Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli rejissor: “Xocalı soyqırımı “Qarabağda son gecə” kimi qan yaddaşımızda qalacaq” – MÜSAHİBƏ + FOTO

896 Baxış

Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli anları ermənilərin Xocalıda törətdikləri qətliamdır. 1992-ci il fevralın 26-na keçən gecə XX əsrin faciəsi olan Xocalı soyqırımı baş verib.

Azərbaycan XX əsrin ən amansız və qəddar zorakılıq aktı olan Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırıb.

Ötən 28 il ərzində Xocalı soyqırımı haqqında çoxsaylı materiallar, kitablar, elmi işlər, analitik şərhlər yazılıb, filmlər ekranlaşdırılıb, həmin kənddən sağ çıxa bilmiş nadir insanlardan müsahibələr alınıb.

XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən hesab olunur. Xocalı soyqırımı Xatın, Hirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır.

Azərbaycanın Xocalı rayonunda ermənilərin dinc əhaliyə qarşı törətdiyi amansız qətliamı əks etdirən “The last night in QARABAĞ” adlı film çəkilir. 

Bu barədə Oxu.Az layihənin rəhbəri, türkiyəli rejisor Nihat Alanurla həmsöhbət olub. 

– Azərbaycan-Ermənistan arasıda 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi, nəhayət, sona çatdı.

– Bəli, Azərbaycan qardaş ölkədir. Biz hər zaman sizin yanınızdayıq. Sevincinizə də, kədərinizə də şərikik. Allah Azərbaycanın tarixi qələbəsi uğrunda şəhid olan qardaşlara rəhmət eləsin. Qazilərinizə də şəfa diləyirik. 

– Xocalı qətliamı ilə bağlı tarixi faktlar, sübutlar, hadisə şahidlərindən alınan çoxsaylı müsahibələr, materiallar mövcuddur. Dünya ictimaiyyəti ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi soyqırımını tanıyır. 

– Təəssüf ki, XX əsrin sonunda Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı bu günə qədər insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. O acı gecədə həyatını itirən dinc insanlara görə çox üzülürəm. Bu hadisə barədə fotolar, materiallarla tanış olduqca, insanın qanı donur. 

Ermənilərin bu vandalizm aktı azərbaycanlılara qarşı ən böyük və amansız qətliam olub. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının Xatın, Liditse, Oradur, Holokost, My Lai, Ruanda və Serebrenitsa qırğınları kimi tarixin yaddaşından silinməyəcək dəhşətli fəlakətlərdən heç bir fərqi yoxdur. Biz bu faciəni əlimizdən gəldiyi qədər unutmamalı və unutdurmamalıyıq. Bu səbəbdən tarixi faktlar və sübutlar əsasında film hazırlamaq qərarına gəldik.

– Bir qədər film barədə danışın. Bu fikir haradan yarandı?

– Xocalı qətliamından bəhs edən filmin hazırlanması artıq beş ildir davam edir. Ermənilərin Azərbaycana məxsus olan tarixi torpaqları işğal etməsi, Azərbaycanın razılığı olmadan o ərazilərdə məskunlaşma siyasətinin həyata keçirilməsi qəbuledilməzdir. Bu addım o torpaqlarda tarixən yaşamış və yaşayan azərbaycanlıların haqlarının kobud şəkildə pozulmasıdır. 

Qarabağ haqqında film hazırlamağa ilk olaraq 2010-cu ildə Mübariz İbrahimovun şücaətini eşitdikdən sonra qərar verdim. Azərbaycan tarix boyu öz qəhrəmanları ilə tanınıb. Ermənilərin üzərinə təkbaşına hücum çəkərək, onların canlı qüvvəsini məhv edən bu qəhrəman igidə Allah rəhmət eləsin. Onun şücaəti sərhədləri aşdı. 

– Filmin senarisi hazırdırmı?

– “Qarabağda son gecə” adlanacaq filmin ssenarisini Zeynep Naxçıvanlı ve Kamran Tümay Yıldız yazıb. 

– Filmdə istifadə ediləcək musiqilər seçilibmi?

– Qarabağ filmində istifadə ediləcək musiqiləri Türkiyə və dünyada öz əsərləri ilə tanınan musiqiçi, bəstəkar Can Atilla hazırlayacaq. Hazırda planlaşdırdığımız işlər bu istiqamətdədir. 

– Nihat bəy, filmdə canlandırılacaq səhnələr, baş rollar müəyyən olunubmu? Filmdə hansı aktyorlar yer alacaq?

– Bu film tarixi dramdır. Faciədir. Çəkiləcək filmin soyqırımı ifadə etdiyini hər kəs bilməlidir. Bu film, ümumiyyətlə, dünya filmləri içərisində soyqırımı, qətliamla bağlı lentə alınan “Həyat gözəldir”, “Pianoçu” kimi tarixi faktlar üzərində hazırlanan layihələrdən heç də geri qalmayacaq.

Məqsədimiz bu filmi tarixi soyqırımı üzərində çəkilən filmlər sırasına əlavə etməkdir. Xocalı qətliamının əks olunacağı bu film dünyada faciə janrındə lentə alınan filmlərə möhür vuracaq. “Qarabağda son gecə” (“The last night in Qarabağ”) filmində Xocalı soyqırımında körpə olan, ana və atasını itirən insanların acı taleyi, qətliama gedən gecə və soyqırımı günü səhnələri işlənəcək. 

