Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ münaqişəsinin hərb yolla həll edilməməsi ilə bağlı mif darmadağın edildi – ŞƏRH

145 Baxış

Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayıb. Azərbaycan buna cavab olaraq əks-hücuma keçib. 

Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutub. 

Tərəflər arasında atəşkəs barədə 3 dəfə razılaşmaya baxmayaraq, Ermənistan buna məhəl qoymadı. Bu arada Azərbaycana qarşı beynəlxalq təzyiqlər də oldu.

Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. 

Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf yeddi rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.

Danışıqlar prosesi imitasiya edilirdi. Mahiyyət etibarilə uzun müddətli işğala hesablanmış və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoymağa çalışılırdı.

Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksi olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.

Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zəng etməsinin məqsədi də Ermənistanı tam iflastan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ermənipərəst mövqeyi ilə seçilib:

“ABŞ-da güclü erməni lobbisi var. Onlar münaqişənin ilk gündən çalışırdılar ki, Azərbaycana sanksiyalar tətbiq edilsin. Guya ABŞ neytral mövqedə olaraq, münaqişəni həll etməyə çalışırdı. Amma reallıq o idi ki, ABŞ-da siyasi dairələr erməni lobbisinin təsiri altında idi. Ona görə ABŞ-ın mövqeyi Qarabağda ikinci Ermənistan torpağı yaratmaq kimi xülyalarına dəstək verirdilər.

Fransa da ATƏT-in MQ həmsədri idi. Onlarda da güclü erməni diasporu olduğu üçün münaqişəyə neytral olmayıblar. Təsadüfi deyil ki, işğal olunan ərazilərimizdə bir çox fransız şirkətlər fəaliyyət göstərirdilər.

30 ildə həmsədrlər bizim haqq səsimizi eşitməyib. İllərlə mənasız görüşlər, danışıqlar olub. Ermənipərəst mövqəyə görə münaqişənin həllinin yalnız sülh yolu ilə həll olunmasını iddia edirdilər və münaqişənin “donmuş” səviyyədə qalmasını istəyirdilər”.

O qeyd edib ki, həmsədrlər münaqişənin həllində Ermənistana vaxt qazandıraraq, ərazilərin qeyri-qanunu oraya birləşdirməsinə çalışırdılar:

“Həmçinin şəhərlərimizi, kəndlərimizi, mədəniyyət abidələrimizi məhv edib, işğal olunmuş ərazilərdə məskunlaşmaq istəyirdilər. Həmsədrlərdən bunlara qarşı adekvat cavab görməmişik. Ermənistanla Azərbaycanın dövlət sərhədlərinin yaxınlığına baxanda ermənilərin orada sərhədi göstərən heç bir mövqe görülməyib.

Yəni, münaqişənin bütün təmas xəttini sərhəd xətti kimi görüblər. Bu isə onların torpaqlarımızı bizə heç vaxt qaytarmamaq niyyətinin olmadığını göstərib. ATƏT-in Minsk Qrupu həmsədrləri isə çalışırdı ki, biz bu reallığı qəbul edək və şərtlə danışırdılar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müstəqil siyasət aparır.

Azərbaycanla heç kim heç bir güclə danışa bilməz. Münaqişədə ölkəmiz reallığını ortaya qoydu və torpaqlarımız hərbi yolla qaytarıldı. Münaqişənin hərb yolla həll edilməsinin mümkünsüzlüyü ilə bağlı yaranan mif darmadağın edildi”.

“Azərbaycan ona diktə edilməyə çalışılan şərtləri öz iqtisadi inkişafı, balanslaşdırılmış xarici siyasəti və ordu quruculuğu ilə beynəlxalq təşkilatlardakı nüfuzu ilə dəf etdi. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinə cəhdlər edilib. Ancaq ölkəmizin apardığı xarici siyasət nəticəsində bu cəhdlərin qarşısı alındı”, – deyə G. Məmmədov əlavə edib. 

Təbii ki, münaqişənin ermənilərin xeyrinə həll olunması üçün çalışan həmsdərlərdən olan Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi, Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu.

Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu.

Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Prezident xalqının qürurunun tapdanmasına imkan vermədi, Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini aydın göstərir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678