Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Güclü və xoşbəxt Azərbaycanı qurmaq üçün vətəndaş iradəmizi zəiflətməməliyik” – AÇIQLAMA

61 Baxış

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritet təşkil edir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət və vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bir neçə istiqamətdə uğurlu nəticələr əldə etdi: “Torpaqlarımız azad olundu, işğal faktı aradan qaldırıldı, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin edildi. Amma ən böyük nəticə xalqın bir yumruq kimi Azəbaycan Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, vahid hədəfə zərbə endirməsi və böyük nailiyyət qazanması oldu. İkinci Dünya Müharibəsindən sonra itirdiklərimizi geri qaytarmağa nail olan yeganə xalq və dövlət kimi tarixə düşdük. Azərbaycan tarixində isə son 270 ilin ən böyük qələbəsini qazandıq. Bu mənadə əldə etdiyimiz uğurların kökündə xalq, dövlət və hakimiyyət birliyi dayanır”.

Şuşanın ruhu artıq azaddır – politoloq Anar Əliyev

Anar Əliyevin sözlərinə görə, təəssüf ki, bu gün Azərbaycan cəmiyyətinin içərisində hansısa çirkli dairələrə, qaranlıq qüvvələrə və maraqlarımıza zidd fəaliyyət göstərən güclərə xidmət edən azsaylı qruplar var: “Bu, xüsusilə sosial şəbəkələr üzərindən geniş xalq kütlələrinə və ictimaiyyət nümayəndələrinə edilən müraciətlərdə özünü açıq şəkildə büruzə verir. Hesab edirəm ki, Azərbaycan xalqı siyasi düşüncə baxımından yüksək səviyyədə inkişaf edən, milli-mənəvi dəyərləri daim uca tutan bir cəmiyyət kimi həmin şəxslərin təsirinə düşmür. Amma unutmaq olmaz ki, milli və dövlət mənafelərimiz hər bir fərdin şəxsi və qrup maraqlarından daha üstündür. Bu dəyərlərin uca tutulması Azərbaycan dövlətini daim qalib edəcək və yüksəklərə qaldıracaq. Prezident İlham Əliyevin 2003-cü ildə, hələ seçkilər zamanı səsləndirdiyi, “Mən hər bir azərbaycanlının Prezidenti olacam” ifadəsi və bu fikirlərə dönmədən əməl etməsi, davamlı fəaliyyət göstərməsi hamımız üçün bir nümunədir. Hesab edirəm ki, hər bir vətəndaş İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin xoşbəxt gələcəyi üçün yorulmadan göstərdiyi səylərə nümunə kimi yanaşmalı və ondan nəticə çıxarmalıdır”.

Politoloq əlavə edib ki, ictimai və dövlət maraqları davamlı şəkildə öndə tutulmalı və hər birimizin fərdi mövqeyinə çevrilməlidir: “Bu, vətəndaş olaraq bizim borcumuzdur. Fərd olaraq hər birimiz bu ideya və düşüncənin daşıyıcısına çevrilməliyik. Cəmiyyətimizdə özünü göstərən neqativ hallara, ictimai və dövlət maraqlarımıza qarşı özünü göstərən qüvvələrə qarşı vətəndaş mövqeyindən çıxış edərək münasibət bildirməli, həmin şəxsləri qınamalı, onların özlərinə geniş yer etməsinin qarşısını almalıyıq. Bu mənada xalq olaraq üzərimizə böyük məsuliyyət düşür. Eyni zamanda fərd olaraq hər birimizin məsuliyyəti kifayət qədər böyükdür. Güclü və xoşbəxt Azərbaycanı qurmaq üçün bu istiqamətdəki addımlarımızı artırmalı, eyni zamanda vətəndaş iradəmizi zəiflətməməliyik”.

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna həsr olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678