Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni generalın ürəyində qalan arzuları, Azıxdan açılan iqtisadi panorama – REPORTAJ+FOTO

155 Baxış

44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycanın dövlət kimi nüfuzunun geri qaytarılmasını təmin etdi. Bu, azərbaycanlıların ruhunda və milli şüurunda dönüş nöqtəsidir.

Bundan sonra isə böyük qayıdış mərhələsi başlanır, yaxın illərdə köçkünlər öz dədə-baba yurdlarına qayıdacaq – indi onlar özlərini “ağıllı kənd” və “ağıllı şəhərlər”in sakini olmağa hazırlayırlar.

Böyük qayıdış mütləq müsbət yekunlaşacaq, lakin qısa müddətdə prosesə nöqtə qoymaqda əsas maneə minalarla və partlamamış sursatlarla zəngin ərazilərdir.

Ermənistan işğal müddətində Azərbaycan ərazilərində daşı daş üstə qoymayıb, əkin-biçin, infrastruktur üçün yararlı torpaqlar isə minalarla boldur.

Füzuli “canagəlir

Yerli media nümayəndələrinin martın 17-də Füzuli və Xocavəndə səfəri təşkil olunur, bizi Xocavənd rayon İcra Hakimiyyətinin nümayəndələri və polis müşayiət edirdi.

Füzulinin Alxanlı kəndində yerləşən komendant postundan işğaldan azad edilmiş ərazilərə doğru yol alırıq, avtomobilin təkərləri şütüdükcə, biz Füzulinin işğalın və vandallığın vurduğu yaralardan inildəyən kəndləri ilə tanış oluruq.

İşğal zamanı Ermənistan keçmiş Dağlıq Qarabağa aid olmayan Füzulidən bufer zonası kimi yararlanıb, ilkin müdafiə xətlərini burada qurub.

Ona görə də, burada xeyli mina basdırılıb, avtomobilin minalarla əhatələnmiş ərazilərin ortasındakı təyin olunmuş marşrutla hərəkəti istər-istəməz insanı xəyallara qərq edir.

Ortaya çökən sükutu yalnız avtomobillərin səsi və sürücünün ara-sıra danışığı pozur.

Füzulinin Qaraxanbəyli, Merdinli kəndlərindən keçirik, susqun və boz çöllərdə dağıdılmış evlər bizə boylanmağa cəhd edir, daşlar, torpaqda işğal zamanı yaranmış qeyri-müəyyənlik, etibarsızlıq öz yerini böyük ümidlə əvəzləyir. Çünki bu ərazilər minalardan təmizlənir, özünü qarşıdan gələn müsbət dəyişikliklərə kökləyir.

Ərazidə işləyən texnikaların səsi illərdir öz-özünə monoloq söyləyən torpaqlarla sanki dialoq qurur.

Əyləşdiyimiz avtomobil Füzuli şəhərinin mərkəzinə yaxınlaşır, iritonnajlı texnikalar işləyir, Füzuli-Hadrut yolunun çəkilişi üzərində mühəndislər baş sındırır.

Martın 15-də Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoymuşdu.

Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Uzunluğu 13 kilometr olan bu yolda dörd hərəkət zolağı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Erməni generalın Azərbaycan əsgərindən qorxusunun nişanəsi

Bununla da Füzuliyə səfərimiz yekunlaşır, buradan səfalı və dağların ətəyində yerləşən Xocavənd rayonunun ərazilərinə üz tuturuq.

Xocavənddə ilk məntəqəmiz Edili kəndidir, yaz qabağı əriməyə başlayan qar su olaraq ayaqlarımız altından axıb keçir, su damcılarının səsi, meşəlik, dağlıq yerlər adamı təbiətin qoynuna atmağa vadar edir.

Edili də Xocavəndin digər kəndləri kimi şairlər və yazıçılar üçün ilhamverici qüvvə ola bilər, buralar gələcəkdə təbiətin füsunkarlığı haqqında yeni şeirlər və dağların qoynunda baş verən hansısa proseslə bağlı hekayə, roman yazmaq istəyənlər üçün münbit mühitdir.

Xocavəndin icra hakimiyyətinin nümayəndələri və polislər öz aralarında söhbət edirlər, orta yaşlı nəslin nümayəndələri keçmiş xatirələrini dilə gətirir, Qarabağda “çıxdıqları oyunlardan” danışırlar.

Onların söhbətlərinə qulaq asa-asa Azərbaycan bayrağınının həkk olunduğu villa diqqətimizi çəkir, bura baxdığımızı görüb söhbətlərinin mövzularını qəfildən dəyişərək bu ev haqqında məlumat verirlər.

