Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tıxaca düşməmək üçün mütləq səhər 6-da evdən çıxmalıyıq?

84 Baxış

Bu gün alatoranlıqda Bakının mərkəzində çəkilən, avtobusların tıxacsız yollarda şütüdüyünü əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, həmin videonu radio aparıcısı Raqif Raufoğlu lentə alıb.

Kadrlardan görünür ki, səhər 06 radələrində Səməd Vurğun bağı ətrafında (Dilarə Əliyeva və Puşkin küçələrinin kəsişməsi) avtobuslar boş yollarda sərbəst şəkildə gedib-gəlirlər.

Sözügedən videonu Bakıda hərəkətin təşkili, eləcə də sərnişindaşımaya nəzarət edən qurum olan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də paylaşıb. O, əhalini şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etməyə çağırıb:

“Yalnız sübh tezdən deyil, bütün günü bu cür olmasını istəyirsinizsə, şəxsi avtomobillərdən istifadədən imtina edib ictimai nəqliyyatın xidmətindən yararlanın. Daha rahat və tez mənzil başına çatmağın başqa alternativi yoxdur!”

Qurum nümayəndəsinin bu paylaşımı müxtəlif şərhlərlə qarşılanıb. İzləyicilərin çoxu səhər 7-8-dən etibarən Bakı küçələrində vəziyyətin acınacaqlı duruma düşməyini elə Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatın təşviqi ilə bağlı hər hansı ciddi iş görməməyi ilə əlaqələndiriblər. Belə ki, fəaliyyət göstərdiyi 7 il ərzində bu qurumun Bakıda avtobus zolaqları çəkməməsi, ictimai nəqliyyatda elektron ödəniş sistemini hələ də tam tətbiq edə bilməməsi, avtobus parkının yenilənməməsi diqqətə çatdırılıb. Həmçinin BNA-nın sosial şəbəkələrdə vaxtaşırı olaraq avtobus zolaqlarını göstərən müxtəlif animasiyalar paylaşması, amma reallaşmaması qeyd edilib.

Bir çox izləyici isə səhər 6-da yuxudan durub işə getmək variantının hər kəs üçün uyğun olmadığını bildirərək dövlət qurumlarını daha realist olmağa və əməli işə söykənən fikirlər bildirməyə çağırıblar. Vətəndaşlar qeyd edir ki, paytaxtda maşınların sayının artmasının səbəbi elə ictimai nəqliyyatdakı problemlərdir. Avtobuslardakı interval çoxluğu, basabas, havasızlıq insanları şəxsi avtomobil almağa vadar edir. Bundan əlavə, Bakıda ictimai nəqliyyatın hərəkət qrafiki heç vaxt dəqiq işləmədiyi üçün nəqliyyatın bu növü ilə plan qurmaq olmur. Belə ki, avtobusla saat neçədə istədiyin məkanda ola biləcəyini ehtimal etmək belə çətindir. Bakıda alternativ nəqliyyat növlərindən trolleybus, tramvayın olmadığını, velosiped yollarının sayının sıfra yaxınlığını, qatarların yalnız bir neçə istiqamət üzrə işlədiyini nəzərə alsaq, əhalini şəxsi maşından imtinaya çağırmaq kifayət qədər qeyri-real çıxış yolu kimi görünür.

 

