Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni iyrənc oyun: Samvel “ləğvdən” çəkilir… – Video

28 Baxış

Xankəndidə özlərini buraxan və İrəvana gedən separatçı-terrorçu dəstənin başçıları arasında mübarizə qızışmaqdadır.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, hazırda katalizator rolunu Samvel Babayan oynayır. O, vaxtilə sıralarından qovulduğu və xüsusi kin bəslədiyi “komandadan” – hazırda azadlıqda qalan Samvel Şahramanyandan qisas almağa çalışır. Ancaq Babayan ənənəvi olaraq öz qisasçılığını “Qarabağ kartı” üzərindən həyata keçirməyə çalışır.

Ermənilərə nahaq yerə ümid verən və guya Qarabağ mövzusunu dirildə biləcəyini vəd edən Samvel Babayan “dqr”in buraxılması haqda Şahramanyanın “fərmanının” ləğvinə də çalışır. Bundan ötrü bir müddət öncə “resept” də təqdim etmişdi: “deputatlar” “fərmanı” mübahisələndirir, “konstitusiya məhkəməsi”nə göndərir və ləğv edilir.

Bu gün Samvel Babayan “hüquqi müstəvi”də heç nəyə nail ola bilməyəcəyini görərək, 90-cı illərdə sınaqda keçirdiyi metoda əl atıb: yenə erməniləri qızışdırmaq, yenə Qarabağ üzərindən oyun qurmaq və milyonlar qazanmaq.

Bu insanların bütün həyatı ancaq buna sərf olunub: heç bir başqa iş görmək qabiliyyəti olmayan bu nəsil – ki, onlardan bəziləri Bakıda DTX-nin təxridxanasındadır – yalnız bir fəaliyyət və qazanc yolu bilirlər: etnik münaqişə, qətllər, ermənilərin hissləri ilə oynamaq, xarici güclərə nökərçilik edib xalqı qırğına vermək və milyonlar qazanmaq.

Bu niyyətlə Babayanın qızışdırıb “Qarabağın Ermənistan nümayəndəliyi”nə göndərdiyi ermənilər bu gün binaya girib və Samvel Şahramanyandan hesab tələb ediblər.

Şahramanyan isə “fərman”la bağlı bütün məlumatları uğursuz təkzibə cəhd edib.

“Arsax respublikası” buraxılmayıb. Kimsə bu sənədi görüb? Demək istəyirəm ki, bu sənədlə, bu bəyanatla tanışsınızmı? Bu sənədlə bağlı bir çox məsələlər var ki, bu qədər insanın yanında danışa bilmirəm, amma deyə bilərəm ki, “xalqın” yaratdığı “respublika”nı heç bir sənədlə ləğv etmək olmaz.

Mən buna İctimai Televiziyanın efirində cavab verəcəm. Mən bu bəyanata və hərbi əməliyyatları dayandırmaq üçün qəbul edilmiş sənədə toxunacağam. Əgər biz bu hərbi əməliyyatlarda qalib gələ bilsəydik, bütün yolu gedərdik. Biz öz oğlanlarımızı, əhalinin həyatını xilas etdik. Bir saat əvvəl onları dayandırmasaydıq, şəhərə girib uşaqları öldürəcəkdilər”, – Şahramanyan riyakarcasına deyib.

Erməni mediası isə daha fərqli versiya yazır. Belə məlum olur ki, Samvel Babayanın şəxsi qisas hissi və yeni “qazanc” kimi düşündüyü prosesdə maraqlı olan qüvvələr var. Erməni mediasının iddiasına görə, insanları qızışdıran Samvel Babayanla yanaşı, Tiqran Petrosyan, Artur Osipyan və sairdir, onları isə Nikol Paşinyan idarə edir. Onların məqsədi “artsaxlıları parçalamaqmış”.

Əslində isə S.Babayanın “yeni obrazı”ndan Nikol Paşinyanın da söykəndiyi xarici güclərin istifadə etmək istəyi sezilir. Azərbaycanın ildırımsürətli antiterror tədbirləri ilə təslim olan və özlərini buraxan keçmiş qondarma xuntadan artıq istifadə etmək mümkün deyil. Bu qondarma xunta daim Azərbaycana təzyiq, regionu qarışdırmaq, münaqişə yaratmaq və xarici güclərin bölgəyə yerləşməsinə yol açmaq vasitəsi olub. Azərbaycan bütün bu vasitələri tarixin arxivinə gömdüyü üçün yeni oyun başlayıb: separatizmə qol-qanad verməyə çalışırlar – hər kəs də qazanclı çıxır; istifadə olunanlar pul qazanır, qisas alır, istifadə edənlər regiona girir.

Bu məqamda Samvel Babayanın arxasından Makronun boyu görünür…


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678