– Bəs aktyorlar?

– Filmdə Türkiyə kinosunun sayılan-seçilən aktyorları yer alacaq. Peşəkar aktyorlardan ibarət kollektivlə çalışılacaq. Sadəcə olaraq, tanıtımdan əvvəl bu barədə məlumatları paylaşmaq istəməzdim. Söz verirəm ki, tanıtıma bir neçə gün qalmış aktyorların adını özəl olaraq sizinlə paylaşacam. 

Onu qed edim ki, ehtiyatla və dəqiqliklə üzərində işlədiyimiz filmin çəkilişləri üçün baş rolları canlandıracaq aktyorların seçimi Azərbaycanda aparılacaq. Kamera arxasında filmin ərsəyə gəlməsində iki yüzə yaxın texniki heyət çalışacaq. Bu mövzuda artıq iki ilə yaxındır ki, Azərbaycan diasporu ilə rəsmi danışıqlarımız davam edir.

– Məkan olaraq çəkilişlərin aparılacağı yer müəyyənləşdirilibmi?

– Xocalı soyqırımının baş verdiyi illər, təbiət, mövsüm, iqlim şəraitinin hər biri nəzərə alınacaq. Film üçün təbiət şərtləri göz önündə saxlanılacaq. İlkin olaraq biz çəkilişlərin Türkiyənin paytaxtı Ankarada baş tutmasını planlaşdırırıq. Ankarada Haymana adlı bölgədə xüsusilə bu layihə üçün Xocalı qəsəbəsi inşa ediləcək. 

– Filmin çəkilişlərinə nə zaman başlanılacaq?

– Çəkilişlərə simvolik olaraq Xocalı soyqırımının baş verdiyi tarixində – 2021-ci ilin  fevralın 26-da başlamağı düşünürük. 18 oktyabrda Azərbaycanın Müstəqillik Gününə qədər filmin tam olaraq hazırlanması və bütün dünyada eyni tarixdə – 26 fevral 2022-ci ildə ekranlara çıxmasını planlaşdırırıq. 

– 28 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Niyə bu illər ərzində deyil, məhz indi belə bir film layihəsi hazırlamağı düşünürsünüz? 

– Bayaq da qeyd etdiyim kimi, bu, bir anda verilmiş qərar deyil. Biz artıq beş ildir bu layihə üzərində işləyirik. Bütün işlərimizi filmin əsas ana xəttinin – Xocalı soyqırımının əsas dəlilləri, faktları və materialları əsasında dolğun ifadə olunmasına yönəltmişik.

Bu, tarixi filmdir, burada səhv etmək olmaz. Azərbaycanın tarixini bütün həqiqətləri ilə dünyaya çatdıra bilmək adına bu layihəni hazırlamağa başladıq. Qarabağ qardaş ölkə Azərbaycanın haqq savaşıdır. Qələbəyə, zəfərə gedən yolda həqiqətlər qalib gələr.

Bugünədək Ermənistan bu mövzuda həqiqətləri əks etdirməyən, təxribat və yalanlardan ibarət təbliğat aparıb. Onlar bizim Qarabağla bağlı film hazırladığımızı öyrənəndən bəri yeni yalanlarla dolu film hazırlamağa başlayıblar. Həm də bir çox ölkələrlə birlikdə. Əsassız, yalanlarla dolu filmin çəkilişlərini, təəssüf ki, sürətlə davam etdirirlər.

Bəlkə də, Türkiyə film sektorunda daha yavaşdır, lakin çəkdiyimiz tarixi filmlərin dünya ölkələri səviyyəsində nüfuzunu da hər kəs görür. Məqsədimiz qazanc əldə etmək deyil. Əlbəttə ki, layihə gəlir gətirəcək, lakin bizim bu filmlə dünyaya çatdıracağımız həqiqətlər daha böyük olacaq.

– Filmin çəkilişləri təxminən nə qədər vəsait aparacaq?

– Vəsaitlə bağlı bir söz demək çətindir. Bu cür layihələr ciddi məbləğ tələb edir. Türkiyə lirəsi ilə hesablasaq, bu günə qədər iki milyon TL xərclənib (təxminən 430 min 560 manat). Sponsorlarla bağlı dəstəklər var. Amma bu vəsaitdən daha artığına ehtiyac var. Sponsor axtarışları da davam edir. 

Bütün dünyada davam edən pandemiya da işlərimizi bir qədər yavaşlatdı. Lakin bunu əminliklə deyə bilərəm ki, Xocalı soyqırımını bütün dünyaya birlikdə çatdırmağa nail olacağıq. Bu mövzuda əlimizdəki ən güclü silahı, film sənətini istifadə etməliyik.

Düşünün, “Rembo” filminin lentə alınmasının ABŞ üçün xüsusi səbəbləri vardı. Biz niyə haqlı olduğumuz halda geri çəkilək?

Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətdir. Bunun hesabı verilməlidir. Azərbaycan bizim qardaşımızdır. Onlara qarşı törədilən bu faciə cəzasız qalmamalıdır.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678