Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elman Məmmədov: “Bu gün Azərbaycanın bütövləşdiyi gündür”

35 Baxış

“Bu gün çox sevincliyik. Xüsusilə də Xocalı əhalisinin sevincinin həddi-hüdudu yoxdur. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Kərkicahanda bayrağımızı ucaltması bizə böyük xoşbəxtlik nəsib etdi. Qürurlanmaqla yanaşı, həm də kövrəlirik. Bu gün Azərbaycanın bütövlük və suverenliyinin tam təmin olunduğu gündür”.

Turanmedia.az xəbər verir ki, bunu TNS-ə Xocalıdan olan deputat Elman Məmmədov deyib.

O bildirib ki, biz əbədi olaraq Qarabağda yaşayacağıq.

“Prezidentin bugünkü Qarabağ səfəri bir daha onu göstərir ki, Azərbaycan haqlı mübarizəsində qalibdir. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana, şanlı ordumuza, əziz xalqımıza minnətdarlığımı bildirirəm. Bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirəm. Bütün Türk dünyasının gözü aydın olsun. Bu gündən sonra bir daha heç bir revanşist qüvvənin Qarabağa ayağı belə dəyə bilməyəcək. Çünki şanlı və rəşadətli Azərbaycan əsgəri doğma Qarabağ torpaqlarını əbədi olaraq göz bəbəyi kimi qoruyacaq. Yaxın gələcəkdə digər işğaldan azad olunmuş ərazilərimiz kimi Xankəndi, Xocalı, Əsgəran, Kərkicahan və Ağdərədə böyük abadlıq işləri görüləcək. Bu yurd yerlərimizin doğma sakinləri öz ata-baba torpaqlarına birdəfəlik və alnıaçıq qayıdacaqlar. Bu gün Azərbaycanın bütövləşdiyi gündür. Qələbən mübarək olsun Azərbaycan! Qarabağ Azərbaycandır!” – deyə Elman Məmmədov bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678