Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tehrandan Bakıya qarşı seçki günü təxribatı

174 Baxış

AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi və bunun açıq şəkildə həm də ölkədə keçirilən prezident seçkiləri ilə bağlı olduğunun bildirilməsi, avropalı parlamentarilərin və Qərb mediasının seçki ərəfəsində apardıqları kampaniya, üstəlik, qeyri-şəffaf mənbələrdən maliyyələşən ölkədaxili bəzi qrupların təxribata hazırlaşması, “seçki saxtakarlıqları” ilə bağlı materiallar hazırlamaq və bəlli təşkilatlara ötürmək üçün təşkilatlanması haqda məlumatlar, Avropada müəyyən qrupların bu materialları həvəslə tirajlamaq üçün acgözlüklə gözləməsi, bəzi mühacir azərbaycanlıların xüsusi aktivləşməsi, təxribata açıq çağırışları, “çevriliş” ritorikaları fonunda dünənki – 7 fevral 2024-cü il – seçkilərlə bağlı müəyyən narahatlıqlar, gərginliklər vardı.

Seçki başlayandan qısa müddət sonra isə bəlli oldu ki, bütün təxribat planları suya düşdü: heç bir məntəqədə cüzi qarşıdurma belə olmadı, ciddi pozuntu aşkarlanmadı, güdükdə duran və milyonlar xərcləyən qurumlar “saxtakarlıqla dolu” video-faktlar ala bilmədilər və təbii ki, susdular. Yalnız 3-4 məntəqədə qismən pozuntu sayıla biləcək neqativliklər oldu ki, bu da 6500-ə yaxın məntəqə üçün sözün həqiqi mənasında heç nədir.

Dünən günortadan sonra dişini qıcamış “mühacir müxalifəti” də boşluğa düşdü: bütün gün ərzində yalnız 1-2 kadrı fırlatmaqdan başqa əllərindən bir şey gəlmədiyindən, tənqidin dozasını artırmaq üçün məntiqsiz ittihamlar səsləndirməyə başladılar.

Qarşıdurma yox, saxtakarlıq yox, əvəzində kütləvi aktivlik, seçki məntəqələri önündə növbələr vardı.

Azərbaycan xalqı mümkün təxribatların qarşısını öz aktivliyi, liderinə sədaqəti ilə aldı: hər kəs seçkiyə Qarabağa görə vəfa borcunu yerinə yetirmək üçün getdi və təbii ki, seçici gücü, mövqeyi və münasibəti hər şeyi kökündən dəyişdi: yalançı təbliğat və rəy yaratmaqla qrantlar alıb, “ciddi iş görəcəyini” iddia edən bəzi qruplar yəqin indi ağalarına hesab verə bilməməyin dərin depressiyasını yaşayırlar.

Beynəlxalq mediada da Azərbaycandakı seçkilərə qarşı xüsusi anti-təbliğat müşahidə edilmədi – əlbəttə ki, əvvəlcədən hazırlanmış bəzi materiallar istisna olmaqla.

Xüsusilə İran mediasının mövqeyi maraqlı idi. Seçki ilə bağlı İranın əsas agentlikləri və digər media qurumları şərləmə kampaniyasının vintciyi olmadı, əksinə, daha obyektiv xəbər yaydılar – Azərbaycanda seçici aktivliyindən tutmuş İlham Əliyevin reytinqinin görünməmiş səviyyədə yüksək olmasına qədər.

Yüksək təşkilatçılıq, hüquq-mühafizə orqanlarının təhlükəsizliyi ən üst səviyyədə qoruması və seçici münasibəti 7 fevral seçkisini gözləniləndən də möhtəşəm etdi.

Bütün bunlarla yanaşı, İran mediası günün sonuna yaxın İranda çoxsaylı casusların həbs edildiyini, bu casusların təxribat törətmək üçün “Azərbaycanda yerləşən mərkəzdən” idarə olunduğu haqda məlumat yaydı.

Qəribə mənzərədir: bir tərəfdən seçkilərlə bağlı normal münasibət, hətta seçici məntəqələri bağlanandan az sonra, ilkin nəticələr açıqlanmazdan öncə İran Prezidenti Rəisinin İlham Əliyevə təbriki gəlir və beləliklə, İlham Əliyevi təbrik edənlər sırasında qabağa düşməklə, münasibətlərin normallaşması arzusu ifadə edilir, digər tərəfdən isə məhz seçki günü “Azərbaycana bağlı casusların” kütləvi həbsi baş verir.

İranda milli fəalların həbsi “gündəlik fəaliyyət növüdür”: Güneydəki soydaşlarımız az qala hər gün İran rejiminin təzyiqləri ilə üzləşir, həbslər baş verir və hər dəfə də müxtəlif bəhanələr gətirilir, əsasən isə “dövlət əleyhinə fəaliyyət”, “rəhbər əleyhinə təbliğat” və s. ittihamlarla qarşılaşırlar. Bəs, necə oldu ki, milli fəallara qarşı növbəti həbs dalğasında “Azərbaycan mərkəzli casuslar” ittihamından istifadə edildi? Həm də Azərbaycanda keçirilən seçki günündə…

Həbslərin seçki günü aparılması da, həbs olunanların “Azərbaycana bağlı mərkəzdən” idarə olunan casuslar olması iddiası da və bunun məhz seçki günü İran rəsmi mediasında tirajlanması da qətiyyən təsadüf deyil!

7 fevral 2024-cü il Azərbaycan tarixində yeni səhifənin açılması, yeni dövrün başlaması kimi xarakterizə olunur. Görünür, İran yeni dövrdə də Azərbaycana qarşı fəaliyyət göstərəcəyinin “təcili mesajını” verməyi lazım bilir.

Bu, həm də İranın təbii qorxusunun təzahürüdür. Qarabağ münaqişəsini tarixə göməndən və sərhədlərinə sahib olandan sonra Azərbaycanın regional ölkəyə çevrilməsi yeni siyasi və coğrafı fakt olaraq ortadadır. Regional maraqlarını ortaya qoyan və sərhədlərini aşan Azərbaycan isə 40 milyon soydaşının taleyi ilə daha yaxından maraqlanmaq və onların hüquqlarını qorumaq imkanı qazanacaq.

İran artıq buna qarşı “bütün hazırlıqları” gördüyünü və Azərbaycanın yeni hədəflərinə qarşı “silahlandığını” nümayiş etdirmir ki?

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678