Varşava-Bakı aviareysi açıldı

10 Baxış

Mayın 28-də “Four Seasons Hotel Baku”da Polşanın LOT Hava Yollarının Varşava-Bakı marşrutunun açılış mərasiminə həsr olunmuş mətbuat konfrans keçirilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, mətbuat konfransında Azərbaycanın polşalı turistlər üçün kosmopolit bir ölkə olduğu vurğulanıb.

“Biz polşalı turistləri Azərbaycanda görməkdən çox məmnun olardıq. Sirr deyil ki, müasir Bakı XIX əsrin sonu – XX əsrin əvvəlində burada başlayan neft bumundan sonra Qərb və Şərqi birləşdirərək kosmopolit şəhərə çevrilib. Bu yenilik qarşısında bir qrup polşalı memar özündən sonra böyük irs qoyub. İki ölkə arasında mədəni əlaqələr var və açacağımız hava yolu vasitəsilə bu dostluğu möhkəmlədirəcəyik”, – deyə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib.

“Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Şadam ki, Varşava-Bakı hava yolu bu gündə açıldı. Bunu hədiyyə kimi qiymətləndirirəm. Mən artıq tur operatorları ilə görüşdüm, hər iki turizm agentlikləri artıq anlaşma memorandumu imzalayıblar”,- deyə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski qeyd edib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib ki, ölkələrimiz tarixi əlaqələrin 550, diplomatik əlaqələrin 30 illiyini və strateji əlaqələrin 5 illiyini qeyd edir. O, paytaxtlarımızı birləşdirən bu əlaqələri xalqlarımızı da birləşdirəcəyinə əminliyini vurğulayıb.