Paşinyan Rusiya səfiri ilə Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

11 Baxış
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın səfiri Sergey Kopırkin ilə Qarabağ nizamlanmasını müzakirə edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Baş nazir son illər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin dinamik olduğunu qeyd edib və əlavə edib ki, bunda Rusiya səfirliyinin rolu böyükdür.

Paşinyan, həmçinin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri ilə vaxtaşırı görüşlərin və ATƏT-in Minsk Qrupunun həmsədrliyinin formatının vacibliyini vurğulayıb.

Öz növbəsində, Sergey Kopırkin səfirliyin fəaliyyətini qiymətləndirdiyinə görə baş nazirə təşəkkür edib və qeyd edib ki, onların məqsədi ikitərəfli müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da inkişafına kömək etməkdir.

Tərəflər ikitərəfli münasibətlərin gündəliyinə, Qarabağ münaqişəsinin həllinə və Cənubi Qafqazdakı proseslərə toxunublar.

Xatırladaq ki, Azərbaycan lideri İlham Əliyevin Brüssel şəhərində Paşinyanla görüşündə və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuata açıqlamasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqda fikir səsləndirilməyib. Paşinyanın rusiyalı səfirlə onu qabartması yalnız daxili auditoriyaya yüklənmiş “növbətçi bir mesajdır”.

Qarabağ münaqişəsi isə çoxdan həll olunub. Bu barədə Prezident İlham Əliyev dəfələrlə fikir səsləndirib.