Sən demə bu ev erməni general Kamo Ağacanyana məxsus imiş, lakin Vətən müharibəsində Azərbaycan Ordusundan, əsgərlərindən qorxan general işğal altında olan ərazidə tikdiyi evi tərk edərək qaçıb.

Özünə Edilinin ən mənzərəli yerində imarət tikdirən Ağacanyanın burada ağalıq etmək arzuları ürəyində qalıb. 

K.Ağacanyan işğal müddətində, 2020-ci ilin mayından  Qarabağda yaradılmış separatçı rejimin “Təhlükəsizlik Xidmətinin” direktoru olub. 

Lakin Azərbaycan əsgəri ona layiq olduğu yeri göstərib – həm coğrafi baxımdan, həm də mənəvi baxımdan.

Azıxdan iqtisadi baxış

Edilinin ardınca Düdükçü kəndindən sonra növbəti istiqamət Azıx mağarasınadır, yolboyu ara-sıra avtomobilləri saxlayırıq. İlk baxışda minalanma təhlükəsi görünməsə də, polis jurnalistlərdən marşrutdan kənar ərazilərə girməməsini tələb edir.

Nəhayət, Azıx mağarasının yerləşdiyi Azıx kəndinə çatırıq.

Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100 – 120 metr yüksəklikdə yerləşir.

Tarixə uzun-uzadı ekskursiya etməyək, sadəcə bir cümlə ilə deyək ki, bura qədim yaşayış məskənidir.

Azıx mağarası və oradan açılan panorama iqtisadi perspektivlər üçün əlverişlidir. Əgər Azıxda əsaslı turizm infrastrukturu yaradılsa, bura turistlərlə qaynayıb daşar və iqtisadi dividendlər çoxalar.

Azıx haqqında məlumatlar verilir, televiziya jurnalistlər gah “stand up” edir, gah da canlı yayıma çıxırlar, işlər yekunlaşdıqdan sonra Tuğ kəndinə yola düşürük.

Tuğda mədəblər

Tuğ tarixi abidələrlə zəngindir, buradakı Dizaq məliklərinə məxsus saraylar diqqət çəkir. Çoxu vandallığın qurbanı olduğu halda ermənilər qədim alban məbədini dağıtmayıblar, lakin “əl gəzdirmək” istəyiblər.

Məbədin erməniləşdirilməsi üçün əllərindən gələni ediblər, ətrafa ermənicə yazılar həkk olunmuş daşlar düzüblər ki, guya bu məbədin ermənilərə məxsus olması təəssüratı yaransın.

Amma qədim irsə zərər vurmaq ehtirasları qursaqlarında ilişib qalıb – Vətən müharibəsinin sayəsində.

Burada 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən əsası qoyulmuş məktəb də var.

Bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər.

Ermənilər burada da öz “mədəniyyətlərini” nümayiş etdiriblər – məktəbi dağıdıblar.

Məktəb yardım gözləyir, imdad diləyir. Böyük qayıdış prosesi çərçivəsində məktəb təmir ediləcək və öz qədimi görünüşünə qovuşacaq.

Simvolik sonluq

Sonuncu ünvanımız Hadrut qəsəbəsidir. Hadrut qəsəbəsi Qozluçayın sahilində yerləşir. Bizi keçmiş Hadrut rayon partiya komitəsinin binası ilə tanış edirlər.

Binanı ermənilər işğal müddətində hansısa idarə təyinatı ilə istifadə ediblər. Vətən müharibəsində ermənilər buranı elə qaçaraq tərk ediblər ki, bir dənə də sənədi özləri ilə götürməyiblər.

Daha sonra isə Prezident İlham Əliyevin martın 15-də Hadrutda qaldırdığı Azərbaycan bayrağı olan əraziyə gedirik.

Bu, rəmzi cəhətdən də önəmlidir, minalı ərazilərlə səfərimiz sonda qələbə rəmzi olaraq Azərbaycan bayrağının ucaldığı meydanda yekunlaşır.

Azərbaycan İkinci Qarabağ Müharibəsi ilə bütün xırdalıqlarına qədər həqiqətin, ədalətin bərqərar olmasına doğru yön aldı, işğaldan azad edilmiş ərazilərə baxış kontekstində bu xırdalıqları gözlərimizlə görmək isə qürurvericidir.

Aqşin Kərimov

FOTO: Ramil Yunus

Bakı-Füzuli-Xocavənd-Hadrut-Bakı


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678