Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının iki fransız diplomatı qovması… – Abdullah Ağar

22 Baxış

Adətən bütün səfirliklərdə xüsusi xidmət orqanlarının akkreditasiya edilmiş nümayəndələri olur. Fransanın Azərbaycandakı səfirliyində də bu mümkündür. Ancaq burada fərqli kimliklər, maskalar altında Azərbaycanın da milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərən akkreditasiya edilməmiş casus şəbəkəsindən söhbət gedir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Azərbaycanın Fransa kəşfiyyatının kirli planını üzə çıxarması, eyni zamanda iki diplomatın “persona-non-qrata” elan edilməsi haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert hadisəni Fransa kəşfiyyatının zəifliyi, uğursuzluğu kimi dəyərləndirib:

“Onlar Fransa səfirliyini bir qərargah kimi istifadə edərək, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiyanın bəzi dövlətlərinə qarşı fəaliyyət göstərib, diplomatları “ələ almağa” çalışıblar. Əsas diqqətçəkən və təhlükəli məqam elə budur. Fransa Azərbaycandakı səfirliyində bir kəşfiyyat bazası, mərkəzi qurub. Olduqca böyük hadisədir. Ancaq planları heç gözləmədikləri şəkildə əllərində bomba kimi partladı. Belə xırda detallarına kimi işlənmiş, fiziki mənada həddindən çox enerji, külli miqdarda vəsait tələb edən kəşfiyyat planını üzə çıxarmaq, qarşısını almaq, üstəlik, əks həmlə etmək heç kimə zarafat gəlməsin. Hər şeydən öncə bunu Azərbaycanın xarici kəşfiyyata qarşı hərəkət, həmlə etmə qabiliyyəti, böyük uğuru kimi dəyərləndirirəm. Baş verənlər Fransa kəşfiyyatının uğursuzluğu və fiaskosudur, əlaqələrin tamamilə qopmasına səbəb ola biləcək hadisədir”.

Ekspertin sözlərinə görə, rəsmi Bakı Parislə münasibətlərdə çox diqqətli davranmalı, qarşı tərəfin öz məqsədini, niyyətini bəlli etməsinə nail olmalıdır:

“Əlbəttə, dövlətlər arasında rəqabətin, mübarizənin olması mümkündür. Ancaq vəziyyəti belə təhlükəli hala gətirmək böyük bir inamsızlıq doğurur, həm də AB ilə enerji sahəsində olan əlaqələr üçün risk təşkil edir. Məsələ yalnız Azərbaycan və Fransa ilə bitmir, eyni zamanda Türkiyəni və demək olar ki, ətrafımızdakı bütün ölkələri də maraqlandırır. Əlbəttə, aidiyyəti orqanlar Fransanın kirli planlarına qarşı lazımi cavabı verib və verəcək. Bununla bərabər Azərbaycanın qarşı tərəfə nota verməsi və iki fransız diplomatı “persona non grata” (arzuolunmaz şəxs) elan etməsi çox doğru addımdır. Dövlətin gücünü, ev və söz sahibinin kim olduğunu əyani şəkildə gördülər. Özünə hörmət edən bütün dövlətlər belə addım atır”.

Qeyd edək ki, 21 dekabrda DTX-nın ölkəmizdə Fransanın casus şəbəkəsini üzə çıxardığı haqqında məlumat yayılıb. Eyni zamanda dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib. Səfirliyin iki diplomatı isə “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” elan olunub. Onlara ölkəmizi tərk etmələri üçün 48 saat vaxt verilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678