türkiyənin təsir imkanlarının bariz göstəricisi olub. “Terror təşkilatlarının və işğalçı Ermənistanın Cənubi Qafqaz həqiqətlərini təhrif etmək cəhdlərinə baxmayaraq, media işçiləri, o cümlədən operatorlar və fotojurnalistlər müharibə zamanı baş verənləri dünyaya çatdırıb, Azərbaycanın haqlı mübarizəsindən və Ermənistanın cinayətlərindən danışıblar”, – deyə o vurğulayıb.

İdarə rəhbəri erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarında basdırdıqları minanın partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin xatirəsini ehtiramla yad edib.

Onun sözlərinə görə, Liviya, Suriya və İraq kimi digər böhranlı bölgələrdə də jurnalist işinə böyük tələbat var.

Altun müsabiqənin qaliblərini təbrik edərək, media işçilərinin, o cümlədən operator və fotojurnalistlərin əməyinin əhəmiyyətini qeyd edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678