Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Murov qartalı”nın 49-cu doğum günü: “Ölümündən qabaq anasının məzarını tapıb…” – REPORTAJ + FOTO/VİDEO

170 Baxış

Bu gün Ağdamı görmək arzusu ilə alışıb yanan, həyatının 26 ilini hərbi xidmətə həsr etmiş bir qəhrəmanın doğum günüdür. O qəhrəman ki, anası hələ 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Azərbaycanın igid oğullarından biri kimi anasının qisasını almaq, doğulub-boya-başa çatdığı torpaqlarını geri qaytarmaq üçün o, könüllü olaraq Allahverdi Bağırovun dəstəsinə qoşulur. Və bir daha heç vaxt mülki həyata qayıtmır…

Söhbət hər kəsin “Murov qartalı” kimi tanıyıb sevdiyi, xatirəsini əziz tutduğu şəhid polkovnik-leytenant Raquf Orucovdan gedir. O heç vaxt doğum günlərini qeyd etməyib. Bu gün 30 ilə yaxın həsrət qaldığımız, uğrunda neçə-neçə oğulların canından keçdiyi Qarabağ, Azərbaycan torpaqları artıq  işğaldan azad edilib. Kim bilir, bəlkə də yaşasaydı, bu gün 49 yaşını məhz doğulduğu Ağdam torpaqlarında qeyd edərdi.

Ailənin birinci övladı olan Raquf Orucovun özündən başqa üç qardaşı və bir bacısı var. Doğum günündə şəhidimizin əziz xatirəsini həyat yoldaşı Sevinc Orucova ilə yad etdik.

Həyat yoldaşı şəhid olduqdan sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis edən Sevinc Orucova deyir ki, bununla o, Raquf Orucovun ömür boyu ümid etdiyi qalibiyyəti, zəfəri yaşatmağa çalışıb:

“Bu gün onun dünyaya gəldiyi gündür. Heç vaxt doğum gününü qeyd etməsə də, yanımızda olması bizim üçün bəs edirdi. Raqufun ən böyük arzusu düşmən üzərində zəfər qazanmaq idi. Azərbaycan Ordusu bunu etdi, lakin təəssüf ki, o, Qarabağın azad olunduğunu görə bilmədi. O şəhid olandan sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaradanda hər kəs mənə deyirdi ki, “niyə yasını tutmursan? Bu ərəfədə heç yeridirmi?” Amma neçə ildir mən Raqufun adından yaratdığımız bu birlik vasitəsilə çoxsaylı işlər görərək onun xatirəsini, onun mərhəmətini, xeyirxah əməllərini davam etdirirəm. Raquf bir gün qələbə qazanacağımıza o qədər inanırdı ki, mən də onun ümidlərini, inamını bu birlik vasitəsilə yaşatmaq qərarına gəldim. Azərbaycanın zəfəri də çox gecikmədi. Artıq Qarabağ azaddır”.

R.Orucovun xatirələrindən danışmaq nə qədər insanın ürəyini incidib, qəhərə boğsa da, Sevinc xanım həyat yoldaşı ilə hər zaman fəxr etdiyini deyir:

“Raquf heç zaman evdə iş barədə danışmazdı. Lakin, o, həmişə Ağdamda ilk özünü müdafiə batalyonun komandiri olan Şirin Mirzəyev barədə fəxrlə danışardı. Həmişə deyirdi ki, o mənim komandirim olub, onunla, Allahverdi Bağırovla çiyin-çiyinə döyüşmüşük. Bu gün qazanılan qələbədə onların hər birinin payı var. Biz keçmişdən güc alaraq zəfər qazandıq. Onların qələbəyə doğru atdığı addımları, yarım qaldığı yerdən davam etdirərək, zirvəyə yüksəldik, zəfər qazandıq. Bu insanlar dəyərdir, onların xatirələri hər zaman zirvədə olmalıdır”.

Şəhid polkovnik-leytenant Raquf Orucovun anası Raya Orucova Ağdamın Cinli kəndində şəhid olsa da, qardaşı ilə birlikdə anasının nəşini kənddən çıxarıb yaxınlıqdakı Çullu kəndində torpağa tapşırırlar. Anası şəhid olanda qardaşının 18 yaşı olsa da, bu gün anasının dəfn edildiyi yeri gözübağlı tapıb.

Sevinc xanım deyir ki, anasına məzar daşı qoya bilməməsi Raquf Orucovun da, qardaşlarının da həyatında sağalmaz yara qoyub: 

“Ağdamın Cinli kəndi işğal edilən günü Raya xanım düşmənin atdığı güllə nəticəsində şəhid olub. O an anasının nəşini kənddən çıxara bilməyib. Gecə ilə iki qardaş kəndə girib, analarının nəşini çıxarıb atışma gedə-gedə, Çullu kəndində təpənin üstündə dəfn edirlər. Dəfn etdikləri yeri düşmənlər bilməsin deyə ətrafında heç nə yox kiçik bir daş qoyublarmış. Nəhayət Ağdam azad olunan gün Raqufun ürəyində qalan arzusunu gerçəkləşdirdim. Onun anasının məzarını tapıb, döyüş bayrağını məzarının üzərinə sərdim.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678