Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Daxili Qoşunlarını dərhal Xankəndiyə göndərməli və dövlət suverenliyini bərpa etməlidir

52 Baxış

“İran indiki vəziyyətdən istifadə edib, Azərbaycana hansısa formada təzyiqlər göstərmək istəsə, sərhəddə hər hansı bir gərginlik yaransa, Azərbaycan Daxili Qoşunlarını dərhal Xankəndiyə göndərməlidir. Biz öz ərazimizdə dövlət suverenliyimizi bərpa etməliyik. Heç kim buna görə bizə güldən ağır söz deyə bilməz”.

Turanmedia.az xəbər verir ki, bu fikirləri BAXCP sədri Qüdrət Həsənquliyev cənub qonşumuzun ölkəmizə qarşı hər hansı təxribat hazırlıqları ilə bağlı yayılmış xəbərlər haqda Musavat.com-a açıqlamasında bildirib.

 

Q.Həsənquliyev Qarabağla bağlı məsələyə birdəfəlik son qoyulması zərurətindən danışdı. Bu mənada o, konkret misal çəkdi: “2017-ci ildə Avropanın düz mərkəzində, İspaniyanın Katoloniya bölgəsində – hansı ki, bu gün onlar da utanmadan bizim əleyhimizə bəyanatlar verir, qətnamə qəbul edirlər – dinc yolla, bir ispanın burnu qanamadan, ev-eşiyindən didərgin salmadan, soyqırım cinayəti törətmədən katolonlar öz müstəqilliklərini elan etdilər, parlament də onu təsdiqlədi. Halbuki Katoloniyada 7 milyondan artıq insan yaşayır. Həm də onlar Qarabağ erməniləri kimi muxtar vilayətdə yaşamayıblar, katolonlar muxtar respublika statusuna malikdirlər, öz konstitusiyaları, parlamentləri var. İspaniya hökuməti hansı qərarı qəbul etdi? Daxili Qoşunları göndərdi, separatçıların hamısını tutub saldılar içəri, minlərlə şəxs xəsarət aldı, amma dövlət öz suverenliyini qoruyub-saxladı. Niyə Avropanın bir dövləti İspaniyanı qınamadı ki, sən niyə dövlət suverenliyini bərpa etdin? Azərbaycan yeri gələndə qətiyyətli addım da atmağı bacarmalıdır”.

Q.Həsənquliyev artıq üçüncü aydır Laçın-Xankəndi yolunda davam edən ekofəalların dinc aksiyanın da yekunlaşdırılmasını, növbəti addımların atılmasını zəruri sayır: “Biz Laçında dövlət sərhəddini bağlamalıyıq. Mən açıq deyirəm, o aksiya öz məqsədinə çatıb. Bundan sonra artıq dövlət öz işini görməlidir”. Deputat digər məqama da münasibət bildirdi: “Ermənistan faktiki olaraq ordakı aksiya iştirakçılarının tələbinə məhəl qoymamaqla birinci demək istəyir ki, nə bacarırsan, elə! Bilir ki, rusiyalı hərbçilər ordadır, Azərbaycan Rusiya ilə münasibətləri korlamaq istəməyəcək və buna görə də özlərinə çox arxayındılar. Həm də bundan istifadə edib Azərbaycanın əleyhinə böyük bir kampaniya aparırlar ki, Azərbaycan guya etnik təmizləmə siyasəti aparmaq istəyir, insanları ac saxlayır və sair. Yəni vəziyyətdən istifadə edərək bizə qarşı olmazın səviyyədə iyrənc kampaniya aparırlar”.

 

