Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Liderlərin görüş öncəsi gərginlik nəyə xidmət edir? – Antiterror əməliyyatları istisna deyil

34 Baxış

Avqust ayının ikinci yarısında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli formatda növbəti görüşü planlaşdırılır. Ənənəvi olaraq hər görüş öncəsi olduğu kimi, bu dəfə də İrəvanla Bakı arasında gərginlik müşahidə olunmaqdadır.

Buna səbəb isə İrəvanın sülh proseslərindən yayınıb istər 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatı, istərsə də ondan sonra üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və nəticədə sülh prosesini pozmaq istiqamətindəki addımlarıdır. İrəvanın sülh sazişi prosesində sərgilədiyi mövqe danışıqlarda tamamilə yeni situasiyanın yaranmasına səbəb olub. Belə ki, Bakı sülhdən yayınan İrəvanın qarşısında daha sərt və ağır şərtlər qoyaraq bunun həm Ermənistan, həm də danışıqlarda vasitəçi rolunda çıxış edənlər tərəfindən qəbul edilməsinə nail olub.
Bu destruktiv mövqeyi ilə Ermənistan özünü daha da dalana dirənmiş vəziyyətə salıb və bu mövqedən əl çəkməyincə dalandan çıxışı qeyri-mümkün görünür.
İrəvanın XİN başçılarının Moskva görüşündən sonra “humanitar şou”su, Xankəndidəkilərin “blokada”, “aclıq” haray-həşiri, əslində, Ermənistanın deyil, kənar güclərin marağına xidmət edir. Həmin güclər yaranmış situasiyadan bölgədə öz maraqlarını təmin etməyə çalışır.

Rusiyanın məqsədi:

– “Humanitar şou”da susqunluq nümayiş etdirən Kreml İrəvanı çıxılmaz vəziyyətə salıb istəyinə nail olmaq istəyir. Ona görə də Kreml bəyan edir ki, İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını bəyan edikdən sonra hər hansı məsələdə və yaxud sülhməramlıların missiyası ilə bağlı Moskvanı ittiham etməsi absurd və məntiqsizdir.

– Xankəndidəki terrorçu-quldurlardan istifadə edərək Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmaqla, həm İrəvana, həm də Bakıya öz şərtlərini diktə etməyə çalışır.

– Moskva “humanitar şou”dan həmçinin Azərbaycanla Qərb arasında münasibətlərə xələl gətirib Bakıya təzyiqini artırmağa çalışır. Kreml hesab edir ki, bu yolla Bakını öz təsir dairəsinə çəkə bilər.

– Bu baxımdan Qarabağın erməni icmasının Yevlax görüşünün təşkili istiqamətdə cəhdini Moskvanın Bakıya qarşı müsbət jesti kimi dəyərləndirmək olar.
Qərbin İrəvan və Bakı ilə münasibətlərinin gərginləşməsi və əlaqələrə xələl gəlməsində Moskava ilə yanaşı, Paris və Tehranında mövqeyi üst-üstə düşür. O baxımdan da İrəvanın “humanitar şou”su və Xankəndidəkilərin haray-həşiri Ermənistanın və ermənilərin deyil, xarici oyunçuların marağına xidmət edir.

Azərbaycandan fərqli olaraq sülh prosesinin uzanmasında itirən tərəf yenə də Ermənistan və ermənilər olacaq. Prezident İlham Əliyev “Euronews”a müsahibəsində bildirib ki, sülh prosesin kimin tərəfindən aparılacağı və ya inhisara götürəcəyi Azərbaycan üçün böyük fərq etmir.

Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüsləri dəstəkləyəcək.

Digər tərəfdən Bakı onu da yaxşı bilir ki, dünyadakı geosiyasi proseslər Ermənistanın xeyrinə dəyişmir. İrəvanın təhlükəsizliyinin təminatçısı axtarışı da ciddi nəticə verməyəcək. Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcək güc belə, Azərbaycanla qarşıdurmaya gedib ermənilərin əvəzində döyüşməyəcək. Ona görə də Bakı nəinki mövcud, hətta gələcəkdə yarana biləcək yeni formatlarda yaranacaq danışıqlar prosesinə hazırdır. Təki proses sülh sazişi ilə nəticələnsin. Çünki Azərbaycan qalib ölkə olduğundan şərtləri diktə edən tərəf olacaq. Burada itirən tərəf Ermənistandır. Azərbaycan Prezidenti İrəvana konkret mesaj verərək bəyan edib ki, ermənilərin seçimi ən yaxşı və qat-qat yaxşı arasında deyil, seçim çox pis və qəbulolunan arasındadır.

Qərbin hədəfi:

Qərb də bölgədə təşəbbüsü ələ almaq üçün Moskva görüşü öncəsi öz səylərini qoruyub saxlamaq, öz maraqlarını təmin etmək üçün cəhdlər etməkdədir. Bu məqsədlə ABŞ Dövlət katibinin Qafqaz üzrə baş müşaviri Luis Bononu bölgədə səfərdədir. O, artıq avqustun 2-dən etibarən İrəvanda görüşlərə başlayıb. Səfərdə əsas məqsəd yaranmış vəziyyətdə İrəvanın gələcək addımlarını öyrənmək və hansı məsələdə dəstək verə bilcəyini müzakirə etməkdir.

Moskva görüşü yaxınlaşdıqca gərginliyin daha da artacağını və müəyyən təxribatların müşahidə olunacağı istisna deyil. Belə bir təxribatların törədilməsi, əsasən, Xankəndidəki terrorçu-quldur dəstəsi tərəfindən gözləniləndir. Xankəndidəki terrorçuların avtobuslarla Laçın sərəhəd keçid-məntəqəsinə doğru hərəkət niyyəti və digər təxribatları göz qarşısına alıb istənilən təxribata adekvat cavab verməyə hazır olmalıyıq.

Ermənistan və ermənilərin sülhdən yayınması davam edəcəksə, o zaman Bakı İrəvana qarşı sülhə məcburetmə taktikasından istifadə edərək daha sərt addımlara əl ata bilər. Hətta payıza doğru antiterror əməliyyatlarının və ya hərbi toqquşmaların baş verməsini də ehtimal etmək olar. Ermənistanın davranışları prosesi buna doğru aparır. / OLKE.AZ /


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678