Mütəxəssislər də bildirirlər ki, Bakıda son vaxtlarda müşahidə edilən sıxlıq və tıxacların əsas səbəbi nəqliyyat siyasətinin düzgün aparılmaması ilə əlaqədardır. Belə ki, ictimai nəqliyyatın təşviq edilməməsi, bu sahədəki pərakəndəlik, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səbəbindən taksi təsərrüfatlarının çiçəklənməsi və avtomobilləşmənin sürətlənməsi hazırda paytaxtda acınacaqlı vəziyyət yaradıb və qısa vaxtda radikal tədbirlər görülməsə, vəziyyət günbəgün daha da çətinləşəcək. Hazırda paytaxtda nəqliyyatın normal hərəkətinin təşkil edilməsi ilə bağlı yalnız yol polisinin təsirli tədbirləri müşahidə edilir ki, bu da bütün paytaxtı əhatə edə bilməz və pik saatlarında lokal xarakter daşıyır.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, nəqliyyatla bağlı problemlərin kökü onu idarəetmədən başlayır: “Bakının nəqliyyat sistemindəki ən böyük problem idarəetmədə koordinasiyanın, mərkəzləşdirilmiş dövlət siyasətini müəyyən edən və həyata keçirən yanaşmanın olmaması ilə bağlıdır. Pərakəndəlikdir, vahid dövlət siyasəti, dövlət yanaşması qəbul edilərək tətbiq edilmir. Spontan, yəni situasiyalara uyğun işlər görülür. Bunların da nəticəsi dayanıqlı ola bilməz. Ölçülüb-biçilmiş, dünya təcrübəsi və Azərbaycan reallıqları, bütün perspektivlər nəzərə alınmaqla dayanıqlı nəqliyyat sisteminin qurulmasına yönələn işlər görülməlidir. Bundan əvvəl isə nəqliyyat siyasəti müəyyən edilməlidir. Biz görürük ki, bu sahədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən səlahiyyətləri var, lakin onların Bakı ilə bağlı səlahiyyəti yoxdur. Və ya Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilən Bakı Nəqliyyat Agentliyinin də səlahiyyətləri yarımçıqdır. Hərəkətin təşkili ilə bağlı bir sıra məsələlər DYP-nin məsuliyyətindədir, yol inşaatı, mühəndis məsələləri və sair işlər isə AAYDA-nın səlahiyyətləri çərçivəsindədir. İcra hakimiyyətləri, bələdiyyələr, bunların da öz yanaşmaları var ki, bəzən onlar da üst-üstə düşmür. Birinci burdan başlamaq, irəliləyişə nail olmaq lazımdır. Nəhayət mərkəzləşdirilmiş idarəetmə sistemi qurulmalıdır.

 

Ekspert əlavə edib ki, Bakının bəzi ərazilərində məskunlaşma problemi yaranıb və buna nəzarət edilməlidir: “Mobillik məsələlərinə, xüsusi ilə ictimai nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ciddi işlərə ehtiyac var. Əlavə edim ki, pandemiya ictimai nəqliyyata çox böyük zərbə vurdu. İctimai nəqliyyatın uzun müddət işləməməsi taksilərin geniş yayılmasına səbəb oldu. Bir çox insan çətin də olsa, şəxsi nəqliyyat vasitələri əldə etdi. Beləliklə, vəziyyət daha da pisləşdi. İndi prosesi dayandırmaq və geriyə çevirmək üçün işlər görülməlidir, ilk olaraq ictimai nəqliyyatın şaxələndirilməsi həyata keçirilməlidir. Abşeron yarımadasına vahid nəqliyyat və məskunlaşma aqlomerasiyası kimi baxılmalıdır. Yarımadaya aqlomerasiya kimi baxılmadığı üçün Sumqayıt öz işi ilə, Bakı öz işi ilə, Abşeron rayonu da öz işi ilə məşğuldur. Beləliklə aləm qarışır bir-birinə. Metropoliten sözü belə şərti olmalıdır, əvəzində Abşeron Metropoliteni olmalıdır və bütün yarımada üzrə şaxələndirilməlidir. Bir sözlə, ən birinci ictimai nəqliyyatın nüfuzunu yüksəltmək, ictimai nəqliyyatdan istifadəni təşviq etmək üçün tədbirlər həyata keçirmə və nəqliyyat sahəsində hökm sürən pərakəndəliyə son qoymaq lazımdır. Bundan sonra digər məsələləri tədricən həll etmək mümkündür”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678