Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu işğal olunmuş ərazilərdəki mədəni irslə bağlı bəyanat verdi

127 Baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Dağlıq Qarabağ ərazisində və onun ətraf rayonlarında yerləşən, yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına məxsus olan tarixi abidələrin vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edir.

İşğalçı qüvvələr əcdadlarımızın yaratdığı qiymətli memarlıq nümunələrini dağıdıb, bununla da dünya miqyaslı mədəniyyət tarixinə böyük ziyan vurub.

Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan nəticəsidir.

Minilliklərin sınağından keçmiş, bir çox müharibələrin, təbiət hadisələrinin şahidi olmuş bu abidələr canlı bir varlıq kimi bəşəri-mədəni irsin dəyərli nümunələri sırasında özünü qoruya bilib.

Ancaq XXI əsrdəki təcavüzlər, həmin minilliklərin belə toxunmadığı abidələri yerlə yeksan edib, Böyük İpək yolununun keçdiyi bu ərazilərdəki karvansaraları, unikal arxitekturalara malik qədim məscidləri, mədrəsələri, körpüləri dağıntılara məruz qoyub.

Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı belə bir qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərdə törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa, öz etiraz səslərini ucaltmağa çağırır.

Tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Biz bütün beynəlxalq təşkilatlara müraciət edərək, onları beynəlxalq hüquq çərçivəsində Ermənistan tərəfinin məsuliyyətə cəlb olunması yönündə səylərini birləşdirib, təcili tədbirlər görməyə səsləyirik. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə bütün əməkdaşlıqlara hazırdır”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678