Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kılıçdaroğlunun Bakıya qarşı planı kimlərin sifarişidir?

59 Baxış

“Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu “Türkün yolu” adlandırdığı – məlum “bir kəmər bir yol” layihəsinin Orta Dəhlizinə korrekt edib: Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişən CHP lideri hakimiyyətə gələcəyi təqdirdə, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcəyini bildirir; bununla təkcə Zəngəzur dəhlizinin reallaşma perspektivi dəfn edilmir, həm də indiyə qədər Gürcüstan üzərindən həyata keçirdiyi layihələrlə Orta Dəhlizin əsas habına çevrilmə potensialını ilk sıralara çıxaran Azərbaycan ümumiyyətlə prosesdən kənarda saxlanılır.

Burada iki məqam maraqlıdır:

– Avrasiyanın gələcəyini müəyyən edəcəyi proqnozlaşdırılan layihədən Azərbaycanın kənarlaşdırılması planı kimin sifarişidir?

– Kılıçdaroğlu seçkidən öncə niyə bunu açıq mətnlə elan edir?

“Bir kəmər bir yol” layihəsində Orta Dəhlizin ön plana çıxmasında Çinlə yanaşı, İngiltərə də maraqlıdır: Şimal və Cənub dəhlizləri Azərbaycan üzərində birləşir və Cənubi Qafqazda hab yaradılır; Qarabağ müharibəsinə, ardınca Türk Dövlətləri Təşkilatının dərin inteqrasiya istiqamətində işləməsinə, Ankaranın türk coğrafiyası üzərindən regional güc olma imkanlarının artmasına, eləcə də Zəngəzur dəhlizi layihəsinə bu konteskdə də baxa bilərik.

Çini əsas rəqib görən ABŞ məsələyə fərqli yanaşır: Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasını istəyir, amma Azərbaycan üzərindən qurulan bu marşrutun istiqamətini dəyişməkdə yox, hazır marşrutda təsir imkanlarını genişləndirmək və Mərkəzi Asiya coğrafiyasına bu istiqamətdə çıxmaqda maraqlıdır.

Fransa, Ermənistan və İran: Azərbaycanın Orta Dəhlizdən kənarlaşdırılmasında üç ölkə ən çox maraqlı tərəf kimi görünür;

– Fransa Avropanın lideri kimi geosiyasi güc mərkəzi olmağa çalışır və bunun üçün Çinə ehtiyacı var, lakin Orta dəhlizdə Ankara və Bakı faktoru və bu amilin arxasındakı güc mərkəzləri onun yolunu kəsir;

– Ermənistan Zəngəzur dəhlizinə, ümumiyyətlə, Azərbaycanın güclənə biləcəyi istənilən layihəyə qarşıdır, həmçinin, İrəvan İranın “Fars körfəsi-Qara dəniz” layihəsinə ümid edir;

– İran “Bir kəmər, bir yol” layihəsində özünün yerləşdiyi Cənub dəhlizinin aktuallığına çalışır və heç bir halda Azərbycanın önə çıxmasında maraqlı deyil.

Bu ölkələrlə yanaşı, ABŞ-da və Avropada erməni və fars diasporu/lobbisi Azərbaycanın “ofsayd”da saxlanılması istiqamətində çalışır.

“Altılı masa”nın namizədinin verdiyi mesaj o deməkdir ki, seçkidə Ərdoğan məğlub olarsa, yeni hökumət Bakıya qarşı planın əsas icraçısı olacaq. Və Kılıçdaroğlunun seçkiyə sayılı günlər qalmış bunu açıq mətnlə elan etməsi Azərbaycan marşrutuna qarşı çıxan mərkəzlərin dəstəyinin artırılmasına hesablanmış ola bilər. Əks təqdirdə, hər iki ölkədə etirazla qarşılanan bu planını hakimiyyətə gələcəyi təqdirdə də elan edə bilərdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678