Qazilər SOCAR-a məxsus obyektlərin mühafizəsinə cəlb edilir

14 Baxış

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Security Operation Services” (“SOS”) mühafizə şirkətində ikinci Qarabağ müharibəsinin daha 29 iştirakçısı işlə təmin edilib.

Turanmedia.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, 2022-ci ilin birinci rübü ərzində şirkət tərəfindən elan olunan 165 vakansiya üçün 162 nəfərin müraciəti qeydə alınıb və onlardan 111 nəfər işə qəbul komissiyasından uğurla keçib.

Yeni işə qəbul olunanlar arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş 29 müharibə iştirakçısı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən 4 şəhid ailəsinin üzvü də var.

Qəbul olunan yeni əməkdaşlar ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən neft sənayesi obyektlərinin mühafizəsinə cəlb ediləcək.

Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyə kimi ümumilikdə 149 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.