Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya sülhməramlılarının missiyası: Xəritə cızmaqmı, erməni silahlılarını tərksilah etməkmi? – ŞƏRH

135 Baxış

10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, eləcə də, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bağlanan birgə bəyanatın 3-6-cı bəndlərində sülhməramlılarla bağlı müddəalar var.

Bəndlərdən birində 1960 nəfərdən ibarət Rusiya sülhməramlılarının vəzifəsi dəqiq göstərilib.

Bir daha xatırladaq ki, Rusiya sülhməramlılarının vəzifəsi Dağlıq Qarabağ ərazisində təhlükəsizliyi təmin etməkdir. Onların işi bəyanatın müddəalarından irəli gələn bizə təhvil verilməli olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından ermənilərin boşaldılması ilə kifayətlənmir. Həmçinin, Xankəndiyə və digər Dağlıq Qarabağ ərazilərinə Ermənistandan əhalinin köçürülməsində yaxından iştirakı da istənilən ordu komandanı icra edə bilər.

Əslində, onların qarşılarında duran əsas vəzifə dekabrın 1-dən (Laçının təhvil verilməsi ilə paralel) etibarən Rusiya sülhməramlıları ermənilərin əlində olan Dağlıq Qarabağ ərazilərində təhlükəsizliyi artırmağa çalışmalı idi. Bunun üçün 23 müşahidə postu qurulsa da, son hadisələr onu göstərir ki, sülhməramlılar işinin öhdəsindən layiqincə gələ bilmir.

Dünən Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı birgə açıqlamadan məlum olur ki, Azərbaycanın işğaldan azad etdiyi Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə qalmış, “partizanlıq” fəaliyyəti ilə məşğul olan bəzi erməni silahlı birləşmələri hərbi xidmət göstərən Azərbaycan ordusuna qarşı terror-təxribat və diversiya əməlləri törədib.

Bunun üçün iki fakt sadalanıb. Atəşkəsdən heç bir ay keçməmiş – noyabrın 26-da Xocavəndin Sor kəndinə (Oktyabrın 9-da Hadrut qəsəbəsi ilə eyni gündə azad edilib – S.M.) edilmiş hücum nəticəsində üç hərbi qulluqçumuz öldürülüb, iki nəfər yaralanıb. 

Daha sonra dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı bir hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Qeyd olunanları nəzərə alaraq, DTX həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb. Yəni bütün bu təxribatın qarşısının alınması Azərbaycan hərbçilərinin və ya hüquq-mühafizə orqanlarının tam təbii hüququ kimi atəşkəsin pozuntu sayıla bilməz.

Lakin təəssüfləndirici məqam odur ki, ermənilərin əlində olan Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərindən (Şuşa rayonunun cənubunda yerləşir – S.M.) Azərbaycan əsgərlərinə və mülki şəxslərə hücum edilsə də, Rusiya sülhməramlıları erməniləri zərərsizləşdirmə prosesində fəallıq nümayiş etdirə bilməyiblər.

Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir.

Bunun əvəzində Rusiya Müdafiə Nazirliyi həmin ərazilərin sülhməramlıların nəzarətində olduğunu bildirən xəritə paylaşıb. Sual doğurur: əvvəl bu ərazilər niyə sülhməramlıların nəzarətində olan məntəqələr kimi göstərilmirdi? Nəzarətində olan ərazi idisə, niyə vaxtında erməni silahlı birləşmələri tərksilah edilərək zərərsizləşdirilmirdi və ya həmin ərazilərdən qovulmurdu?

Buradan belə məntiqə gəlmək mümkündür ki, Rusiya sülhməramlılarının işi gözlənildiyi kimi deyil. Barışı təmin etməli olan sülhməramlılar gündə bir xəritə cızmaqla, Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb olur. Bu isə Rusiya sülhməramlılarına olan etibarın cəmiyyətdə itməsinə gətirib çıxarır.

Görünən odur ki, Rusiya sülhməramlıları əraziyə bələd olmamağın acısını çəkir. Bələdçi lazımdırsa, Azərbaycan tərəfi bunu sevə-sevə icra etməyə hazırdır. Xatırlayırsınızsa, birgə bəyanat imzalandığı günün ertəsi Rusiya Müdafiə Nazirliyi ilk xəritəsini ictimaiyyətə yaymışdı. Onda da Azərbaycan ictimaiyyəti bu xəritə ilə çaş-baş salınmışdı.

Belə ki, xəritədə Kəlbəcər və Laçından fərqli olaraq, Ağdam rayonu sülhməramlıların nəzarət edəcəyi ərazi kimi göstərilmişdi. Həmin xəritədən belə başa düşülürdü ki, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilsə də, Ağdam ermənilərin əlində qalacaq.

Bütün bunlar Rusiyada hələ də bəzi siyasi qüvvələrin Ermənistana meyilli olmasını göstərir. Gürcüstan, Ukrayna, Moldova kimi MDB ölkələrində reallaşdırılmış çirkin oyunlar indi də Azərbaycan üzərində icra edilməyə çalışılır.

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiyanın danışıqlar prosesində səmərəsiz fəaliyyəti hələ də unudulmayıb. Eləcə də, Ermənistanın Rusiya tərəfindən heç bir pul tələb etmədən silahlandırılması da cəmiyyətimiz tərəfindən yaddan çıxarılmayıb.

Noyabrın 10-dan sonra Bakı küçələrinə çıxan insanlar Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Rusiyanın bayrağını da qaldırıb. Bu, həmin ölkəyə olan inamı və bir təşəkkür borcunu göstərən böyük bir faktordur. Həmin inamı itirməmək üçün Rusiya sülhməramlıları bəyanatda nəzərdə tutulan öhdəliyini dəqiq və dürüst şəkildə icra etməyə borcludur.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678