Q.Həsənquliyev Laçın yolu ətrafında spekulyasiyaların da heyrətamiz şəkildə məcrasını aşdığını söylədi: “Dünyada, heç bir beynəlxalq hüquqda, heç bir beynəlxalq hüquq normasında, heç bir konvensiyada dəhlizin nə olmasına dair anlayış verilməyib. Həmçinin Azərbaycan da ona qoşulmayıb ki, dəhliz o deməkdir ki, sənin ərazinə istənilən xarici dövlətin vətəndaşı dövlət sərhədində yoxlamadan keçmədən gələ bilər. Belə öhdəlik qoyulmayıb ki, dəhlizdən sənin ərazinə başqa ölkənin vətəndaşı istəyir atom bombası ilə, istər bakterioloji silahla gəlib keçə bilər. Dünyanın heç bir yerində belə bir nümunə yoxdur, olmayıb və bundan sonra da yəqin ki, olmayacaq. Açıq deyirəm, bunu bir Azərbaycana qəbul etdiriblər. Bizə zorla deyirlər ki, dəhliz, koridor bu deməkdir. Harada yazılıb ki, dəhlizə dövlətin heç bir nəzarəti olmayacaq?” Deputat digər vacib mövzuya da diqqət çəkməyi vacib bilir: “Naxçıvana dəhlizin, yolun açılmasına imkan vermirlər. Ola bilməz ki, sazişin bir bəndi icra olunsun, digər bəndi icra olunmasın. Sizə açıq deyirəm, Azərbaycan qoşunları dəhlizin keçdiyi əraziləri, Zəngəzuru nəzarətə götürməlidir, o yolu öz vəsaiti hesabına çəkməlidir. Sonra Ermənistandan yolun pulunu verməyi tələb etməlidir. Beynəlxalq təşkilatlara da deməlidir ki, Ermənistana deyin, o yola çəkilən xərcləri ödəsin. Razılaşmaya görə o yolu Ermənistan çəkməli idi. İkincisi də müqaviləyə görə, o yolun təhlükəsizliyinə təminatı Rusiya verir. Yolun çəkilməsindən sonra təhlükəsizlik təminatı məsələsini Rusiyaya verməliyik. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan dövləti yerinə yetirdi, indi də 10 noyabr 2020-ci il sazişinin şərtlərini Azərbaycan yerinə yetirdikdən sonra Zəngəzur dəhlizində təhlükəsizliyi icra etmək üçün Rusiyaya müraciət etməlidir. Deməlidir ki, buyur, yolun təhlükəsizliyini təmin elə!”

Q.Həsənquliyev son vaxtlar qəbul etmədiyi bir məsələdən də bəhs etdi: “Azərbaycan diplomatiyası Prezidentin dediyi istiqamətdə fəaliyyət göstərmir. Biz yenə də Ermənistanın hücumlarına cavab verməyə başlamışıq. Prezident deyirdi ki, bizim xarici siyasətimiz hücum diplomatiyası olmalıdır. Azərbaycan bu gün bütün beynəlxalq təşkilatlardan tələb etməlidir ki, Ermənistanın işğalı nəticəsində keçmiş Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxarılıb və işğalın nəticəsi bu gün də aradan qaldırılmayıb. Azərbaycan bu gün də Qarabağın yuxarı hissəsinə nəzarət edə bilmir və siz Ermənistana təsir etməlisiniz ki, onlar bizim dövlət suverenliyimizin bərpasına mane olmasınlar və qoşunlarını ordan çıxartsınlar! Yəni müharibə istəmirsinizsə, bunu edin! Azərbaycan bu işi başa çatdırmalıdır. Azərbaycan özünün Xankəndi üzərində dövlət suverenliyini bərpa etməlidir. Son vaxtlar biz beynəlxalq təşkilatlar qarşısında Xankəndi üzərində suverenliyimizin bərpasına dair heç bir beynəlxalq tələb qoymuruq. Heç bir beynəlxalq təşkilatda bu məsələ qaldırılmır. Sanki biz problemimizi həll etmişik… Bəli, Prezident deyib ki, münaqişə geniş mənada bitib, amma axı, Xankəndi üzərində dövlət suverenliyi bərpa olunmayıb. Biz bunu deməkdən utanmamalıyıq ki, bəli, münaqişə bitib, amma hələ bizim orda suverenliyimiz bərpa olunmayıb. Suverenliyin bərpa olunmaması faktını qaldırmaq lazımdır. Həm də o cür qanlı, Azərbaycanı o cür dağıntılara məruz qoymuş işğalın nəticəsində suverenliyimizi itirmişik. Bunlar güc tətbiqi ilə torpaqlarımızı işğal ediblər və həmin əraziləri nəzarətimizdən çıxarıblar. Mən hesab edirəm ki, Azərbaycan bu məsələnin üzərində ciddi şəkildə düşünməli, beynəlxalq səviyyədə qaldırmalıdır və biz bu istiqamətdə fəaliyyət göstərməliyik. Yoxsa Ermənistanın hücumlarına cavab verməməliyik. Elə mənzərə yaranır ki, sanki biz öz işimizi bitirmişik, Ermənistan bizə hücum edir ki, Azərbaycan bizim sərhədlərimizi pozub, Qarabağda etnik təmizləmə aparmaq istəyir, erməniləri ac, susuz, işıqsız qoyur, biz də onlara cavab veririk. Halbuki, biz hücum etməliyik ki, ay dünya birliyi, siz necə qəbul edirsiniz ki, başqa bir dövlətin ərazisi onun suverenliyindən çıxarılıb? Biz bu məsələni onlardan tələb etməliyik, deməliyik ki, axı, siz bizə suverenliyimizi bərpa etməyə köməklik göstərməlisiniz. Çünki bütün bu problemlər suverenliyimizin pozulmasından qaynaqlanır. Məhz işğal nəticəsində bu torpaqlar bizim nəzarətimizdən çıxarılıb. Qarabağ erməniləri bizim dövlət suverenliyimizi qəbul edərsə, onların suyunu da, qazını da, işığını da verəcəyik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678