Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitənin laqeydliyi, türkiyəli jurnalistlə bir manat söhbəti- Rəşad Məcid və Qənirə Paşayeva olmasaydı…

29 Baxış

Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər və jurnalist təşkilatlarının rəhbərləri sentyabrın 11-16-da ölkəmizdə səfərdə oldu. 50 nəfərlik heyətin səfərinin təşkilatçıları Türkiyə Jurnalistlər Federasiyası (TGF), Türkiyə Jurnalistlər və Yayımçılar Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Kültür Evi idi. Səfərə dəstək verən qurumların sırasında isə TİKA və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi göstərilmişdi.

TGF başqanı Yılmaz Karaca səfərdən təxminən iki həftə əvvəl zəng edərək, Azərbaycana gələcəklərini bildirdi, onları burada müşayiət etməyimiz istədi. Biz də məmnuniyyətlə səfər müddətində onların yanında olacağımızı bildirdik. Bu müddətdə Yılmaz bəy bizə səfərlə bağlı bir neçə proqram göndərdi. Proqramlarda qonaqların Azərbaycanın bir neçə yüksək vəzifəli şəxsi, deputatı, Mətbuat Şurasının sədri, Türkiyənin ölkəmizdəki səfiri ilə görüşləri, müxtəlif tədbirlərdə iştirakı, Şuşaya səfəri nəzərdə tutulmuşdu.

Mən və saytımızın təsisçisi Tural Səfərov qonaqların gəldiyi gün qalacaqları otelə getdik. Qonaqlardan səfər proqramının son variantını istədikdə məlum oldu ki, heç bir şey bəlli deyil. Günorta saatlarında Bakıya enən qonaqlara axşam yeməyi belə nəzərdə tutulmayıb. Komitənin səlahiyyətli şəxsi deyib ki, axşam saatlarında Xırdalanda keçirilməsi nəzərdə tutulan tədbir yolun uzaqlığı və sıxlığı səbəbindən ləğv edilib. Ona görə axşam yeməyinin də ləğvinə qərar verilib. Yılmaz Karacanın kəskin etirazından sonra otelin yaxınlığında bir kafedə qonaqlara yüngül axşam yeməyi verildi, səfərin proqramının ertəsi gün səhər tam hazır olacağı bildirildi.

Amma o ertəsi gün heç bir şəkildə olmadı. Altı günlük səfər çərçivəsində nə konkret proqram hazırlandı, nə planlaşdırılan rəsmi görüşlər oldu, nə də Şuşaya səfər baş tutdu.

Hətta bir kafedə verilən yemək zamanı ev sahibi kimi bizi utandıracaq olay yaşandı. Qonaqlardan biri xahiş etdi ki, hamıya eyni qaydada verilən “bulqur-toyuq qulyaşı” menyusunda azca dəyişiklik edib, ona bulqur üzərində ət qulyaşı gətirilsin. Ofisiantlar bunun üçün əlavə ödəniş edilməli olduğunu dedikdə, həmin şəxs razılaşdı. Hesab ödəndiyi zaman qonaqdan əlavə 8 manat istənildi, o da verdi. Müdaxilə edib, nə üçün o qədər pul alındığını soruşduqda məlum oldu ki, yeməyin qiyməti toyuqla 7, ətlə 8 manatdır. Amma nədənsə qonaqdan 1 manatlıq fərq yerinə, bütün yeməyin pulunu alırlar. Təbii ki, etirazdan sonra 8 manat qaytarıldı, 1 manatlıq fərq də istənilmədi. Amma ölkəmizdə doğma Türkiyəmizdən olan qonağa belə davranılmasından çox utandıq.

Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat Qənirə Paşayeva ilə keçirilən görüşlər isə şəxsi əlaqələr və telefon zəngləri nəticəsində reallaşdı. Maraqlıdır ki, adları görüşüləcək şəxslərin siyahısında olan həmin şəxslər səfərdən xəbərsiz olduqlarını bildirdilər.

Xüsusilə vurğulamaq istəyirəm ki, Cahit Bağcı, Rəşad Məcid və Qənirə Paşayeva qonaqları yüksək səviyyədə qəbul elədi. Adlarını sadaladığım şəxslərin qonaqpərvərliyi Dövlət Komitəsinin yarıtmaz fəaliyyəti, laqeydliyi nəticəsində pərişan olan heyət üzvlərinin ölkəmizdən məmnun ayrılmasına, onlarda Azərbaycan haqqında müsbət təəssürat yaranmasına səbəb oldu..

Görəsən, Rəşad Məcid və Qənirə Paşayeva olmasaydı, nə olacaqdı???

P.S: Yılmaz Karacanın saytımıza baş verənlərlə bağlı müsahibəsi yaxın günlərdə yayımlanacaq. /Tns.az/


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678